Əsas Səhifə > Partiya, Güney Press > "Bunda şimal qonşumuz maraqlıdır"

"Bunda şimal qonşumuz maraqlıdır"


29-08-2023, 08:53
"Bunda şimal qonşumuz maraqlıdır"
44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən sonra Azərbaycan olan münasibət də dəyişildi.

Azərbaycan dünya ölkələri üçün həm cazibədar ölkəyə, həm də bir sıra dövlətlər üçün hədəfə çevrildi. Söhbət ondan gedir ki, Azərbaycanın haqlı mübarizəsində qazandığı qələbəni həzm edə bilməyən ermənipərəst güclər Azərbaycana qarşı düşmən münasibət göstərməyə başladı.

Bütün hallarda Azərbaycan qalib ölkədir və münasibətindən asılı olmayaraq regionda var olmaq istəyən istənilən güc rəsmi Bakı ilə hesablaşmaq məcburiyyətindədir.

Nə qədər qəribə görünsə də, Azərbaycan qazandığı qələbəni həm də dünyaya sübut etmək məcburiyyətində qalıb. Prezident İlham Əliyev də 26 avqust tarixində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxışında bu məqama toxunub.

Prezident vurğulayıb ki, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq Qələbəni əldə etmişik və gücümüzü göstərmişik:

“Müharibədən sonra keçən 3 ilə yaxın müddətdə də bunu sübut etməyə məcburuq. Çünki bizə qarşı aparılan kampaniya, çirkin təbliğat bizim iradəmizə təsir edə bilməz, bizi yolumuzdan döndərə bilməz. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə”.

Postmüharibə dövründə Azərbaycanın diplomatik gedişləri, aparılan uğurlu siyasət bir daha göstərdi ki, rəsmi Bakının bu məsələlərdə mövqeyi qətidir və konkret olaraq özünün tərtib etdiyi şərtlər çərçivsində siyasət yürüdür.

DİA.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya danışan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə deyib ki, Qarabağ 30 ilə yaxın işğal altında qaldı və bu müddət ərzində beynəlxalq aləm Azərbaycana qarşı ikili standartlar tətbiq etdi:

“BMT Təhlükəsizlik Şurası 4 qətnamə çıxardı, Avropa Şurası Parlament Assambleyasının bir sıra qərar və qətnamələri oldu, amma faktiki olaraq heç biri icra olunmadı. Eyni zamanda, beynəlxalt təsisat olan ATƏT-in Minsk Qrupu adı altında ABŞ, Fransa və Rusiya həmsədrləri güya vasitəçilik missiyası həyata keçirərək Qarabağın işğaldan azad olunması, bölgədə sülh və sabitliyinin bərqərar olması istiqamətində fəaliyyət göstərdilər.

Əslində isə fəaliyyətsizlikləri ilə Azərbaycanın işğal altında olan ərazilərinin gələcəkdə ermənilərin xeyrinə rəsmiləşdirilməsi istiqamətində addımlat atdılar. Yəni bu haqsızlığı, ədalətsizliyi 30 il ərzində öz üzərimizdə hiss etmişik. Nəhayət, öz gücümüzlə toparlandıq və torpaqlarımızın əhəmiyyətli hissəsini işğaldan azad etdik, bu da bir sıra düşmənlərimizi, bölgədə iqtisadi, siyasi və hərbi maraqları olan gücləri narazı salıb”.

Partiya sədri əlavə edib ki, bu gün də bölgədə gərginliyin olmasında maraqlı olan tərəflər var:

“Açıq desək, bunda şimal qonşumuz maraqlıdır, çünki gərginlik olduqca, onun bölgədə mövcudluğu mümkün olur. Eyni zamanda, cənub qonşumuz bizə din qardaşı desə də, ermənilərlə daha yaxın münasibətdədir və illər ərzində haqlı tərəf olan Azərbaycanın deyil, işğalçı Ermənistanın yanında olub. Digər tərəfdən, ermənilərə hər zaman havadarlıq edən və 44 günlük müharibədən sonra bunu açıq müstəviyə keçirən Fransa və onun ətrafında olan güclərdir ki, onlar da ermənilərə dəstək verir. Bütün bunlar isə özlərinin maraqları çərçivəsində ermənilərdən istifadə uğrunda mübarizədir.

Bunlarında kökündə türk düşmənçiliyi və xristian təəssübkeşliyi də var ki, bunu da gözardı etməməliyik. Amma Azərbaycan Prezidentinin də dediyi kimi, biz qələbə qazanan tərəfik, torpaqlarımızı özümüz işğaldan azad etmişik. Müəyyən işlər var ki, onları da sona çatdırmalı və ərazilərimizdə nəzarətimizi tam bərpa etməliyik.

Bu məsələdə isə Azərbaycanın qarşısına çıxa biləcək elə bir güc yoxdur. Azərbaycan qardaş Türkiyə ilə birlikdə regionun söz və güc sahibinə çevrilib. Biz güc və söz sahibi, qalib tərəf olaraq beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməklə öz ərazilərimizə nəzarəti tam bərpa edəcəyik”.

Geri qayıt