Əsas Səhifə > Partiya, Güney Press > "Bəzi hallarda qalstuksuz görüşlərdə daha ciddi uğurlar əldə edilib"

"Bəzi hallarda qalstuksuz görüşlərdə daha ciddi uğurlar əldə edilib"


5-10-2023, 08:16
"Bəzi hallarda qalstuksuz görüşlərdə daha ciddi uğurlar əldə edilib"
Almaniyaya məxsus “politico.eu” saytının bir məqaləsində iddia edilib ki, ABŞ və Aİ-nin yüksəkvəzifəli rəsmiləri Azərbaycanın ərazilərini separatçıların nəzarətindən geri almaq üçün əməliyyata başlamazdan bir neçə gün əvvəl, Qarabağla bağlı yaranmış qarşıdurmanı həll etmək üçün Türkiyədə rusiyalı həmkarları ilə fövqəladə danışıqlar üçün görüşüblər. Ancaq bu görüş barədə məlumat verilməyib. Sadəcə qeyd olunub ki, ABŞ Vaşinqtonun Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bononu, Aİ region üzrə nümayəndəsi Toivo Klaarı danışıqlar aparmaq üçün göndərib. Rusiyanı isə Putinin Ermənistanla Azərbaycan arasında əlaqələr üzrə xüsusi nümayəndəsi kimi fəaliyyət göstərən İqor Xovayev təmsil edib. ABŞ rəsmisi məlum görüşü şərh etməkdən imtina edərək, “biz özəl diplomatik müzakirələri şərh etmirik” deyib. Bununla belə, amerikalı rəsmi bildirib ki, həssas diplomatik mövzularla bağlı ruslarla işləməlidirlər: "Çünki onların tərəflərə təsirləri var". Rusiya Xarici İşlər Nazirliyi (XİN) Qarabağdakı antiterror tədbirlərinin keçirilməsindən əvvəl İstanbulda Moskva, Brüssel və Vaşinqton rəsmiləri arasında görüşün keçirildiyini təsdiqləyib. XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, görüş iddia edildiyi kimi gizli olmayıb. O qeyd edib ki, Qərb ölkələri bu təşəbbüslə çıxış edib və görüş istəyiblər: “Təmaslar olub, amma yazılan kimi deyil”.
DİA.AZ-ın məlumatına görə, politoloq Əli Oruclu "Sherg.az"a bildirib ki, diplomatların publik görüşlərindən başqa qeyri-rəsmi, yaxud ictimaiyyət üçün açıqlanmayan təmaslarının olması normaldır. Siyasi şərhçi hesab edir ki, bəzi hallarda qalstuksuz görüşlərdə daha ciddi uğurlar əldə edilib, razılaşmalar olub: "ABŞ və Aİ diplomatlarının Türkiyə və rusiyalı həmkarlarının ictimaiyyətdən kənar görüşünün baş tutması bu baxımdan mümkündür. Məlum olduğu kimi Cənubi Qafqaz uğrunda Türkiyə, Rusiya, Qərb və ABŞ ciddi rəqabətdədirlər. ABŞ və qərbli müttəfiqləri son dövrlər regionda fəallaşıblar. Xüsusən də, Rusiyanın regiondan sıxışdırılıb çıxarılması istiqamətində Ermənistan üzərindən aktiv iş aparılır. Lakin Moskvanın regiona ənənəvi təsirlərini belə asanlıqla aradan qaldırmağın asan olmadığını da anlayırlar. Odur ki, hədəf ilkin olaraq Rusiya ilə bəzi güzəştlər qoparmaqdır. Çünki birbaşa konfrantasiya ABŞ və Qərb üçün arzuolunan deyil. Məhz bu baxımdan, Ermənistan və Azərbaycana baxışlar fərqlənir. Bu dövlətlər arasında normallaşma sürəcinə də sərgilənən maraqlar müxtəlifdir. Qərb yeni geosiyasi reallıqlarla və kommunikasiya əlaqələrində rol almaq istəyir. Rusiya və Türkiyə isə kənar aktorları bura buraxmağa həvəsli deyil. Rusiyanın bölgədə qalması üçün Ermənistanla Azərbaycan arasında gərginliyin və münaqişə vəziyyətinin davam etməsi şərtdir. Görüşlərdə ehtimal ki, bu mövzular ələ alınıb. Hansısa rəsmi görüş və razılaşmalar üçün zəmin hazırlanıb".

Geri qayıt