Əsas Səhifə > Partiya, Güney Press > Müsavatda başqan postuna iddialılar var
Müsavatda başqan postuna iddialılar var12-02-2014, 14:04 |
Müsavat Partiyasının VIII qurultayı mayın 24-də keçiriləcək. Qurultaya yer ayrılması üçün partiya artıq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Partiyanın Nizamnaməsinə uyğun olaraq, eyni şəxs Müsavat başqanı postuna iki dəfədən artıq namizədliyini irəli sürə bilmədiyi üçün partiyanın başqanı İsa Qəmbər postunu təhvil verməli olacaq. Bəs, kimlər başqan postuna iddialıdır? Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya açıqlamasında deyib ki, Müsavat başqanlığına namizədliyini irəli sürmək barədə məsləhətləşmələrdən sonra qərar verəcək. Onun sözlərinə görə, Müsavat Partiyasının bundan sonrakı fəaliyyəti üçün başqanlığa namizədliyi daha səmərəli olarsa, namizədliyini irəli sürəcək: “Bu mövzu bir azdan daha da aktuallaşacaq. Mən bu məsələ ilə əlaqədar ilk növbədə Müsavat Partiyasının rəhbərliyinə daxil olan şəxslər, rayon təşkilatları ilə müzakirələr apardıqdan sonra qərar verəcəyəm. Namizədliyimi irəli sürəcəyimi istisna etmirəm”. Partiya başqanının müavini Gülağa Aslanlı da APA-ya deyib ki, başqanlığa namizəd ola bilər: “Bakı Şəhər İcra Hakimiyyəti bizə qurultay üçün yer verəcəksə, Müsavat Partiyasının nizamnaməsinə uyğun olaraq, namizədliyin irəli sürülməsi üçün zaman elan olunacaq. Belə olan halda təbii ki, hər bir müsavatçı öz namizədliyini irəli sürə bilər. Konkret olaraq, mənim namizədliyimə gəldikdə, hər şey zamandan asılıdır, bu gün mən bunu istisna etmirəm”. Partiya Divanının üzvü Tural Abbaslı da APA-ya bildirib ki, hazırda başqanlığa namizədliyini irəli sürmək fikrindədir, onun bu fikri bir çox gənc tərəfindən dəstəklənir: “İsa Qəmbər partiya daxilindəki tələblərə baxmayaraq, Nizamnaməyə uyğun başqanlıqdan getmək niyyətindədir. Belə olan halda təbii ki, yeni namizədlər olacaq. Bu gün Müsavat Partiyası başqanlığına namizəd olmaq, üstünlükdən daha çox, məsuliyyət tələb edir. Mənim də fikrim var ki, Müsavat başqanlığına namizədliyimi irəli sürüm. Bu niyyətim eyni zamanda gənclərimizin tələb və təklifidir. Yəqin ki, bunlar dəyərləndiriləcək və namizədliyimi irəli sürəcəyəm”. Geri qayıt |