Əsas Səhifə > Partiya, Güney Press > Bütün partiyalar qeydiyyata alınsa...
Bütün partiyalar qeydiyyata alınsa...9-08-2023, 05:51 |
Bütün partiyaları ilkin mərhələdə Ədliyyə Nazirliyində rəsmən qeydə almaq lazımdır. Sonra da hamısını azad və ədalətli seçkiyə buraxmaq. Kim barajın altında qaldısa, qeydiyyatını itirmiş sayılsın, rəsmi protokoldan və maliyyələşmədən kənarda qalsın. Siyasi partiya üçün ən yaxşı meyar, seçkilərin nəticələridir. İndi isə partiya üzvlərini ədliyyə məmurları sayır. Bu, nə dərəcədə doğrudur? Partiyanın gücü üzvlərin deyil, seçicilərin sayı ilə ölçülməlidir. Seçici haqqında məlumatlar isə onsuz rəsmi olaraq toplanır və seçici siyahılarında əks olunur. Xüsusi olaraq, qeydiyyata ehtiyac qalmır. Nəticədə seçici onsuz da seçki məntəqəsinə şəxsiyyətini təsdiq edən sənədlə gəlir. Seçkilərdə barajı keçə bilməyən partiya avtomatik olaraq ləğv edilmiş olacaq. Barajı keçə bilənlər isə, qeydiyyatını uzatmış sayılacaq. Artıq kiçik partiyalardakı insanlar da böyük partiyalara keçəcək. Partiyalar böyüyəcək. Ölkədə bir neçə siyasi partiya qalacaq və siyasi mübarizə üstün standartlarda aparılacaq. Özünüz düşünün: hazırda parlamentdə təmsil olunan və dövlətdən maliyyələşən əksər partiyaların bir və ya ən yaxşı halda iki deputatı var. 125 yerlik parlamentə cəmi bir, ya da iki mandat əldə etmiş partiyanın bu ölkənin siyasi sistemində nə işi var?! Deputat olanların hamısı da partiyanın sədrləridir. Lap tutaq ki, o partiyanın elə rəsmi qeydiyyata tələb olunan qədər - 5 min nəfər üzvü var. Belə çıxır ki, o beş min adam bu bir nəfərə mandat əldə etməkdən ötrü ora yığışıb. Beş min adam bir və ya lap iki nəfərin öz sosial problemlərini həll etməsi, zirəkdirsə, özünə, ailəsinə biznes qurması və öz maraqları naminə nüfuz alverinə qurşanması üçün o partiyaya yığışıb. Üstəlik, hələ guya müxalifət adından Milli Məclisin sədr müavini, komitə sədri və ya müavini olanlar var. Kommunist partiyası tarixi üzrə "professor", kolxoz quruculuğundan dissertasiya yazıb guya "alim" olmuş, heç bir siyasi mübarizə epizodu ilə yadda qalmamış Fəzail İbrahimli hansı məntiqlə, ən əsası hansı haqla "ana müxalifət"i təmsilən vitse-spiker postuna təyin edilib?! Dövlətin ayırdığı xidməti avtomobildən, sürücüdən istifadə edir. 10 min manata qədər maaş alır. Başqa imtiyazlarını heç demirik. Parlamentdə müxalifət var ki, onu hələ bir "ana" və "bala" deyə təsnifləşdiriblər?! Ölkədə siyasi islahat aparmağın ən düzgün və qısa yolu azad və ədalətli seçkilər keçirməkdir. O zaman kimin əslində hansı gücü təmsil edib-etmədiyi gün kimi ortada olacaq. Bahəddin Həzi, Bizimyol.info Geri qayıt |