Əsas Səhifə > Partiya, Güney Press > Müxalifətdə Tahir Kərimiyə ehtiyac yoxdur, yoxsa müxalifətin özünə ehtiyac yoxdur?
Müxalifətdə Tahir Kərimiyə ehtiyac yoxdur, yoxsa müxalifətin özünə ehtiyac yoxdur?19-10-2023, 09:17 |
Deputat Tahir Kərimlinin Milli Məclisin plenar iclasında çıxışında bildirib ki, ölkənin bir nömrəli vəzifəsi olan Qarabağ məsələsinin həllindən sonra müxalifətçiliyə əsas qalmır: “Son dövrlər məni bir şey çox düşündürür. Qarabağda böyük qələbə qazandıq. Odur ki, mənim partiyamın və özümün müxalifətçiliyimə nə ehtiyac var?” Hətta onun bu çıxışından sonra Vəhdət Partiyasını Yeni Azərbaycan Partiyasına birləşəcəyi iddia olunur. Görəsən, bu barədə digər partiyalar nə düşünür, onlar da oxşar fikirdədirlərmi? DİA.AZ bildirir ki, Bizim.Media-ya açıqlamasında Yeni Zaman Partiyasının sədri Musa Ağayev T. Kərimlinin fikirləri ilə razı olmadığını bildirib: “Bu cür düşünmək düzgün deyil. Əsas problemimiz olan Qarabağ məsələsi artıq həll olunub. Bu da böyük qələbədir. Amma Qarabağ məsələsinin həll olunması fonunda müxalifətin olmaması söhbəti düzgün deyil. Müxalifətin olması, alternativ fikrin olması deməkdir. Düzdür, konstruktiv müxalifətin tərəfdarıyam. Hesab etmirəm ki, müxalifət küçələrdə olmalıdır. Lakin proporsional seçki sisteminə keçilərsə, çoxpartiyalılıq da inkişaf edəcək”. AXP sədri Pənah Hüseyn isə məsələyə münasibət bildirməkdən yayınıb: “Digər partiya sədrlərinin hansısa fikirlərini niyə şərh etməliyəm ki? Bu etik deyil”. AMİP sədri Arzuxan Əlizadə ölkənin inkişafı üçün müxalifətin, alternativ fikirlərin olmasını vacib hesab edir: “Hər kəsin mövqeyinə hörmətlə yanaşıram. Bununla belə fərqli düşünürəm. Ölkə daxilində sosial-iqtisadi sahədə problemlər var. Ölkəmizə basqılar da çoxdur. Qarabağda qazandığımız qələbəni həzm etməyən beynəlxalq güclər var ki, onlar qarşısında dayanmaq üçün siyasi partiyaların da üzərinə böyük vəzifələr düşür. Xüsusən də beynəlxalq əlaqələri olan partiyalar əməkdaşlıq etdiyi siyasi təşkilatlar vasitəsilə Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına töhfə verməlidirlər. Neqativ halların aradan qaldırılması istiqamətində fəaliyyət müxalifət partiyalarının birinci dərəcəli vəzifəsi olmalıdır”. Geri qayıt |