Əsas Səhifə > Partiya, Güney Press > "Artıq erməni əhalisi üzərində basqı tam ortadan qalxdı"

"Artıq erməni əhalisi üzərində basqı tam ortadan qalxdı"


29-09-2023, 07:56
"Artıq erməni əhalisi üzərində basqı tam ortadan qalxdı"
Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxıb. Qondarma rejimə "rəhbərlik" etmiş separatçı Samvel Şahramanyan deyib ki, bütün "qurumlar və təşkilatlar" 2024-cü il yanvarın 1-dən fəaliyyətini tam dayandıracaq. Bununla da uydurma "Dağlıq Qarabağ Respublikası" öz mövcudluğuna son vermiş olacaq. Şahramanyan bildirib ki, Qarabağın erməni əhalisi gələcəkdə bölgəyə qayıtmağın mümkünlüyü ilə bağlı müstəqil və fərdi qərar qəbul etmək məqsədilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış ola bilərlər. Qondarma rejimin keçmiş “xarici işlər naziri” David Babayan da könüllü təslim olmaq qərarı verdiyini bildirib: "Mən Azərbaycanın qara siyahısına düşmüşəm və Azərbaycan tərəfi müvafiq araşdırma aparılması üçün Bakıya gəlməyimi tələb edib. Xankəndidən Şuşaya getmək qərarına gəldim". Rusiya da qondarma rejimin özünü buraxmasına münasibət bildirib. Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Moskva Qarabağdakı qondarma rejimin mövcudluğuna son qoyulması ilə bağlı bəyanatı nəzərə alıb. Peskov qeyd edib ki, Moskva regiondakı vəziyyəti, ilk növbədə, humanitar aspekti diqqətdə saxlayır: “Bu, ən mühüm məqamdır”. Onun sözlərinə görə, Rusiya sülhməramlı kontingenti insanlara yardımı davam etdirir: "Hazırda Qarabağdakı ermənilərin böyük hissəsi Ermənistan tərəfə keçmək arzusunu bildirir və bunu istəyən hər kəsə dəstək göstərilir".
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Viktor Vodolatski isə deyib ki, Qarabağ bölgəsindəki qondarma rejimin özünü buraxması Rusiyada müsbət qiymətləndirilir: "Ermənistan və onun lideri Nikol Paşinyan bütün tribunalarda Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb, indi çox uzun müddət mövcud olmuş “respublika”nın ləğvi prosesi gedir. Bundan sonra Rusiya sülhməramlı kontingentinin Qarabağdakı mövcudluğu əhəmiyyətsiz hesab edilə bilər. Lakin istənilən halda buna sülhməramlıları oraya müvəqqəti yerləşdirilməsinə qərar verən üç dövlətin - Rusiyanın, Azərbaycanın və Ermənistanın rəhbəri qərar verməlidir". Rusiyanın mövcud vəziyyətə münasibətindən danışan deputat vurğulayıb ki, Rusiya üçün Cənubi Qafqazda sabitlik elementinin olması mühümdür ki, heç bir qarşıdurma və ən əsası hərbi toqquşmalar olmasın.
1988-ci ildə keçmiş Qarabağ "münaqişəsi"nin indiki mərhələsi başlayanda ərazisi 4,4 min kvadratkilometr olan bölgə Xankəndi şəhəri, Ağdərə, Əsgəran, Xocavənd və azərbaycanlıların çoxluq təşkil etdiyi Şuşa şəhərindən ibarət idi. Qarabağda zaman-zaman separatçı şüarlar - Ermənistana birləşmək tələbləri irəli sürən ermənilər sonuncu dəfə 1988-ci ilin fevralında ayağa qalxıblar. 1991-ci ilin avqustunda SSRİ-nin dağılması prosesi sürətlənir. Avqustun 30-da Azərbaycan parlamenti respublikanın müstəqilliyini bəyan edir. Bundan 2 gün sonra Qondarma "Dağlıq Qarabağ Respublikası" adlı saxta qurum yaradırlar. Ardınca Qarabağda azərbaycanlıların total etnik təmizlənməsi, qanlı müharibə başlayır. 10 dekabr 1991-ci ildə azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum nəticəsinə görə "müstəqillik qərarı" alınır. Lakin Ermənistan Respublikası daxil, heç bir ölkə və ya beynəlxalq qurum qondarma rejimin müstəqilliyini tanımır. Azərbaycanın 2020-ci ildə başladığı və 44 gün davam edən Vətən müharibəsinin sonunda Ermənistan məğlubiyyətini təsdiqlədi. 2020-ci il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan üçtərəfli bəyannamə ilə Ermənistan silahlı qüvvələrini Qarabağdan çıxarmağa razılaşdı. Son 3 ildə bölgədəki silahlı birləşmələr razılaşmaya əməl etmədikdə Azərbaycan sentyabrın 19-da bölgənin tərksilah edilməsi və qondarma administrasiyanın ləğvi üçün antiterror tədbirlərini həyata keçirdi. 24 saat davam edən əməliyyat nəticəsində ermənilər silahlarını yerə qoymalı oldular. Qeyd edək ki, Bakı inteqrasiya prosesinin uğurla həyata keçirilməsi üçün qondarma rejimin özünü buraxmasını tələb edirdi.

DİA.AZ-ın məlumatına görə, millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa "Sherg.az"a açıqlamasında bildirib ki, burada ciddi nüans ondan ibarətdir ki, artıq erməni əhalisi üzərində basqı tam ortadan qalxdı. Deputatın sözlərinə görə, ermənilər könüllü şəkildə reinteqrasiya prosesinə qoşula bilərlər: "İndi erməni sakinlər hansısa problem yaşamayacaqlar. Əvvəllər terrorçuların təzyiqi altında bunu etməyə çətinlik çəkirdilər. Artıq bu istiqamətdə daha intensiv çağırışlar olacaq və intensiv addımlar atılacaq. Ona görə reinteqrasiya məsələsi daha ciddi formada reallaşacaq və könüllü xarakter alacaq. Bu, gözlənilən idi. Hesab edirəm ki, ideya olaraq qondarma "Artsax"ın kökünün qazılması prosesi başa çatdı. Kimsə bunu siyasi ifadə kimi istifadə etməyəcək və terminoloji yanlışa yol vermiyəcək. Bölgədə birmənalı Azərbaycan qanunları işləyəcək. Bütün hallarda separatçıların, terror törətmiş şəxslərin cəzalandırılması ümumi strukturlarda çalışmış insanlar üçün amnistiyanın elan edilməsi, müxtəlif variantlarda onlara yenidən inteqrasiya üçün şanslar veriləcək. Bu şansları ağıllı dəyərləndirsələr, rahat yaşayacaqlar. Dəyərləndirməsələr, o zaman Ermənistanın, Krasnodarın, yaxud başqa bir ölkənin hüdudlarında ağılar, nəğmələr oxuyacaqlar. Başqa yolları qalmayacaq. Atdığımız addımlar erməniləri mütləq geri çəkilməyə və məğlubiyyətlə tamamilə barışmağa məhkum etdi. Bu, bizim böyük uğurumuzdur".

Geri qayıt