Əsas Səhifə > Partiya, Güney Press > "Bu məntiqlə Xankəndidə hər şey qaydasındadır, sadəcə, oyun oynanılır"
"Bu məntiqlə Xankəndidə hər şey qaydasındadır, sadəcə, oyun oynanılır"31-08-2023, 08:26 |
“Azərbaycan Qarabağda öz vətəndaşlarına yardım edir və doğru iş görür. Ümumiyyətlə, Azərbaycan bəyan etməlidir ki, öz ərazisi olan Qarabağda ortaya çıxan bütün problemləri həll etmək gücündədir və onun ərazisinə xüsusi məqsədlə humanitar yardımlara ehtiyac yoxdur. Yox, əgər kimsə humanistlik edərək yardım göstərməkdə israr edirsə, bu, yalnız Azərbaycan ərazisindən ola bilər. O cümlədən Azərbaycanda fəaliyyət göstərən Qırmızı Xaç Komitəsi və Qızıl Aypara Cəmiyyəti vasitəsilə. Bunun xaricindəki bütün davranış və addımlar qərəzli məqsəd daşıyır”. DİA.AZ bildirir ki, bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Partiya sədri əlavə edib ki, Azərbaycanın humanitar yük aparan avtomobillərinin qarşısını Rusiya sülhməramlıları kəsibsə, deməli, Xankəndi və ətrafında humanitar problem yoxdur, sadəcə, ermənilər “humanitar böhran” görüntüsü yaradırlar: “Əgər problem varsa, nədən yardıma icazə verilməsin? Bu məntiqlə Xankəndidə hər şey qaydasındadır, sadəcə, oyun oynanılır”. S. Cəlaloğlu bölgədəki sülhməramlıların fəaliyyətində ciddi qüsur və nöqsanların olduğunu da bildirib: “Yük avtomobillərinin qarşısını rus əsgərlərin kəsməsi ciddi qanun pozuntusudur. Onlar bölgəyə 10 noyabrda imzalanmış üçtərəfli saziş əsasında gəliblər. Məqsəd mümkün hərbi qarşıdurmaya imkan verməməkdir. Yəni müharibə və savaşın qarşısını almaqdır. Amma sülhməramlıların qeyri-hərbi, humanitar və iqtisadi məsələlərə müdaxilə etməsi indiki halda fəaliyyət sferalarını aşmaq və qanunsuz hərəkətdir. Onların buna ixtiyarı yoxdur, bu, həddi aşmaqdır. Hesab edirəm ki, Azərbaycan hökuməti bu məsələni həm beynəlxalq səviyyədə qaldırmalı, həm də Rusiya hökumətinə bu barədə məlumat verməli və ölçü götürülməsini tələb etməlidir”. ADP sədri qeyd edib ki, proseslərin sonu Azərbaycan istəyən kimi olacaq: “Mənim fikrim belədir ki, proseslərin hansı istiqamətdə getdiyini bir qədər gözləmək lazımdır”. S. Cəlaloğlu ehtimal edir ki, Türkiyə bu məsələlərə müdaxilə etdikcə proseslər Azərbaycan istəyən formada həllini tapacaq. Geri qayıt |