Əsas Səhifə > Partiya, Güney Press > “Bu tarixi sənədlə biz dövlət olaraq kursumuzu müəyyənləşdirdik…”

“Bu tarixi sənədlə biz dövlət olaraq kursumuzu müəyyənləşdirdik…”


30-08-2023, 15:37
“Bu tarixi sənədlə biz dövlət olaraq kursumuzu müəyyənləşdirdik…”
30 avqust bütün Türk dünyası kimi, Azərbaycan üçün də qardaş Türkiyənin Zəfər Bayramı, yəni 1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan bir savaşın 30 avqustda Dumlupınarda qələbə ilə bitməsinin 101-ci ildönümü olmaqla yanaşı, daha bir tarixi günlə əlamətdardır... Düz 32 il öncə - 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Soveti Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul edib...

DİA.AZ xəbər verir ki, o, taleyüklü sənədin qəbulunda bir millət vəkili kimi iştirak etmiş və Milli azadlıq hərəkatının tanınmış öncüllərindən biri kimi xalqımızı, hökumətimizi o günə gətirən yolda yetərincə əməyi olan Klassik Azərbaycan Xalq Cəbhəsinin sədri Mirmahmud Mirəlioğlu Moderator.az-a açıqlamasında həmin tarixi gün haqqındakı təəssüratlarını nəql edib.

“Şərəfli günlər idi. Bütövlükdə... O vaxt bizim payımıza parlamentdə olmaq düşmüşdü. Həmin bəyannamənin qəbulu az sonra -1991-ci il oktyabrın 18-də Müstəqillik haqda Konstitusiya Aktının qəbulu yolunda həlledici addımlardan biri idi. Bu bəyannamə ilə, bu tarixi sənədlə biz dövlət olaraq kursumuzu müəyyənləşdirdik… Bizim də bir vətəndaş olaraq payımıza Azərbaycan milli azadlıq hərəkatında iştirak etmək və istiqlalçı millət vəkili olmaq düşdü. Şərəfli günlər idi… Müstəqillik uğrunda mübarizə aparanların hamısı bir arada idi. Hamının məqsədi eyni idi… Fəqət, təəssüflər olsun ki, ondan sonrakı dövlərdə ard-arda ayrılmalar, parçalanmalar, ümummilli faciələr, torpaq itkiləri yaşandı. Çox təəssüflər... Bütün bunlara rəğmən o günlər, ümumiyyətlə, 80-ci illərin sonu, 90-cı illərin əvvəlləri Azərbaycanın çağdaş tarixinin ən şərəfli günləri olub" -deyə partiya sədri bildirib.

Milli azadlıq hərəkatı öncülü Zəfər bayramı münasibətilə qardaş Türkiyə xalqına da təbriklərini çatdırmağı unutmayıb.

"Təbii ki, 30 avqust tarixinin Azərbaycan üçün əlamətdarlığındən danışarkən eyni tarixin çağdaş dünyamızda, Türk dünyasında çox önəmli daha bir möhtəşəm olayla yaddaşlara həkk olunduğunu xatırlatmamaq mümkün deyil. Bu gün həm də Türkiyə Cümhuriyyətimizdə Zəfər bayramıdır – bu Türk dövlətinin işğalçı düşmənləri üzərində tarixi qələbəsinin 101-ci ildönümüdür. Bununla bağlı Türkiyədəki qardaşlarımızı da təbrik edirəm. Nə mutlu bizə ki, Allah qismət elədi, bu Qələbənin, bu Zəfərin 100-cü, 101-ci ildönümünü də yaşadıq...

Onu da qeyd edim ki, bir neçə aydır ki, heç bir media qurumuna açıqlama, müsahibə verməmişəm. Bu son müddət ərzində ilk açıqlamadır ki, Moderator.az-a verirəm”- deyə istiqlalçı millət vəkili vurğulayıb.

Geri qayıt