Əsas Səhifə > Partiya, Güney Press > “Qazaxın 7, Naxçıvanın 1 kəndi də 86,6 min kv.km-ə daxildir”

“Qazaxın 7, Naxçıvanın 1 kəndi də 86,6 min kv.km-ə daxildir”


6-10-2023, 16:47
“Qazaxın 7, Naxçıvanın 1 kəndi də 86,6 min kv.km-ə daxildir”
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla oktyabrın sonunda Brüsseldə görüşəcək.

Bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Qranadada jurnalistlərə deyib.

O bildirib ki, Əliyevlə Paşinyan Brüsseldə görüşə razılıq veriblər:

“Mən Ermənistan və Azərbaycan liderlərini dəvət etdim və hər iki lider bu görüşdə iştirak edəcəklərini təsdiqlədilər”.

Oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin sammiti keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirə qatılmayıb.

Sammitdə Ermənistanın Baş naziri Nikol Paşinyan Aİ, Fransa və Almaniya nümayəndələri ilə görüşdə Azərbaycan Prezidenti ilə birgə imzalanmaq üçün hazırlanan bəyanatı birtərəfli qaydada imzalayıb.

Bu bəyanatla Paşinyan Azərbaycanın ərazi bütövlüyünü bir daha tanıdığını vurğulayıb.

Bu da Qazaxın 7-i, Naxçıvanın 1 kəndinin aqibəti, bu məsələlərin də görüşdə müzakirə edilib-edilməyəcəyi ilə bağlı bağlı sualları aktuallaşdırıb.

Siyasi şərhçi Tofiq Abbasov Paşinyanın bəyanatına şübhə ilə yanaşır.

O, Meydan TV-yə bildirib ki, Qranada bəyanatının legitim qüvvəsi yoxdur:

“Necə ola bilər ki, Azərbaycan Prezidentinin iştirak etmədiyi tədbirdə hansısa sənəd imzalanır və Paşinyan da nikbin açıqlamalar səsləndirir. Bu, yarımçıq təşəbbüsdür. Çünki Şoltsla Makronun iştirakı münasibətləri mürəkkəbləşdirir. Belə olduğu halda balanslı situasiya yaranmalıdır. Bu da o zaman yaranar ki, Azərbaycan, Ermənistan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel prosesdə iştirak etsin”.

“Bilirsiniz, Şoltsla Makronun regiondakı proseslərə aidiyyatı çox cüzidir və hər ikisi Avropa İttifaqının üzvüdür. Əgər Mişel varsa, onlar orada nə edirlər? Yox, onlar iştirak edirsə, Azərbaycanın istədiyi kimi Türkiyə niyə sammitə qatılmır? Ona görə balanslı situasiya yaradılmalıdır”, – o qeyd edib.

“Prezidentin sammitdə iştirak etməməsi bəyanatın legitimliyini şübhə altına ala bilməz”
Siyasətçi Sülhəddin Əkbər isə deyir ki, həmin kəndlər də Paşinyanın tanıdığı 86,6 min kv.km-ə daxildir:

“Çünki 86,6 min kv.km Azərbaycanın beynəlxalq hüquqla tanınan bütün ərazisini əhatə edir, burada anklavlar da nəzərdə tutulur. Amma bu məsələnin nə vaxt həll ediləcəyi zamana buraxılıb. Böyük ehtimalla delimitasiya və demarkasiya məsələləri müzakirəsi konteksində həll olunacaq”.

Azərbaycan Prezidentinin sammitdə iştirak etməməsinə gəlincə, Sülhəddin Əkbər bildirib ki, bu, bəyanatın legitimliyini şübhə altına ala bilməz:

“Çünki Azərbaycanın dövlət başçısı dəfələrlə deyirdi ki, Paşinyanın ərazi bütövlüyü barədə açıqlamaları şifahidir, biz bunu onun öz imzasıyla təsbit etməsini istəyirik. Dünən isə Paşinyan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını öz imzasıyla təsdiqlədi”.

Sentyabrın 18-dən Qarabağdan ölüm xəbərləri gəlməyə başlayıb.

Tank əleyhinə minaya düşən iki böyük yük avtomobilinin içərisində 14 nəfər həyatını itirib.

Bunlardan yeddisi polis, qalanı mülki şəxs olub.

Azərbaycan həmin minaların erməni diversiya qrupları tərəfindən yeni basdırıldığını açıqlayıb.

Sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyatlara başladığını elan edib.

Tələbi erməni silahlı qüvvələrinin regiondan çıxarılması olub.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

Bunu sentyabrın 19-da yaranmış vəziyyətlə əlaqələndirib.

Sonuncu hərbi əməliyyat zamanı Azərbaycan 200-dən çox hərbçisini itirib.

Bu əməliyyatdan sonra rəsmi Yerevan 100 mindən artıq erməni sakinin Qarabağı tərk edərək Ermənistana köçdüyünü açıqlayıb.

Azərbaycan isə dinc erməni sakinlərin reinteqrasiya olunması ilə bağlı çağırış edib.

Geri qayıt