Əsas Səhifə > Partiya, Güney Press > “Əməliyyat davam etməli, Xankəndidəki separatçılar həbs olunmalıdır”

“Əməliyyat davam etməli, Xankəndidəki separatçılar həbs olunmalıdır”


19-09-2023, 17:19
“Əməliyyat davam etməli, Xankəndidəki separatçılar həbs olunmalıdır”
“Qarabağda antiterror əməliyyatları davam etməli və qeyri-qanuni erməni silahlı dəstələri tamamilə zərərsizləşdirilməlidir”.

DİA.AZ bilirir ki, bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Cebhe.info-ya şərhində bildirib. Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatlarının zəruriliyini vurğulayan Arzuxan Əlizadə qeyd edib ki, ölkə ərazisində erməni separatçıların təxribatlarına son qoyulmalı və təhlükəsizlik təmin edilməlidir:

“2020-ci ilin noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanan üçtərəfli Bəyanatın 4-cü bəndinə müvafiq olaraq Ermənistan ordusunun hərbi birləşmələri Azərbaycan ərazisini tərk etməli və Rusiya Sülhməramlı Kontigentinin əraziyə paralel yerləşməsi həyata keçməli idi. Lakin son üç il ərzində Ermənistan öz öhdəliyini yerinə yetirməyib. Həmçinin sülhməramlı deyilən rus hərbçiləri bu bəndin təmin olunmasına biganə yanaşıblar. Bu səbəbdən həm rus sülhməramlıların müvəqqəti yerləşdiyi, həm də onların nəzarətindən kənar olan ərazilərdə qeyri-qanuni erməni silahlı dəstələrinin təxribatları durmadan artır. Bunun bir sonu olmalıdır. Uzun müddətdir ki, Azərbaycanın həmin ərazilərində antiterror əməliyyatlarının keçirilməsinin zəruriliyini vurğulayırıq. Bu, Azərbaycanın qanuni hüququdur. Azərbaycan bütün suveren əraziləri üzərində tam nəzarəti bərpa etmək üçün istənilən addımı ata bilər. Nəticə etibarı ilə törədilən terror aktları səbr kasamızı daşırıb. Azərbaycanın hərbi-siyasi rəhbərliyinin antiterror əməliyyatları ilə bağlı qərarı çox doğru addımdır”.

Partiya sədri hesab edir ki, Qarabağın dağlıq ərazilərində antiterror əməliyyatları davam etməlidir:

“Qeyri-qanuni erməni silahlı dəstələri tam olaraq zərərsizləşdirilməli, qondarma rejimin başında duran separatçılar həbs edilməli və ölkəmizin qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunmalıdırlar. Bu vəziyyət davam etdiqcə, ordumuz şəhidlər verir. Bu gərginlik sonsuza qədər davam edə bilməz. Azərbaycanın Qarabağda antiterror əməliyyatları beynəlxalq hüququn normalarına tam uyğundur. Onu da bildirim ki, partiyamız Azərbaycan dövlətinin və ordusunun yanındadır. Sonuna qədər ordumuza dəstək verəcəyik”.

Geri qayıt