Əsas Səhifə > Partiya, Güney Press > Milli Şuranın sessiyasında nələr müzakirə ediləcək?

Milli Şuranın sessiyasında nələr müzakirə ediləcək?


19-02-2014, 12:08
Milli Şuranın sessiyasında nələr müzakirə ediləcək?
Bu gün Milli Şuranın növbəti sessiyası keçiriləcək.

Hafta.az-ın verdiyi xəbərə görə, sessiyada ölkədəki ictimai-siyasi vəziyyət, qurumun bundan sonrakı vəzifələri və digər məsələlər müzakirə ediləcək. İclas saat 16-da AXCP-nin qərargahında keçiriləcək.

Milli Şuranın yeni əsasnaməsinin də qəbul ediləcəyi gözlənilir. Hüquq Komissiyasının sədri Vidadi Mirkamal Hafta.az-a bildirib ki, təsis edilərkən qəbul edilən əsasnamədə çox az şeylər nəzərdə tutulmuşdu. Milli Şuranın strukturu və vəzifələri ilə bağlı məsələlərə yenidən baxılır: “Koordinasiya Şurasında müzakirə zamanı əsasnaməyə dəyişiklik üçün bir neçə təklif səsləndirildi. Bunlardan biri strukturla bağlıdı. Yeni yarananda Milli Şuranın bir sessiyası, bir də sədri vardı. İndi isə Koordinasiya Mərkəzinin yaradılması, onun səlahiyyətlərinin müəyyən edilməsi təklifi edildi. Bu yeni struktur deyil. Sadəcə, hazırda fəaliyyət göstərən Koordinasiya Şurası əvvəlki əsasnamədə nəzərdə tutulmurdu. Bundan başqa sessiyanın, Koordinasiya Mərkəzinin və sədrin də səlahiyyətinin müəyyənləşdirilməsi bu əsasnamədə öz əksini tapacaq”.

Milli Şuranın üzvlük proseduru da asanlaşdırılıb: “Üzvlük proseduru ilə bağlı dəyişiklik edilib. Bundan öncəki qaydaya görə yeni üzv olmaq istəyən şəxs Milli Şura üzvlərinin 1/3-nin razılığını almalı idi. Biz fikirləşdik ki, bu çox ağır prosedurdu. Bundan sonra üzv olmaq istəyən şəxs Koordinasiya Şurası və ya Milli Şuranın sədrinin adına ərizə yazmalıdı. Müraciət Koordinasiya Şurasında müzakirə edilib qəbul edildikdən sonra təsdiq üçün sessiyaya təqdim edilməlidi. Koordinasiya Şurasından keçmək üçün üzvlərin ən az 1/3-nin razılığı olmalıdı”.
Sessiya gedişində ötən iclaslarda qəbul edilən qərarların icrasına da nəzər yetiriləcək. Keçirilməsi planlaşdırılan Azərbaycanın Avrointeqrasiyası ilə bağlı dinləmələr müzakirə ediləcək və bununla bağlı qərar veriləcəyi gözlənilir. İclasda yeni üzvlərin qəbulla bağlı müraciətinə də baxılacaq.

Geri qayıt