Əsas Səhifə > Partiya, Güney Press > “Belə bir şey olsa, İranı viran qoyacaqlar”
“Belə bir şey olsa, İranı viran qoyacaqlar”25-10-2023, 09:10 |
Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb. DİA.AZ onunla müsahibəni təqdim edir: - İllərdir gözlənilən İsrail-HƏMAS savaşının niyə indi başladığı, bu prosesin arxasında hansı məqamların durduğu günlərdir müzakirə mövzusudur. Sizin bu barədə fikirləriniz necədir? - İsrailə fələstinlilər arasındakı qarşıdurma qüvvələr nisbətini İsrailin xeyrinə dəyişir. Nəyə görə? Son 40 ildə İsrailə qarşı duran ərəb dövlətləri bir-bir çıxdaş edilir. Məsələn, əvvəl Misir, sonra İordaniya, İraq, Suriya, Liviya, Sudan, Yəmən... Faktiki olaraq, fələstinlilər İsrailin hücumları qarşısında yalqızdır. Təkcə Qətər onları pulla və siyasi cəhətdən müdafiə edir, İran siyasi cəhətdən müdafiə edir və silah dəstəyi verir, Türkiyə də siyasi baxımdan dəstəkləyir. Vəssalam. İsrailə gəlincə, varlı dövlətdir, nəhəng diasporu və lobbiləri, güclü müttəfiqləri var. Bircə Amerikanın adını çəkmək kifayətdir ki, dünyanın ən qüdrətli dövlətinin İsrailin tərəfindən döyüşdüyünü başa düşəsən. Fələstinin tərəfində heç kəs yoxdur. Adlarını çəkdiyim dövlətləri ABŞ-la müqayisə etmək olmaz. Onların (HƏMAS-ın – red.) bu dəfəki hücumu çarəsizlikdən idi. Başa düşürdülər ki, bu dəfə hansısa yeni, qanlı qarşıdurma olmasa, Səudiyyə Ərəbistanı İsraili tanıyacaq. Çünki bundan əvvəl Birləmiş Ərəb Əmirlikləri, Bəhreyn, Mərakeş tanımışdı, Sudan tanımağa hazırlaşırdı. Səudiyyə Ərəbistanı da tanısaydı, fələstinlilər tam yalqız qalacaqdılar. Buna görə də bu qanlı hadisəni törətdilər. Əlbəttə, bu zaman böyük səfehliklər etdilər, özlərinə də nəhəng ziyan vurdular. Vəhşi ənənələr, Xocalını xatırladan barbarlıq – bunlardan özlərinə (fələstinlilərə) də ziyan dəydi. Bu vəhşiliklərlə və qətliamla (HƏMAS-ın İsrailə hücumu ilə - red.) Fələstin xalqının haqq işinə çox sarsıdıcı, ağır zərbə vurdular. Hər halda istəklərinə çatdılar, Səudiyyə-İsrail anlaşması pozuldu. Çar-naçar qalan İsrail indi amansızcasına oranı (Qəzzanı) bombalayır, artıq 4500-dən çox itki var, bunun 1500-ü döyüşçü, qalanı dinc insanlardır. Belə bir durumda sadə camaat da İsrailə qarşı səfərbər olub. Qərbin özündə də İsrailin bombardmanlarına qarşı etirazlar var. Amma onların başqa çarəsi yoxdur. ABŞ da, Rusiya da, Türkiyə də bildirdi ki, bölgədə iki dövlət olmalıdır, bundan sonra arada hasar çəksinlər, bir-birləri ilə əməkdaşlıq etməsinlər, amma belə olmalıdır. İsrail razı olmur. - Müharibə hansı halda genişlənə bilər? ABŞ-ın son gəlişmələr fonunda bölgəyə nəhəng hərbi qüvvə göndərməsi də diqqət çəkir. Bu qüvvə kim üçündür? - Bu ona görədir ki, İran və “Hizbullah” qarışmasın. Onlar da qarışmasa, Fələstini əzəcəklər. - İran və “Hizbullah”ın müdaxiləsi ehtimalı nə qədərdir? - Bunu deyə bilmərəm. Bunu Xameneyi bilər. Bunu heç Qərb siyasətçiləri, strateqləri də bilmirlər. Qarışa da bilər, qarışmaya da. - Belə bir müdaxilə olsa, proses hansı istiqamətdə cərəyan edəcək? - “Hizbullah”ın 5000-dən çox raketi var. İndi “Hizbullah” qarışsa, İsrailin yarısını viran qoyacaq. “Hizbullah”ın yaxşı döyüş təcrübəsi olan quru qüvvələri var, İsrailin ərazisinə girib orada döyüşə bilərlər. Pakistan da bildirir ki, Qəzzada quru əməliyyatı başlasa, İsraili raketlə vuracam. Ərəb dövlətləri məcburən qarışa bilərlər. Amerika görsə ki, böyük müharibə başlayır, Livanı vuracaq, bölgədə nəhəng donanması var. İran İsraili ballistik raketlərlə vura bilər. Əlbəttə, bu zaman İrana qarşı da müharibə başlayacaq. İranı hava zərbələri ilə məğlub etmək mümkün deyil, amma ölkəni viran gününə qoya bilərlər. Bütün bunlar göstərir ki, böyük bir regional müharibə başlaya bilər. Müharibə onsuz da gedir, amma gedişata uyğun olaraq, bunun miqyasının genişlənməsi mümkündür. İndi minlərlə insan həyatını itirib, onda yüzminlərlə, sonra milyonlarla həlak olacaq. - Çin də bölgəyə döyüş gəmisi göndərib. Bəs onun hansı hesabı var? - Çin qarışmayacaq. Çin göstərmək istəyir ki, mən də varam. - HƏMAS-ın arxasında duran qüvvələrdən birinin Rusiya olduğuna dair iddialar səsləndirilir. Bu iddia nə qədər doğru ola bilər? - Rusiya SSRİ-nin yürütdüyü siyasəti davam etdirir, İsraili də tanıyır, ərəblərə də dəstək verir. Amma indi Rusiyanın hansısa iş görmək, kömək etmək, qərar vermək və prosesə təsir göstərmək imkanı yoxdur. Bunlar köhnə fikirdən irəli gələn iddialardır. İndi Rusiyanın nə gücü var?! Yoxdur. Burada – böyründə vassalı Ermənistanı çırpırlar, heç Rusiyanın ona kömək etməyə halı yoxdur. Ukrayna ilə bacarmır. Əlbəttə, Rusiya sevinir, fürsətdən istifadə edir. Sevinir ki, diqqət Ukraynadan yayınıb İsrail ətrafında cəmlənib. Hər halda Rusiyanın bu qədər təsir gücünün olduğunu düşünmürəm. - Qəzzaya girmək istəyın İsrailin məqsədi nə ola bilər? - HƏMAS-ı məhv etmək istəyir. Fələstin Azadlıq Təşkilatı (FAT) və Mahmud Abbas artıq ram edilib, Fələstinə tam tabe olub. İndi Fələstin xalqının döyüşən hissəsi HƏMAS-dır. HƏMAS-ın mənası “İslam Müqavimət Hərəkatı”dır. Millətçi, solçu təşkilatların hamısı iflasa uğrayıb, nəticədə bir islamçı təşkilatlar qalıb. - Bəs İsrail ordusunun Qəzzada quru əməliyyatı niyə gecikir? - Birincisi, quru əməliyyatı başlayan kimi İsrail ordusunun itkiləri artacaq. HƏMAS bu addımı atarkən hesablamışdı ki, İsrail buna cavab olaraq Qəzzaya girəcək. Kifayət qədər silah-sursat toplayıblar ki, belə bir şey olsa, onların tanklarını, toplarını, canlı qüvvəsini məhv etsinlər. İsrail ordusu hava zərbələrində üstün ola bilər, amma küçə döyüşlərində çətinliklə üzləşəcək. Birinci Çeçenistan müharibəsində çeçenlər Qroznıda rus ordusunu darmadağın etmişdilər. Ərəblər də bu təcrübəni öyrəniblər. Küçə döyüşləri risklidir, HƏMAS bunu bilir. Digər yandan, İsrail anlayır ki, quru əməliyyatı başlasa, dinc əhali arasında çox itki olacaq. Belə olsa, dünyada İsraili qınayanların sayı artacaq. - Yaxın Şərq və digər bölgələrdəki hərbi fəallıq Üçüncü Dünya Müharibəsi ehtimalını gündəmə gətirib. Sizcə, dünya müharibəsinə nə qədər yaxınıq? - Yaxınlaşırıq, amma qənaətimə görə, hələlik bəşəriyyət o qədər ağılsız deyil ki, dünya miqyasında nüvə müharibəsinə başlasın. Nüvə müharibəsi bəşəriyyətin sonu deməkdir. Üçüncü Dünya Müharibəsində bütün insanlar, bitkilər və heyvanlar məhv olacaq. Elm adamları Üçüncü Dünya Müharibəsinin kompüter modellərini qurublar. Belə bir müharibədə qalib və məğlub olmayacaq, bütün bəşəriyyət uduzacaq. Güclü atom bombaları partladıldıqdan sonra Yer kürəsindən fəzaya milyonlarla ton qum, toz və sair qalxacaq, üç-dörd il ərzində bütün dünyanın üzəri qalın toz təbəqəsi ilə örtüləcək. Nəticədə Günəş şüaları Yerə çatmayacaq. Günəş şüaları olmayanda ilk növbədə, bitkilər məhv olacaq. Çünki bitkilər fotosintez sayəsində yaşayırlar. Bitkilər məhv olduqdan sonra heyvanlar da öləcəklər, eləcə də insanlar. Yer kürəsində kimsə qalmayacaq, adalarda da həyat yoxa çıxacaq. Həmin toz təbəqəsi çəkilib Günəş şüaları Yer kürəsinə çatdıqdan sonra yerin altında qalan həşaratlar, böcəklər çıxa bilərlər. Qlobal müharibədən sonra Yer kürəsinin aqibəti belə olacaq. Geri qayıt |