Əsas Səhifə > Partiya, Güney Press > "Deməli, prosesə əngəl törədən tərəf məhz Rusiyadır..."
"Deməli, prosesə əngəl törədən tərəf məhz Rusiyadır..."16-09-2023, 06:50 |
Türkiyədən Zəngəzur dəhlizi ilə bağlı yeni açıqlama gəlib. Belə ki, qardaş ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının Multimodal Nəqliyyat və Logistika Forumundakı çıxışı zamanı Zəngəzur dəhlizi barədə açıqlama verib: “Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı işlərə davam edir, Türkiyə tərəfi də yaxın zamanlarda bu işlərə başlayacaq. Ermənistan ərazisində də Zəngəzur dəhlizi ilə bağlı müəyyən fəaliyyətlər var. Ümid edirəm ki, Azərbaycan, Türkiyə və Ermənistan olaraq bu məsələləri qısa zamanda reallaşdıracağıq”. Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan da ötən gün Zəngəzur dəhlizinin açılmasına “yaşıl işıq” yandırıb. O vurğulayıb ki, Ermənistan regionda nəqliyyat yollarının açılmasının əleyhinə deyil: “Biz Azərbaycanla Türkiyə arasında, eləcə də Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirən yolun Ermənistan ərazisindən keçməsinin tərəfdarıyıq. Biz regional qaz kəmərlərinin, neft kəmərlərinin, elektrik ötürücü xətlərinin Ermənistan ərazisindən keçməsinə qarşıyıq? Xeyr, biz buna qarşı deyilik, əksinə, bu layihələrdə maraqlıyıq. Bütün bunlar Ermənistanın, eləcə də digər ölkələrin suverenliyi və yurisdiksiyası çərçivəsində baş verməlidir”. Bununla da Zəngəzur dəhlizinin artıq reallığa çevriləcəyi bir daha göründü. Aparılan çalışmalar və verilən son bəyanatlar Zəngəzur dəhlizinin tezliklə açılacağını deməyə əsas verir. DİA.AZ-ın məlumatına görə, Azad Vətən Partiyasının sədri Akif Nağı “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, Azərbaycan-Ermənistan şərti sərhədində gərginliyin olduğu bir vaxtda Zəngəzur dəhlizi ilə bağlı müsbət mesajların verilməsi gözlənilməz oldu: “Amma ümumi proses də ona doğru gedirdi. Yəni Zəngəzur dəhlizi açılmalıdır və bu prosesdə də Azərbaycanla Türkiyə fəal şəkidə iştirak etməlidir. Türkiyə tərəfindən Zəngəzur dəhlizi ilə bağlı müsbət xəbər gəldi, Ermənistan rəhbərliyi də buna etiraz etmir. Amma Rusiyanın Baş nazirinin müavini Aleksey Overçukun fərqli bir mövqeyi oldu. O, bu barədə danışıqların aparılmadığını və vəziyyətin gərgin olduğunu dedi. Əslində kommunikasiya xətlərinin açılması ilə bağlı təşəbbüs Rusiyadan gəlib. Hətta rəsmi Moskvanın təşəbbüsü ilə Azərbaycan, Ermənistan və Rusiyanın baş nazirlərinin müavinləri arasında üçtərəfli komissiya da yaradılıb. Onlar müəyyən bir məsələni ortaya qoymalı idilər. Həmçinin, prosesin müsbət istiqamətdə getdiyinə dair də xəbər yayıldı, amma proses sonradan dayandı. Rusiya tərəfinin verdiyi son açıqlama isə bununla bağlı müsbət perspektivin görünmədiyi kimi şərh olundu. Lakin onun əksinə olaraq, Azərbaycan, Türkiyə və Ermənistandan Zəngəzur dəhlizi ilə bağlı müsbət reaksiya gəldi. Deməli, prosesə əngəl törədən tərəf məhz Rusiyadır”. Partiya sədri vurğulayıb ki, Zəngəzur dəhlizi ilə bağlı verilən son bəyanatlar müsbət tendensiyadır: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bir müddət əvvəl belə açıqlama vermişdi: "Zəngəzur dəhlizi açılmalıdır və açılacaq”. Görünür, o da Azərbaycanla razılaşdırılmış bir mövqedir. Demək olar ki, artıq Azərbaycan tərəfindəki Zəngəzur dəhlizi ilə bağlı işlər yekunlaşmaq üzrədir. Türkiyə tərəfi də onların öz işlərinə başlayacağını göstərir. Yəni dəhlizin Naxçıvandan Türkiyə ərazisinə keçən hissə ilə bağlı da işlər həyata keçirilməlidir. Ermənistan isə dəhlizin öz ərazisindən keçən hissəsi ilə bağlı işlər görməlidir. Hesab edirəm ki, burada texniki işlər nəzərdə tutulur. Yolların çəkilməsi və daşınmanın davamlı şəkildə təmin olunması ilə bağlı addımlar atılır”. Partiya sədri vurğulayıb ki, məsələnin siyasi tərəfi də var: “Son açıqlamalar proseslərin həm siyasi, həm texniki, həm də iqtisadi cəhətdən getdiyini göstərir. Hazırda bütün işlərin sürətlə həyata keçəcəyi nəzərdə tutulur. Biz ümid edirik ki, yaxın vaxtlarda bu işlərin nəticəsi olacaq”. Geri qayıt |