Əsas Səhifə > Partiya, Güney Press > "Ən xırda təxribata daha böyük və sərt cavab vermək ehtimalı artır"
"Ən xırda təxribata daha böyük və sərt cavab vermək ehtimalı artır"11-09-2023, 09:02 |
“Azərbaycan ilə Ermənistan arasında vəziyyət gərgindir. Konkret istiqamət də yoxdur, periodik olaraq müxtəlif istiqamətlərdən atəş açılır. İnformativ olaraq hər iki tərəf şərti sərhədə böyük ordu toplayır. Tərəflər bir-birinə etimad etmədiyi üçün tədbirlər görürlər. Amma bir məqam var: sərhəddə ordu nə qədər çox toplanırsa, ən xırda təxribata daha böyük və sərt cavab vermək ehtimalı artır”. DİA.AZ bildirir ki, bunu Reyting.az-a hərbi ekspert Azad İsazadə Azərbaycan-Ermənistan münasibətlərindəki son gərginliyi şərh edərkən deyib. O, diqqəti danışıqlar prosesinə yönəldərək əlavə edib ki, dialoq mühiti səngiyib, danışıqlar demək olar ki, dayanıb: “Düzdür, ötən gün Nikol Paşinyan elan etdi ki, Azərbaycan tərəfi ilə danışıqlara hazırdır, bizim ərazi bütövlüyümüzü tanıyır və s. Amma bunu sadəcə deyirlər, reallıqda danışıqlar vasitəsilə prosesi uzatmaq xətti tuturlar. Azərbaycan da diplomatik olaraq bir qədər yüngülləşib. ABŞ dövlət katibi Blinkenlə müzakirələr aparıb və ona deyib ki, Laçın-Xankəndi və Ağdam-Xankəndi yolunu eyni vaxtda açmağa razılaşa bilərik. Amma ermənilərin buna rekasiyası və cavabı hələlik yoxdur”. A. İsazadənin fikrincə, indi vəziyyət kimin emosiyasının və əsəblərinin daha tez pozulmasından asılıdır və bu halda gərginlik daha da arta bilər: “Təhlükəli vəziyyəti izləyirik və ümid edirəm ki, bu, hərbi qarşıdurmaya keçməyəcək. Amma unutmamalıyıq ki, ermənilər sözümüzü eşitməsə, gec-tez hərbi güc tətbiq etməli olacağıq”. A. İsazadə bildirib ki, Xankəndi şəhərində hansısa proses gedir və bunun əlamətləri açıq görünür: “Məsələn, bir zamanlar Azərbaycan dövlətinə qarşı silah qaldıran, hərbi cani Samvel Babayan həm Ağdam-Xankəndi yolunun açılmasının, həm də danışıqlara başlanılmasının tərəfdarı kimi çıxış edir. Xankəndidə iki mövqe var - Azərbaycanla danışıqlara getmək, problemi həll etmək istəyənlər və bizim oradakı suverenliyimizi qəbul etməyənlər. Hər iki tərəfin də silahlı dəstələri mövcuddur. Odur ki, vəziyyət gərgindir, silahlı qarşıdurma yarana və bundan da ən çox sadə ermənilər əziyyət çəkə bilərlər”. Geri qayıt |