Əsas Səhifə > Partiya, Güney Press > Erməni əsirliyindəki Hüseynin anası aclıq elan edib:

Erməni əsirliyindəki Hüseynin anası aclıq elan edib:


24-10-2023, 08:03
Erməni əsirliyindəki Hüseynin anası aclıq elan edib:
“Biz analar iki gündür ki, aclıq elan eləmişik. Özümüzə söz vermişik ki, övladlarımızı bizə qaytaralmayana qədər nə yemək yeyəcəyik, nə çay, nə də su içəcəyik. Bizim dövlətimizə böyük hörmətimiz olduğu üçün dövlət idarəsinin qarşısında bunu edib, dünyaya yayımlanmasını istəmirik. Amma özümüz sözləşərək, evimizdə aclıq elan eləmişik. Bu, davam edəcək”.

DİA.AZ bildirir ki, bu sözləri Cebhe.info-ya açıqlamasında 7 aydır Ermənistanda əsir saxlanılan hərbçi Hüseyn Axundovun anası Şəlalə Axundova deyib.

Sonuncu dəfə oğlu ilə oktyabr ayının 19-da danışan ana əsirlikdəki hər iki hərbçinin intihara işarə etdiklərini bildirib:

“Ayın 19-u adi qaydada danışdıq. Aqşin Bəbirov anasına dedi ki, şaiyələrdən bezmişik, biz ölsək də başı dik öləcəyik, artıq yaşamaqdan bezmişik. Mənim oğlum hər saniyə məndən qardaşını soruşur, and-aman edirəm ki, yaxşıdır, evdə, işdə olur. Soruşur ki, səni hara aparmışdılar, qardaşım hardadı, dəqiq yaxşıdırmı və s. Deyirəm ki, axı sənə nə deyiblər ki, sən elə düşünürsən?

Biz Azərbaycandayıq, bizə kim nə edə bilər?! Sonra başa düşdük ki, bizim haqqımızda onlara nəsə deyirlər, psixoloji təsir edirlər. Mən zarafatca dedim ki, evdə sənin üçün sevdiyin turşulardan hazırlayıram. Dedi ki, ay ana, mən turşu hayındayam, bezmişəm həyatımdan. Hər ikisi bildirdi ki, ölsək də başı dik öləcəyik. Aqşin anasına dedi ki, biz özümüzə bir problem yaratsaq, haqqınızı halal edin. Bunlar bizə çox pis təsir edib, dəfələrlə təcili tibbi yardım çağırmışıq, çox gərginik”.

Şəlalə Axundova bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarının iştirakı ilə oğlunun video görüntüsünə baxdığını və oğlunun ağzında dişlərinin olmadığından şübhələndiyini qeyd edib:

“Bu gün videosunu çəkib gətirmişdilər. Heç yaxşı deyildi, üzünü-başını qırxmışdılar. Amma danışığından bilinir ki, dili dodaqlarına, damağına dəyir. Bu dəfə üzünü qırxmışdılar, saçını düzəltmişdilər. Ötən dəfə danışanda özüm dedim ki, bu nədi uşağı saç-saqqal basıb. Amma videodan bilinir ki, dişi yoxdur. Qoca nənələr dişini çıxaranda danışdığı kimi danışırdı. Əvvəlkindən də qat-qat çox arıqlayıb”.

O, oğlu ilə canlı olaraq görüntülü danışmaq istədiyini dilə gətirib:

“Beynəlxalq Qırmızı Xaç Komitəsi bizimlə niyə oyun oynayır? Görüntülü danışdırmırlar, bəhanə edirlər ki, biz videoları paylaşımışıq, səhvə yol vermişik. Yaxşı, biz buna görə üzr istəyirik, valideyn kimi səhvimizi başa düşürük.

Söz veririk ki, daha o videoları heç kimə göstərmərik. Amma birdəfəlik öz telefonumuza, yaxud onların telefonuna görüntülü yığıb danışsınlar. Xəstə adamlarıq, BQXK-nin Bakı ofisinə bir dəfə zəngə, bir dəfə videoya baxmaq üçün gedirəm. Hər iki ailə yolpulu tapa bilmirik.

Bu gün demişik ki, bizim yol pulumuz yoxdur. Özləri evə gətiriblər videoya baxmışıq. Nəyə lazımdır bu evcik-evcik oyunu? Onsuz da onların telefonu ilə danışdırırlar. Görüntülü uşağımızla dərdimizi danışaq, uşağımızın üz-başını dəqiq görək, ürəyimiz toxdasın”.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunaraq həbs ediliblər. Qondarma məhkəmə prosesində Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə 20 il müddətinə həbs cəzası verilib.

Geri qayıt