Əsas Səhifə > Partiya, Güney Press > Deputatlar ən çox nəyə pul xərcləyirlər?

Deputatlar ən çox nəyə pul xərcləyirlər?


27-10-2023, 09:34
Deputatlar ən çox nəyə pul xərcləyirlər?
Milli Məclis təkcə qanunverici orqan deyil, həm də xalqın ümid qapısıdır. Bu baxımdan xalqa ən açıq şəxslər deputatlardır, yaxud da onlar olmalıdır. Millət vəkillərinin sosial durumu, rifahı xalqın daim marağında olan mövzudur.

Bəs maraqlıdır, millət vəkilləri ən çox nəyə pul xərcləyirlər?

DİA.AZ bildirir ki, Bizim.Media bu sualla bir neçə deputata müraciət edib.

Etibar Əliyev

Millət vəkili Etibar Əliyev bildirib ki, kommunal xərcləri o qədər də yüksək deyil:

“Mən Qaraçuxur qəsəbəsində, üçotaqlı mənzildə yaşayıram. Kommunal xərclərimiz azdır. Sürücüyə aylıq əməkhaqqı verirəm. Ərzaq alış-verişi üçün də xərcimiz çox deyil.

Mənim ən çox xərcim kitablara çıxır. Ay ərzində kitablara 200 manat pul verirəm. Kitab mağazaları da bunu təsdiqləyər. Yeni hansı kitab çıxsa, qiymətindən asılı olmayaraq, onu almalıyam. Məsələn, dünən Moskvadan 150 manatlıq kitab sifariş etmişəm. Kitablara verdiyim pula görə təəssüflənmirəm, bundan zövq alıram”.

Razi Nurullayev

Deputat Razi Nurullayev deyib ki, ən çox xərci nəqliyyata çıxır:

“Çox yerə getdiyim üçün benzin sərfiyyatı yüksək olur. Maşınım olmayanda taksi ilə getməli oluram. Dəvətlərə, yaslara gedirəm, rayonlara səfər edirəm, bu baxımdan nəqliyyat xərcləri çox olur. İkinci ən çox xərcim supermarketlərdə “Activia” üçün çıxır. Həkim məsləhəti ilə qəbul edirəm. Bu içkini əvvəl 60 qəpiyə alırdım. İndi isə qiyməti 1 manat 60 qəpikdir.

Əvvəllər 100 manata etdiyimiz bazarlıq üçün bu gün 400-500 manat veririk. Bu bahalaşma dayanmır, davam edir. Doğrudur, bütün dünyada bahalaşma prosesi gedir. Ancaq Azərbaycanda bahalaşma ilə insanların gəlirləri tərs mütənasibdir. İnsanların qazancı artırılmalıdır”.

Arzu Nağıyev

Millət vəkili Arzu Nağıyev vurğulayıb ki, kommunal, ev, seçicilərlə iş və həssas təbəqəyə daha çox maddi vəsait ayırır.

Ceyhun Məmmədov

Deputat Ceyhun Məmmədov qeyd edib ki, ən çox xərci avtomobilinin benzininə gedir:

“Davamlı səfərlər, tədbirlər, görüşlər bu istiqamətdə xərclərin artmasına səbəb olur. Daha sonra telefon danışıqları ilə bağlı xərclərim yüksək olur. Eyni zamanda, vətəndaşların maddi yardım ilə bağlı müraciətlərinə imkan daxilində dəstək oluruq”.

Naqif Həmzəyev

Millət vəkili Naqif Həmzəyev isə ən çox xərcinin ərzağa çıxdığını deyib.

Geri qayıt