Əsas Səhifə > Partiya, Güney Press > "8 kəndimiz hələ də Ermənistanın işğalı altındadır, amma..."

"8 kəndimiz hələ də Ermənistanın işğalı altındadır, amma..."


27-10-2023, 11:17
"8 kəndimiz hələ də Ermənistanın işğalı altındadır, amma..."
Tehranda Rusiya Federasiyası, Azərbaycan, Türkiyə, İran və Ermənistan XİN rəhbərlərinin iştirak etdiyi regional 3+3 platformasının ikinci iclasına Rusiya mediasında da maraq böyükdür.

Məlumdur ki, Azərbaycan və Türkiyə başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazda sülh və əməkdaşlıq üzrə danışıqların 2020-ci ilin sonunda 3+3 formatında aparılmasını təklif ediblər. Onların fikrincə, dialoqda Rusiya Federasiyası, Azərbaycan, Türkiyə, İran, Ermənistan və Gürcüstan iştirak etməlidir. Lakin rəsmi Tiflis Moskva ilə münasibətlərinin çətin olduğunu əsas gətirərək bu təklifdən imtina edib. Buna baxmayaraq, formatın adı dəyişməz qalıb və onun çərçivəsində ilk görüş 2021-ci il dekabrın 10-da beş ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində, Rusiyada keçirilib. Tehran görüşünün ardınca üçüncü görüş 2024-cü ilin birinci yarısında Türkiyədə keçirilməlidir.

İran paytaxtındakı görüşdə müzakirələr “Cənubi Qafqazda sülhə, əməkdaşlığa və tərəqqiyə dönüş” mövzusunda olub. Danışıqların mərkəzi hissəsi Ermənistanla Azərbaycan arasında münaqişənin həllini əhatə edib. Bu barədə “Nezavisimaya qazeta” yazıb. Rusiya nəşrinin təhlilində qeyd olunur: tərəflər hesab edir ki, ABŞ və regional sabitliyi pozan digər Qərb ölkələrinin vasitəçiliyi ilə istənilən danışıqların nəticələri şübhə doğurur. “Qafqaz respublikalarının və onların qonşularının mövcud problemləri sülh yolu ilə müzakirə edə bildiyi regional platformanın formalaşdırılması mühüm vəzifədir”- Postsovet Araşdırmaları Mərkəzindən Stanislav Pritçin belə deyib. Ekspert bu danışıqlar yolunun İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına gətirib çıxaracağını gözləmir, lakin qeyd edir ki, onlar etimadlı dialoqun qurulmasına kömək edir, bunsuz hər hansı sənədin imzalanması istənilən effekti verməyəcək.

Qafqaz İnstitutunun rəhbəri Aleksandr İskəndəryan isə ATƏT-in Minsk Qrupunun bir neçə platformaya dağıldığını qeyd edib: “Rusiya, Avropa və Amerika platformaları. Onların hər birində Bakı ilə İrəvan arasında dialoq o qədər də yaxşı getmirdi. Bu baxımdan, Ermənistan Azərbaycanla problemlərinin müzakirə oluna biləcəyi başqa yer axtarır. İstənilən format o zaman uyğundur ki, o, artilleriya və pulemyotlardan imtina edərək masa arxasında söhbətin xeyrinə olsun”, - İskəndəryan vurğulayıb. Azərbaycanlı politoloq İlqar Vəlizadə də onunla razılaşır: “Cənubi Qafqazda hamı dinc dialoq qurmaq və regional təhlükəsizlik sistemi yaratmaq istəyir. Eyni zamanda Avropa İttifaqı və ya ABŞ-da deyil, regional platformada görüşmək daha yaxşıdır, çünki orada respublikalarımız müstəqil şəkildə gündəm formalaşdıra bilmir”.

Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 25-də Tiflisdə keçirilən beynəlxalq tədbirdə yaxın zamanlarda Azərbaycanla sülh müqaviləsini imzalayacağına ümid etdiyini bildirib. Onu da etiraf edib ki, Azərbaycan və Türkiyə ilə yolların açılmasından ötrü sülh müqaviləsinə ehtiyac var. Amma N.Paşinyan yolların açılmamasına görə məsuliyyətindən, ölkəsinin yaratdığı maneələrdən bəhs etməyib, “oxu atıb, yayı gizlədib”. Bundan əvvəl də Paşinyan sülh anonsu vermişdi, lakin hər dəfə gərginliyi tətikləyən davranışların şahidi olmuşuq. Brüssel görüşünün liderlər səviyyəsində baş tutmaması da Ermənistanın və onun “ağa”larının məsuliyyətidir. Bölgəni qarışdırmaq istəyənlər daha çoxdur, nəinki barışdırmaq. Elə Kanadanın xarici işlər nazirinin Ermənistana səfəri çərçivəsində Azərbaycanla sərhədə gəlməsi, Qarabağdan könüllü köçən ermənilərlə görüşməsi də gərginliyin artması istiqamətində növbəti addımdır. Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təsir etməli olan dövlətlər Zəngəzurda baş konsulluq açmaq yarışına giriblər, bu da bir reallıqdır.

Belə bir durumda Rusiya İran və Türkiyənin iştirakı ilə yeni “Minsk Qrupu”nu formalaşdırmaq istəyini ortaya qoya bilərmi? Konkretləşdirsək, Kreml Bakı və Ankaranın ideyası əsasında formalaşan formatın “təkəri”ni ayrı səmtə yönəldə bilərmi? Ümumiyyətlə, regionun həm də iki maraqlı ölkəsinin - İran və Türkiyənin birgə platformada hərəkəti Azərbaycanın və Rusiyanın maraqlarına nə qədər uyğundur?

DİA.AZ bildirir ki, deputat Sahib Alıyev bu mövzuda “Yeni Müsavat”a açıqlamasında öncə bunları söylədi: “Azərbaycanla Türkiyə 3+3 formatını sülh danışıqlarının aparılması üçün yox, aralarında qarşıdurma olan region dövlətləri arasında əlaqələrin normallaşdırılması, əməkdaşlıq və inteqrasiya platforması kimi irəli sürmüşdülər. Ancaq Qərbin regionda oynadığı destruktiv rol, sülhdənsə, Azərbaycanla Ermənistan arasında qarşıdurmanın qalmasında və onun idarə edilməsində maraqlı olduqlarının getdikcə daha aydın nəzərə çarpması onlarla məsafəli davranışdan başqa ayrı yol qoymur. Bilirsiniz, Azərbaycan öz torpaqları üzərində suverenliyini demək olar ki, tam təmin etdiyindən biz artıq heç hara tələsmirik. Düzdür, 8 kəndimiz hələ də Ermənistanın işğalı altındadır. Amma qarşı tərəf də, ona havadarlıq edənlər də gözəl bilirlər ki, iki ölkə arasında şərti sərhəddəki indiki vəziyyətdənsə, həmən kəndlərin geri qaytarılması Ermənistana daha çox əl verərdi. Yəni bu gün haylar sülhdə bizdən daha çox maraqlı olmalıdırlar. Amma təəssüf ki, qarşı tərəf subyektivliyini tam itirdiyindən hərəkətlərində biz hələ bunu görmürük. Ermənistan üçün hazırda ən önəmli olan özünün təhlükəsizliyi, sərhədlərinin toxunulmazlığı və üzərində suverenliyinin təminidir".

S.Alıyev bildirdi ki, sülh danışıqlarının əsas elementi kimi Qarabağda yaşamış hayların ora qaytarılması Ermənistanın gündəliyi deyil: “Bu gündəlik Azərbaycanla Ermənistan arasında qarşıdurmanın həllindənsə, onun idarəsində maraqlı olanların Tayvo Klaar kimi "münaqişə hələ bitməyib" deyənlərin, Şuşaya səfirlərini göndərməyənlərin Ermənistana sırıdıqları gündəlikdir". Deputat qeyd etdi ki, tərkibində kimlərin yer almasından asılı olmayaraq, Azərbaycanın yeni Minsk Qrupuna ehtiyacı yoxdur: "3+3 formatına gəldikdə, əgər sülh istəyirsə, bu, Ermənistanla ikitərəfli danışıqları asanlaşdıran platforma rolunu oynaya bilər. Hər halda, fikrimcə, Azərbaycanın yanaşması belədir. Və nə qədər paradoksal görünsə də, həmin platformada yer alan Rusiya ilə İran hazırda həm sülh, həm də mövcud regional reallıqla razılaşmaq məsələsində ABŞ və Fransanın güclü təsiri altında olan Avropa Birliyindən daha konstruktiv təsir bağışlayırlar. Azərbaycan bu reallığı görür və ona da uyğun hərəkət edir".

Azad Vətən Partiyasının sədri Akif Nağı hesab edir ki, formatın adını dəyişməyə ehtiyac yoxdur: “Gürcülər gec-tez oraya qoşulacaq, qoşulmasa da elə bir ziyanımız olmayacaq. İndiki şəraitdə 3+3 formatı daha optimal görünür. Burada Türkiyənin yer alması maraqlarımıza tam cavab verir. Rusiya uzun müddət rəsmi Ankaranın vasitəçilik missiyasına qoşulmasına imkan vermədi. Paşinyan Türkiyənin iştirak etdiyi formatdan həmişə çəkinib. İndi həm Rusiya, həm də Ermənistan Türkiyənin artan nüfuzu ilə hesablaşır, onun yanında yer alırlar". A.Nağı xatırlatdı ki, iki il əvvəl Prezident İlham Əliyev bu formatı təqdim etmişdi, Rəcəb Tayyib Ərdoğan isə dəstəkləmişdi: “İndi bütün region dövlətləri Ərdoğanın təklifləri ilə hesablaşmalı olur. Böyük ehtimalla 3+3 formatı çərçivəsində sülh sazişinin layihəsi hazırlanacaq, mətn "Brüssel formatı" ilə razılaşdırılacaq, sonra imzalanacaq. Məntiqlə, həmçinin prosesləri təhlil etməklə bu qənaətə gəlmək olar".

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılov da bu formatla bağlı ümidlərin olduğu qənaətindədir: “Etiraf etmək lazımdır ki, 3+3 gələcəyi dəyişdirəcək formatlardandır. Gələcəkdə bu formatın təşkilata çevrilməsi ehtimalları çox böyükdür. Nəzərə almaq lazımdır ki, özəlliklə postpandemiya və müharibələr sonrası dövr üçün 3 xüsusa görə yeni əməkdaşlıq formatlarının əhəmiyyəti var: birincisi, iqtisadi alternativlər regional güclər üçün yeni nəfəslik deməkdir; ikincisi, yeni kommunikasiya və tranzit imkanları daha ucuz qiymətə daha rahat transferlərə səbəb olacaq; üçüncüsü, Qərb imperializmi təhdidlərini artırır, ona görə də yeni platformalar aktuallaşır". T.İsmayılovun qənaətinə görə, Rusiya, İran və Türkiyənin bir çox hadisələrə fərqli mövqeləri var: “İnandırıcı gəlmir ki, 3 ölkə hansısa yeni "Minsk formatı" yaratsın. Amma 3+3 çərçivəsində üçlü əməkdaşlığı dərinləşdirə bilərlər. İran hadisələrə rasional yox, ideoloji yanaşır. Məhz buna görə də İran və Türkiyə münasibətlərində dərin əməkdaşlıq mümkün deyil. Amma şərtlər iki ölkənin müəyyən sahələrdə birliyini yarada bilər. Hər halda, İran və Türkiyənin yaxınlaşması Rusiya və Azərbaycan əleyhinə nələrəsə səbəb ola bilməz. Bu baxımdan, bölgə ölkələrinin buna qarşı çıxacağını düşünmürəm”.

Geri qayıt