Əsas Səhifə > Partiya, Güney Press > “Ermənilər Qarabağa qayıdarsa, kompakt yaşamalarına imkan vermək olmaz”
“Ermənilər Qarabağa qayıdarsa, kompakt yaşamalarına imkan vermək olmaz”18-10-2023, 01:01 |
“Qarabağ problemi bizim üçün böyük mənada bitib. Amma separatçılar və onların tərəfdarları yenidən başımızı ağrıtmağa çalışacaqlar. Elə Ermənistan da. Beynəlxalq qurumlarda, diplomatik sahədə və digər platformalarda bir müddət mübarizə gedəcək. Üstəlik, Ermənistanda bəlli revanşist qüvvələr var və onların da öz niyyətləri, məqsədləri olmamış deyil. Bütün bunlara baxmayaraq, Azərbaycan üçün Qarabağ məsələsi bitmiş sayılır”. DİA.AZ bildirir ki, bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. ADP sədri qeyd edib ki, ermənilər Qarabağa qayıtmaq istəsə, məskunlaşmaya diqqət yetirilməlidir. Onun sözlərinə görə, ermənilərin Qarabağda kompakt yaşamasına imkan vermək olmaz, çünki yenidən separatizmlə məşğul ola, müxtəlif cinayətlər törədə bilərlər: “Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər ilk növbədə Azərbaycanın dövlət dilini öyrənməli, milli qanunverciliyi bilməlidirlər. Əks təqdirdə Qarabağa qayıdan ermənilər bir müddətdən sonra eyni problemi yaratmağa çalışacaqlar. Bu səbəbdən onları rəhbər vəzifəyə də buraxmaq olmaz”. S. Cəlaloğlunun fikrincə, Azərbaycan-Ermənistan münasibətləri iki ölkə arasında faydalı əlaqələrə çevrilməli və iki ölkə arasında mövcud olan normal münasibətlər kimi olmalıdır: “Hər iki tərəf də bundan fayda götürməlidir. Əks təqdirdə bunun heç bir tərəfə xeyri olmayacaq”. Partiya sədri sonda əlavə edib ki, Ermənistan istəsə də, istəməsə də normal münasibətlər qurmağa məcburdur. Çünki bu ölkənin gələcəyi Azərbaycan və Türkiyə dövləti ilə normal əlaqələr qurmaqdan keçir: “Ermənistanın dünyaya açılması üçün Azərbaycan və Türkiyə ilə normal əlaqələri olmalıdır. İrəvan uzun illər sanki imaqo fəaliyyəti göstərib, barama qurdu kimi ipək üzərində hörümçək toru tikib və özü də onun içində qalıb. İndi inkişaf etmək üçün bunu dağıtmalıdır. Yəni Azərbaycan və Türkiyə ilə normal qonşuluq əlaqələri qurmalıdır”. Geri qayıt |