Əsas Səhifə > Partiya, Güney Press > "İddiamdan geri çəkilən deyiləm, Eldəniz Quliyev cəzalandırılmalıdır"

"İddiamdan geri çəkilən deyiləm, Eldəniz Quliyev cəzalandırılmalıdır"


20-02-2014, 11:03
"İddiamdan geri çəkilən deyiləm, Eldəniz Quliyev cəzalandırılmalıdır"
"İddiamdan geri çəkilən deyiləm, Eldəniz Quliyev cəzalandırılmalıdır. Həm də mənə lazımdır ki, bunun arxasında kimlərin durduğu üzə çıxsın". Bunu Trend-ə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev ona və partiya üzvlərinə yönəlmiş davamlı təhqiredici fikirlər səsləndirildiyi deyilən "El" Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyevi bu hərəkətlərinə görə məhkəməyə verməsini şərh edərkən deyib.

Ə.Əliyev qeyd edib ki, bunun arxasında duran kimsə var: "Çünki o məntiqsiz davranır. Bu məsələnin subyektiv tərəfi var. Yəni o insanın tərbiyəsindən, düşüncəsindən, dünya görüşündən, səviyyəsindən irəli gələn tərəfi və siyasi mahiyyəti var. İnsan tərbiyəsi ilə bağlı onu deyə bilərəm ki, heç bir özünə hörmət edən adam, hətta cahil yaşında olsa belə, bu sözləri özünə sığışdırmaz. Onun yaşı altmışı keçib, saçı-saqqalı ağarıb, amma ağlı primitiv düşüncə səviyyəsində qalıb və bu insanları təhqir etməyi özünə ayıb bilmir".

VİP sədri məsələnin siyasi tərəfinin rəhbərlik etdiyi partiyanın Milli Şura ilə bağlı tutduğu mövqe ilə əlaqədar olduğunu bildirib: "Birinci səbəbi ötən ilin aprel ayından başlayaraq avqustun sonlarına qədər Milli Şura ilə bağlı tutduğumuz mövqe ilə əlaqələndirirəm. O vaxt açıq-aşkar bir qrup insan bu layihədə siyasi məqsədlər güdərək, bir qrup insan şəxsi ədavət, bir qrup insan isə pul qazanmaq məqsədilə Moskvanın layihəsində işləmək qərarı vermişdi. O vaxt bizim ölkədə birinci olaraq səsimizi ucaltmağımız, Milli Şuranın Moskvanın layihəsi olmasını deməyimiz Milli Şurada iştirak edənlərin heç birinin marağına uyğun deyildi. Lakin kimlərsə burada sırf şəxsi maraqlar güddüyündən bizim şəxsi mövqeyimizin acığını indi bizdən çıxmağa başlayıblar. Çünki bizim tamamilə neytral şəkildə dediyimiz fikrə çox aqressiv, qeyri-adekvat, etik çərçivələrə sığmayan tərzdə cavab veriblər".

Ə.Əliyevin fikrincə, bu qeyri-adekvatlıq odan irəli gəlir ki, "El" Hərəkatının müəlliflərindən biri və əsas moderatoru Eldar Namazovun ünvanına deyilən fikrə cavab olaraq Eldəniz Quliyev ona qarşı danışmağa başlayıb: "Eldar Namazovu tanıdığımdan və onun şəxsi keyfiyyətlərini bildiyimdən, belə başa düşürəm ki, o, Milli Şura tərkibində 3-cü qrup insanlara aid olub və bunların daxillərində belə bir acıq qalıb ki, biz bunların əlindən pullarını almışıq. Bu məsələnin ikinci siyasi tərəfi o ola bilər ki, Eldar Namazov Milli Şuranı tərk edib və özünün bu siyasi fərariliyini ört-basdır etmək üçün "El" hərəkatı ətrafında bu cür hay-küy yaratmaqla özünün müxalifətçi olduğuna dəlalət edən fikirlərin formalaşmasına cəhd edir və çalışır ki, öz fərrariliyi kölgədə qalsın. Məsələnin 3-cü tərəfi isə ondan ibarətdir ki, Milli Şuranın əsas ideya müəlliflərindən biri kimi Eldar Namazov Rusiya layihəsində yer almaqla və moderatorluq etməklə, Azərbaycanın Rusiyaya tərəf getməsində maraqlı göründü və onun siyasi siması cəmiyyət üçün açıldı. İndi isə Milli Şuradan çıxaraq özünə müxalifətçi imici yaratmağa və özünü sanki Rusiya layihəsində iştirakçı olmamış kimi aparmağa çalışır. Bu, siyasi-taktiki gedişdir və hökumətdən 2015-ci ildə parlamentdən mandat almağa hesablanmış manevrlərdir. Biz istənilən siyasi debatlara hazırıq. Eldar Namazov mənim siyasi fəaliyyətim haqqında mətbuatda fikirlər səsləndirib. Mən onu mətbuat vasitəsilə siyasi debatlara dəvət etmişəm. Əgər o həqiqətən də mənim fəaliyyətim haqqında fikrində qətidirsə, özündə cürət hiss edirsə, arqumentlərinin dəqiqliyinə əmindirsə və bir siyasətçi statusuna iddialıdırsa, buyursun gəlsin debatda haqlı olduğunu sübut etsin".

Geri qayıt