Əsas Səhifə > Partiya, Güney Press > Əhməd Obalının hesabına Amerika üzü görənlər...

Əhməd Obalının hesabına Amerika üzü görənlər...


23-09-2023, 10:36
Əhməd Obalının hesabına Amerika üzü görənlər...
Bu yazını Azərbaycanın istiqlal carçısı olan GünazTv-nin qurucusu və sahibi, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin lideri, əziz dostum, özümə hər zaman böyük qardaş olaraq gördüyüm Əhməd bəy Obalının hal-hazırda müalicə aldığı şəhərdən, amma Əhməd bəydən xəbərsiz yazıram və sözlərimin hər hansı bir məsuliyyəti olarsa, o da mənə aiddir.

Yəqin ki, hamınızın Əhməd bəyin başına gələn və hər birimizin də başımıza gəlmək ehtimalı olan talesiz olaydan xəbəriniz var.

Şükürlər olsun ki, Əhməd bəy bu olayın sonucu olaraq həyatını itirmədi, amma fiziki sağlamlığını xeyli dərəcədə itirmiş durumdadır. Keçən həftələrdə bir zərurətdən dolayı sayın Obalı öz televiziyasının canlı yayımına qatıldı, ondan sonra bəzi fürsətçilər ortalıqda şayiələr dolaşdırırlar ki, guya Əhməd Obalı sapsağlamdır, sadəcə rol oynayır.

Mən şəxsən 5-6 gündür ki, başqa, uzaq bir şatatda Əhməd bəyin yanındayam, adını və yerini gizli saxladığımız, yüksək səviyyədə qorunan bir xəstəxanada müalicəsini davam etdirir.

Təəssüf ki, dəyərli Əhməd bəyin əl barmaqları və ayaqları işləmir və həkimlər uzun bir müddət bu cür davam edəcəyini söyləyirlər. Əgər həmin müddətə qədər irəliləyiş olmasa, növbəti bir əməliyyatla bədəninin başqa yerlərindən əzələ transfer edərək, əllərini hərəkət etdirməyə çalışacaqlar.

Mən Əhməd bəyin başına bu olay gəldikdən bəri onu mənfi mənada gündəmə gətirən, NAMƏRDCƏSİNƏ keçmiş haqq-hesablarını çəkmək istəyən ŞƏRƏFSİZLƏRƏ səslənirəm: hər şeydən xəbərimiz var və hər şeyin qeydini aparırıq. Bəlkə, Əhməd bəy sizi bağışlayacaq, amma bilin ki, bundan sonra Zaur Bayramlı adlı bir düşməniniz var!!! Mütləq hesab soracam!!!

Hələ Əhməd Obalının sayəsində Amerika üzü görüb, gün-güzaran sahibi olub, onun bugünkü durumunda vəfasızlıq, nankorluq edənlərə də deyiləcək sözlərim var.

Əhməd Obalı sizin necə insan olduğunuzu bildiyi halda, sizin layiq olmadığınız halda sizə illərlə çörək verdi, ev-eşik sahibi etdi. Çünki O, BÖYÜKDÜR!

Siz çox gözəl bilirsiniz ki, Əhməd Obalı Güney Azərbaycan üçün nə deməkdir, kim deməkdir.

Olayı kiçik bir ailə münaqişəsi səviyyəsinə endirənlər çox gözəl bilirlər ki, Əhməd bəy Güneyin istiqlalı üçün çalışmasaydı, başına heç bir halda belə bir iş gəlməyəcəkdi.

Mən 5-6 gün əvvəl gəlib əziz abim Əhməd bəyə gücüm çatdığı qədər qulluq edim, 2 aya yaxındır onun üçün təmənnasız fədakarlıq edən bacısı nəvəsi, dostum Yaşar Əsədini bir müddət əvəz edim. Amma təəssüf ki, 2 gün əvvəl bəlli oldu ki, Əhməd bəydə COVID-19 testi pozitiv çıxıb, ona görə bizə 10 günlük yasaqladılar yanına girməyi. Bu şəkli də sağollaşmaq üçün yanına xüsusi icazə alıb girərək çəkdirdim.

Son olaraq Əhməd bəyə bir şey dedim və düşünürəm ki, düz edib dedim, çünki gözlərinin içi güldü. Dedim ki, Əhməd bəy, bundan əmin olun ki, Güneyli-Quzeyli Azərbaycanın, hətta Türk Dünyasının ən şərəfli və ləyaqətli adamları sizinlə maraqlanırlar, məndən daim soruşurlar və sizin üçün dua edirlər.

O dualar sizi bir gün ayağa qaldıracaq.

Xəstəxanada Əhməd bəy üçün xüsusi bir səs sistemi qurublar, o sistemin vasitəsilə gələn mesajları aça bilir, zəng edə bilir. Mən şəxsən bu texnologiyaya heyran qaldım.

Bunu da deyim ki, Əhməd bəy bu durumda belə həm Güneydə, həm də Qarabağda baş verən hadisələrlə detallı olaraq maraqlanır.

Möhkəm ol, əziz dostum! Bundan əmin ol ki, qəlbimizin ən gözəl guşəsindəsən. Sənin kimi bir dostum olduğu üçün qürur duyuram!

Sadəcə mən yox, Azərbaycanın ən ləyaqətli insanları səninlə qürur duyur.

Ürəkdən inanıram ki, ayağa qalxacaqsan və biz yenə BİRLİKDƏ GÜCLÜ OLACAĞIQ!

Zaur Bayramlı,
Politoloq, ABŞ
//musavat.com//
Geri qayıt