Əsas Səhifə > Partiya, Güney Press > İqbal Ağazadədən Fazil Mustafaya SƏRT SÖZLƏR...
İqbal Ağazadədən Fazil Mustafaya SƏRT SÖZLƏR...7-10-2023, 06:42 |
...Sizə bu istiqlalı... İngilis və alman imperialistləri deyil,bəlkə böyük Şura hökuməti veribdir ki, bugünkü gün yeni dünyaya qədəm qoyur ki,onunla da rabitəmizi düzəlt- mək lazımdır. Biz Antanta im- perialistlərinə tüpürürük və bu qanunu qəbul edərək qərar qo- yuruq ki, biz Şura hökuməti ilə sıxı bir əlaqədə bulunmalıyıq, nəinki, zənciri-əsarətdə bizi saxlayan İngiltərə... 19 aprel, 1920 ci il. Əliheydar Qarayev... ...ancaq özləri də anlayırlar ki, Qarabağı məhz Rusiya ilə mü- nasibətləri ağıllı balanslaşdı- raraq işğaldan azad etmişik. ...Pafosla deyirlər ki, "Biz niyə Rusiya sülhməramlılarına gü- zəştə getməliyik? Nəyimizə la- zım Şevçenko, Puşkin?" Və ar- dınca da xəbərlər dinləyirik ki, Avropa İttifaqı əleyhimizə qət- namə çıxardı, Rusiya isə açıq şəkildə bizim mövqeyimizi müdafiə edir... 06 oktyabr, 2023 cü il Təcrübəli Partiya sədri... Təcrübəli partiya sədri Milli Məclisdə deyib ki, işğaldan azad olunmuş ərazilərdən birində erməni aktivist George Vanyanın adına küçə verək, yəni adını əbədiləşdirək. Səbəb isə sadəymiş - erməni aktivist çıxışlarında deyirmiş ki, Qarabağ Azərbaycandır... Mən də bir təcrübəli jurnalistlə müsahibəmdə buna lüzum olmadığını, həmin ərazilərdə küçə və meydanlara qəhrəmanlarımızın və tarixi şəxsiyyətlərimizin adının verilməsini təklif etdim... Və... Və bu gün o təcrübəli partiya sədri bir yazı ilə mövqeyimi aşağılamağa cəhd etdi. Əcəba, mən nəyi yanlış dedim?! Gəlin əvvəlcə tarixi səhvlərimizə ekskurs edək... 1923-cü ildə Xankəndinın adını bolşeviklər Stepanakert etdilər. Bu gün də hələ Stepanakert adından qurtula bilmirik, beynəlxalq sənədlərdə belə hələ də Xankəndi qeyd edən yoxdur. Tarixi şəhərimizin adını Stepanakert etməklə öz halal yurdumuzu erməniləşdirdik. 1930-cu ildə Xocavəndin adını Martuniyə dəyişdik. Bundan əvvəl isə Qərbi Azərbaycandakı Qaraqoyunlu mahalının adını Ermənistan Martuni adlandırmışdı. Hələ də özümüzdən başqa ora Xocavənd deyən yoxdur. 1931-ci ildə Gülüstan və Ağcakəndin də daxil olduğu ərazini Şaumyan adlandırdıq. Dünənə qədər keçmiş DQMV-dan kənarda da olsa, ermənilər həmin əraziyə də iddia edirdilər. 1930-cu ildə əlimizdən aldıqları Kəvər rayonunun adını Kamo ilə əvəzlədilər. Gədəbəy rayonu ərazisində olan Başkənd kədi də anklav kimi bu rayona verildi, adını da Artsvaşen qoydular. 1992-ci ildə nə qədər şəhid verərək ərazini azad etdik. İndi də danışıqlarda bu əraziyə iddiadan əl çəkmirlər... Davam edimmi?! Məncə kifayətdir... O dövrün ad dəyişdirənləri də bizi beynəlmiləlçi, marksist, leninçi, kommunist olmağa çağırırdılar. Tarixi yer adlarımızı dəyişdirərək rusun, erməninin gözündə yaxşı olmağa çalışırdılar. Axı onda da problemlərimiz indikindən fərqli deyildi. Ermənistan Zəngəzuru, Naxçıvanı, Qarabağı özünə birləşdirmək üçün dəridən-qabıqdan çıxırdı. 1920-ci il dekabrın 1-də Azərbaycan İnqilab komitəsinin sədri N. Nərimanov Bakı Sovetinin iclasında ermənilərin israrlı tələb etdiyi Zəngəzuru onlara vermək qərarını elan edir: (Hətta Naxçıvanın da)" Zəngəzur və Naxçıvan Sovet Ermənistanın ayrılmaz hissəsidir, Dağlıq Qarabağın əməkçi kəndlilərinə isə öz müqəddəratını təyinetmə hüququ verilir ." Hər dövrün öz "qəhrəmanları" var, təcrübəli partiya sədri. Sizcə, ermənilər niyə Sovet hakimiyyətinin Azərbaycanda qələbə çalmasından vəcdə gəlib, iddia etdikləri Azərbaycan ərazilərindən əl çəkmirdilər? Niyə bizim kimi onlar da toponimlərini Azərbaycanlaşdırmırdılar demirəm, oz tarixi adlarında saxlamırdılar? Niyə bütün türk adlarını erməniləşdirirdilər? Onlar bolşevik, kommunist, leninçi, Şura hökuməti deyildilər? Niyə ermənilər kommunist, bolşevik, leninçi, daşnak, millətçi, sağ, sol, hətta cinsi azlıq olanda belə erməni kimliklərini unutmurlar, torpaqlarımızı alıb özlərinə dövlət quraraq toponimləri erməniləşdirməkdən çəkinmirlər, biz isə beynəlmiləlçi olub hər şeyimizdən keçirik, halal torpağımızı işğaldan azad edəndə belə "aman, nə deyərlər?" kompleksinə düşürük? Biz niyə özümüzü sübut etməyə, isbatlamağa ehtiyac duyuruq? Bu natamamlıq kompleksini yaradan nədir? Var əlbəttə bu suallara cavab... Bu yazıda bütün səbəbləri sadalamaq imkansız da olsa, bir neçəsinə toxunacam. - Bütün dönəmlərdə şəxsi maraqları sosial və ictimai maraqlardan üstün tutmağımız; (nəticədə şəxsi maraqları itirməmək xatirinə ictimai və sosial maraqlardan imtina) - Dövlət fəlsəfəsini ailə və tayfa düşüncəsindən aşağı tutmağımız;(ən yaxşı halda kənd, rayon, oba təfəkkürü) - Fərdi tərbiyədə tabeçilik və qul olmağı aşılayan təhsil və tərbiyə metodu; - Cəsarətli insan olmaq üçün təbii və hüquqi şəraitin yoxluğu; - Nəhayətdə, ya dövlətimizin olmaması, ya da çox zəif olması; Hey bizdən nələrisə alıblar, əzilmişik, itirmişik, məğlub olmuşuq, amma heç QALİB ola bilməmişdik... İndi QALİBİK... Təəssüf ki, hələ də köhnə şakərimizdən və natamamlıq kompleksindən qurtula bilmirik. Verdiyiniz təkliflə yenə də özümüzü kiməsə sübut etməyə və ya təzim etməyə çalışdığımızı göstərmək istəyirsiniz. Cəsarət üçünsə... Onu ya doğulduğumuz coğrafiyanın ağır şərtləri (məs: Afrika cəngəlliklərində şirin əlindən ceyran alan xalqlar kimi), ya da hüquq yaratmalıdır. Sivil dünyada insanları cəsarətli edən azad məhkəmədir. Kim vətəndaşların haqqını pozursa, o məhkəmə vasitəsilə hüququnu bərpa edir, beləliklə də kimsədən çəkinmir. İndi gəlim o "sensasion " yazınıza, təcrübəli partiya sədri... Əvvəla, Sülh quşu olmaq üçün mütləq quş olmağa ehtiyac yoxdur, elə insan olaraq da sülhpərvər olmaq olar. Lakin sülhpərvərlik öz xalqının gələcəyi üçün söz demiş Vanyanın adını əbədiləşdirməklə ölçülmür. Vanyanın da nə yuvanın quşu olduğunu bilirdik, o da bir neçə azərbaycanlı ilə birlikdə xalq diplomatiyası projesinin içində idi, sadəcə qrant alırdı. Sizə nə düşüb? Rusiya qrant vermir axı?!!! Rusiya bizə yaxşılıq edib - son dövrün dəbdə olan siyasi frazasıdır bu. Tarixi bildiyinizə şübhə etmirəm. Amma bir daha xatırladım: Rusiyanın istədiyi Ermənistan və rəhbərliyi olsaydı bizim üçün çox çətin olardı. Rusiya öz marağına, biz isə öz əlimizə oynadıq. Məharətli Komandan oyunu xeyrimizə dəyişdi. Praqada, sonra isə Rusiya ilə masada və döyüş meydanında. Heç Rusiyanın özü nəticənin belə olacağını ehtimal etmirdi, eynilə Ukraynadakı kimi. Yoxsa, bu o Rusiya deyil 5 rayonumuzun qayıtmasına razılıq verib, Laçın, Kəlbəcər daxil olmaqla Qarabağı ermənilərə peşkəş edirdi? Bunu ki, mən demirəm, Putin deyir. Hə, Ukrayna demişkən, Taras Şevçenko Ukraynalıdır, rus deyil. Sağ olsaydı, Puşkinin heykəlinin götürülməsinə özü başçılıq edərdi. Vaxtanq Kikabidze Rusiya ordenindən imtina etdiyi kimi... Çoxları hələ bunları bilmir. Bilirsiniz niyə? Çünki 1920-ci ilin dekabrında Zəngəzur və Naxçıvanı ermənilərə ərmağan edən N. Nərimanovun heykəli hələ də Bakının ən hündür yerindədir, adına rayon, metro stansiyası, onlarla küçə və prospektlər var. Bu və ya buna oxşar adlar yığışdırılmayana kimi təcrübəli partiya sədrləri də Vanyanın adına küçə verilməsini istəyəcək. Yəqin sırada Paşinyandır... Bu məntiqlə onun adına rayon düşür. Axı adam rəsmi sənəd imzalayaraq Qarabağı bizim ərazi kimi tanıyıb. Vanyan söz demişdir, bu konkret addım atıb... Eh... Bircə anlıq düşündünüzmü, bir şəhidin övladının şəxsiyyət vəsiqəsində ünvan Vanyan küçəsi yazılıb? Düşündünüzmü, ayağını, qolunu itirən qazi Vanyan küçəsində əlil arabasında gedir? Düşündünüzmü, övlad itirmiş ana, ata o küçədə necə yaşaya bilər? Düşündünüzmü, işgəncədən şəhid olmuş bir övladımızın doğması, ya da özü işgəncələrə məruz qalmış soydaşımız o küçədə necə gəzər? Yox, düşünmədiniz... Eynən, Ə. Qarayev, H. Sultanov, N. Nərimanov və başqaları düşünmədikləri kimi... Heç olmasa Hadrutun Edilli kəndindən olan Ağacanyan Kamo Kərim oğlu qədər düşünün. Atası azərbaycanlı ola-ola südünə çəkib bizi qırdı, əzdi, öldürdü. Mən əzin, öldürün, vurun demirəm... Yox, həm də deyirəm. Çünki vurmasaq, əzməsək, bizi öldürürlər, yurdumuzdan, yuvamızdan didərgin salırlar. Xislətlərindən əl çəkməyənə kimi belə olmalıyıq, başqa çarə buraxmayıblar bizə. Yazıda cənab Prezidenti misal gətirirsiniz. Məncə siyasi spekulyasiyanın son mərhələsidir bu. Gərəkiləndə "vur" əmri vermək, lazım olanda Sülh dili ilə danışmaq onun vəzifəsi və səlahiyyətidir. Siz kimsiniz? Prezidentmi, iqtidarmı, nazirmi, danışıqlara məsul şəxsmi? Siz sülh quşu olunca, radikal millətçi olun ki, cəmiyyətin ümumi halı müqabilində danışıqlar aparan Prezident daha sülhpərvər görünsün... Görəvinizi anlayın... Siyasət budur, student qədeş, pardon, təcrübəli partiya sədri... Kimsə bizim üçün çalışmır, sadəcə zamanında hər vəziyyətdən istifadənin diplomatik və hərbi yolunu tapmalı idik... Tapdıq, aldıq... İndi qorumalıyıq... Daha bolşevik olmağa lüzum yox... Şüvənliyə qalanda... Şüvən yaxşı sözdür - ucadan, fərqli ağlamaqdır. Vay o gündən ki, ağlayanda da səsin qırıq kamança səsi kimi çıxa... Vətəni sevmək də, ağlamaq da, qorumaq da şərəfdir... P. S. Yazı uzun oldu. Allah gözünüzün nurunu əskik etməsin ki, oxuya biləsiniz... İqbal Ağazadə Ümid Partiyasının lideri **** Məsələ ilə bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |