Əsas Səhifə > Partiya, Güney Press > Azərbaycan öz ərazisində nəzarəti tam olaraq əlinə götürməlidir

Azərbaycan öz ərazisində nəzarəti tam olaraq əlinə götürməlidir


27-08-2023, 07:26
Azərbaycan öz ərazisində nəzarəti tam olaraq əlinə götürməlidir
"Nikol Paşinyan beynəlxalq ictimaiyyətə göstərir ki, guya İrəvan sülh tərəfdarıdır". DİA.AZ bildirir ki, bunu Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. Partiya rəhbəri bildirib ki, İrəvanın sülh təklifləri rəsmi Bakı tərəfindən qəbul oluna bilməz. Paşinyan da bunu yaxşı bilir və fərqindədir ki, onun təklifləri heç bir halda qəbul edilməyəcək: "Azərbaycanın konkret 5 əsas şərti var və bunlar da beynəlxalq prinsiplərə əsaslanır. Ermənistan məğlub tərəf kimi qalib Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətindədir. O da məlumdur ki, İrəvan hökumətinin sözü ilə əməli üst-üstə düşmür. Mütəmadi olaraq görürük ki, Ermənistan tərəfindən ardıcıl təxribatlar törədilməkdədir. Xüsusən, son dövrlərdə ermənilər daha çox aktivləşib. Azərbaycana xəbərdarlıq edilmədən şərti sərhədlərə "humanitar yardım" adı altında yük maşınlarının gətirilməsi, məsələnin BMT-yə daşınması, xarici ölkələrin prosesə cəlb edilməsi, həm sərhəddə, həm də Qarabağda təxribatlara əl atılması da sübut edir ki, İrəvan sadəcə sözdə "sülh tərəfdarıdır". Əslində isə İrəvan sülh danışıqlarının mümkün qədər uzanmasını, prosesin qeyri-müəyyən şəkildə davam etməsini istəyir və revanş niyyəti güdür".
A.Əlizadə vurğulayıb ki, rəsmi Bakı İrəvan hökumətinin addımlarını mütləq mənada diqqətə almalıdır: "Ermənistan baş nazirinin, onun rəsmilərinin, eləcə də separatçıların nazı ilə çox oynamağın vaxtı bitib. Çox sərt addımlar atmalıyıq. Azərbaycan öz ərazisində nəzarəti tam olaraq əlinə götürməli, Qarabağı erməni silahlı qüvvələrindən, separatçılardan təmizləməlidir. Əks halda Ermənistan sülhə yaxın durmayacaq və təxribatlara davam edəcək".
Geri qayıt