Əsas Səhifə > Partiya, Güney Press > İqtidarımız müxalifətimizdən daha demokratdır...

İqtidarımız müxalifətimizdən daha demokratdır...


25-08-2023, 09:58
İqtidarımız müxalifətimizdən daha demokratdır...
Mən Azərbaycanda nadir insanlardanam ki, lazım bildiyim vaxt həm iqtidarla, həm də müxalifətlə görüşürəm və bunu heç kimdən gizlətmirəm. Çox vaxt bu görüşlərdən fotolarımızı da paylaşıram.
Mənim üçün MİLLƏT və DÖVLƏT anlayışı, iqtidar və müxalifət anlayışlarından çox-çox öndədir.
Nə iqtidarın qarşısında gözükölgəliliyim var, nə müxalifətin.
Nə iqtidarın qarşısında öhdəliyim var, nə müxalifətin.
Nə iqtidardan maddi, siyasi və s. mənada bir asılılılığım var, nə müxalifətdən.
Nə iqtidardan bir umacağım var, nə müxalifətdən.
Hər iki tərəfdə çox dəyərli və çox dəyərsiz şəxslər var.
Mən hər iki tərəfdəki dəyərli şəxsləri ÖZ İNSANIMIZ sayıram.
Fəqət... bir şey var ki, mən müxalifətlə görüşəndə, bu görüşlərdən şəkillər paylaşanda, bir də iqtidarı tənqid edəndə indiyə qədər bir dəfə də olmayıb ki, mənə iqtidar cinahından, ordakı dostlarım tərəfindən ən xırda bir irad, ən kiçik bir giley bildirilsin.
... amma, iqtidarla görüşəndə, bu görüşlərdən hər hansı bir şəkil paylaşanda və bir də müxalifəti sağlam və qərəzsiz bir şəkildə bir balaca tənqid edəndə dərhal müxalifətdəki bir çox dostlar və "dost"lar tərəfindən qınaq, ittiham, böhtan, hətta bəzən şəxsiyyət terroruna qədər varan iftiralarla qarşı-qarşıya qalıram : "Neçəyə satıldın?", "Deyəsən Azərbaycana gələndə öhdəlik götürürsən", İngilis bayrağı kimi ga o tərəfə, gah da bu tərəfə əsirsən" və sairə və ilaxır...
Müxalifətdəki dostlarım yenə inciyəcəklər, amma dəfələrlə şəxsən qarşılaşdığım bu cür mənzərədən sonra təəssüflə gəldiyim qənaət budur ki, iqtidarımız müxalifətimizdən daha dözümlü, daha tolerant, hətta daha demokratdır...

Zaur Bayramlı - DİA.AZ

Geri qayıt