Əsas Səhifə > Partiya, Güney Press > “Laçın dəhlizinə görə kimsə Azərbaycana təzyiq edə bilməz”
“Laçın dəhlizinə görə kimsə Azərbaycana təzyiq edə bilməz”3-08-2023, 15:43 |
“Azərbaycan beynəlxalq hüquqla təsbit edilən müstəqil və suveren dövlətdir. Azərbaycan öz ərazisində suveren addımlar atmaq, sərhəd qapısı açmaq və bağlamaq hüququna malikdir. Bundan başqa, beynəlxalq hüquqda həm də suverenliyin bərabərliyi hüququ var. Başqa sözlə, böyük dövlətlərin suverenlik baxımından hansı hüquqları varsa, biz də eyni hüquqlara malikik. Qısası, indi Laçın sərhəd-keçid məntəqəsi ilə bağlı Azərbaycana edilən təzyiqlər əsassızdır və olduqca cılızdır. Azərbaycan hüquqla haqqı olduğundan bu cür də davam etməlidir”. DİA.AZ bildirir ki, bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. S. Cəlaloğlu əlavə edib ki, ərzaqla doldurulmuş 20 yük avtomobili Laçın sərhəd-keçid məntəqəsinin qarşısında gözləyə bilər, amma son qərarı Azərbaycan tərəfi verəcək: “Açığı, ermənilər çox cılız aksiyalar keçirir, guya bununla Azərbayana qarşı kampaniya aparırlar. Düşünürlər ki, Azərbaycan bu təzyiqlərə boyun əyə bilər. Amma belə bir şey yoxdur və olmamalıdır. Niyə Azərbaycan bu təzyiqlərin qarşısından çəkilməlidir? Əvvəla Azərbaycan beynəlxalq hüquqla doğru olanı edir, ərazisində suveren addımlar atır. Buna görə kimsə Azərbaycan dövləti qarşısında məsələ qaldıra, tələb irəli sürə bilməz. Odur ki, indi hər şey Azərbaycan dövlətininn iradəsindən və sistemli davranışından asılıdır. Ümid edirəm ki, proseslərə indiki kimi davam edəcəyik”. ADP sədrinin deyib ki, indiki halda Azərbaycan doğru mövqe tutub və dövlət başçısının apardığı xətt maraqlarımızın müdafiəsi baxımından qüsursuzdur. “Laçın dəhlizindən həmin yüklərin keçməsinə icazə vermək olmaz! Biz belə davam etməli, paralel olaraq alternativ yol təklif etməliyik. Eyni zamanda, əgər Xankəndi şəhərində humanitar problem yaranarsa, Azərbaycan dövləti müvafiq addımlar atmalı, təminatı həyata keçirməli, oradakı əhalini sosial qayğı altına almalıdır”, - deyən S. Cəlaloğlunun fikrincə, indiki halda ermənilərin “humanitar böhran” görüntüsü yaratmaqda bir məqsədləri var -Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiyasına imkan verməmək, onları Azərbaycana qarşı kökləmək. Yəni, bununla həm də Qarabağdakı ermənilərin Azərbaycan ilə dialoqa başlamasının, pensiya və sosial təminatlardan yararlanmalarının qarşısını alırlar. S. Cəlaloğlu hesab edir ki, ermənilərin hərəkəti demoqogiyadan başqa bir şey deyil: “Əvvəla, Azərbaycan müharibədə qalib gəlib, eləcə də Türkiyənin dünyada rolu getdikcə artır. Həmçinin dünyanın hamısı artıq erməni şərini müdafiə etmir. Hətta Rusiyada da ermənilərə ikili münasibət var və problemlər görünür. Eyni zamanda Türkiyə Cənubi Qafqazda aparıcı ölkələrdən biridir və onun icazəsi olmadan kimsə şərtləri dəyişdirə bilməz. Düşünürəm ki, Ermənistanın ən yaxşı perspektivi qanun çərçivəsində Azərbaycanla əməkdaşlıq etməkdən, sülh sazişindən keçir”. Partiya sədri Xankəndi şəhərindəki erməni icması nümayəndələrinin Yevlax şəhərində Azərbaycan rəsmiləri ilə görüşü haqda yayılan məlumatları da şərh edib: “Qarabağ, Xankəndi Azərbaycan ərazisidir. Burada üçüncü tərəflərə ehtiyac yoxdur. Azərbaycan hökuməti görüşü harada istəsə, orada keçirə bilər. Təbii ki, mən ölkə daxilini nəzərdə tuturam. Xankəndidəki ermənilərlə ikinci ölkədə görüş qətiyyən yolverilməzdir və rəsmi Bakı da bu kimi təklifləri qəbul etmir. Mənim şəxsi fikrim budur ki, ermənilərlə yalnız Bakıda görüşmək və müzakirələr aparmaq lazımdır. Onlar Bakıda görüşdən imtina edir, guya paytaxta gəlmələrini boyunəymə kimi qəbul edirlər. Amma biz də görüşün daha çox Bakıda keçirilməsinə çalışmalıyıq”. Geri qayıt |