Əsas Səhifə > Partiya, Güney Press > Bakı ermənilərə ən yaxşı seçimi təklif edib

Bakı ermənilərə ən yaxşı seçimi təklif edib


4-08-2023, 07:53
Bakı ermənilərə ən yaxşı seçimi təklif edib
Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində Qarabağ ermənilərinə çağırış edib. Ölkə başçısı bildirib ki, Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşayacaqlar: "Onlar manipulyasiyanın girovu olmağa son qoyacaqlar. Həmçinin onlar başa düşməlidirlər ki, bizi saymamağa davam etsələr, bizim mövcud olmadığımız kimi davranmağa davam etsələr və ya “prezidenti”, “nazirləri”, “parlamentariləri” olan qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək. Bütün bunlar yalandır". Prezident diqqətə çatdırıb ki, Azərbaycan dövləti ermənilərə normal həyat təklif edir: "Düşünürəm ki, onlar mənə qulaq assalar, başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm".
DİA.AZ-ın məlumatına görə, dövlət başçısının Qarabağda yaşayan erməni əsilli vətəndaşlara çağırışını "Sherg.az"a dəyərləndirən millət vəkili Aydın Mirzəzadə deyib ki, Prezident İlham Əliyev Azərbaycan xalqının lideri kimi ölkə Konstitusiyasına uyğun olaraq dövlətin mövqeyini ortaya qoydu. Deputatın sözlərinə görə, Azərbaycan ərazisində ölkə qanunlarından kənarda hansısa ərazinin, yaxud toplumun yaşaması qeyri-mümkündür: "Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal etmişdi deyə dövlətimiz orada öz suveren hüquqlarını tətbiq edə bilmirdi. Torpaqlarımız işğaldan azad olunandan sonra Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazimizdə yaşayan ermənilərin taleyi hər zaman dövlətimizin diqqətində olub. Dəfələrlə vurğulanıb ki, onlar Azərbaycan vətəndaşlarıdır. Onların təhlükəsizliyi, təminatı, sosial problemlərinin həlli, hüquqlarının qorunması təmin olunacaq. Azərbaycanda ermənilərdən daha çox olan digər etnik qruplar var ki, onların öz dilində məktəbləri, dini məbədləri, kitabları və s. mövcuddur. Ermənilərə də növbəti dəfə təklif edir ki, Azərbaycan qanunlarına uyğun yaşamağı qəbul etsinlər və həmin hüquqlara sahib olsunlar. Ona görə də burada söhbət reinteqrasiyadan gedir. Həmin insanlar vaxtı ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olublar. Qarabağda yaşayan ermənilər separatçı qurumun rəhbərlərinin təxribatlarına uymaqla özləri üçün ciddi problemlər yaradırlar. Onlar gələcəklərinə özləri qərar verməlidir. Ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, yaxud ölkəmizi tərk etməlidirlər. Dövlətimizlə hüquqi münasibətləri olmayan toplum ölkə ərazisində yaşaya bilməz. Bütün dünya ölkələrində bu, belədir. Azərbaycan dövlətinin mövqeyi konkret və ünvanlı bildirildi. İndi seçim ermənilərindir".

Geri qayıt