Əsas Səhifə > Partiya, Güney Press > "Hiss olunur ki, artıq belə bir tələb Ermənistan cəmiyyətində yetişir"
"Hiss olunur ki, artıq belə bir tələb Ermənistan cəmiyyətində yetişir"1-11-2023, 08:04 |
“Ermənistan müxtəlif dövlətlərin əlində oyuncağa çevrilib. Ona görə də öz iradəsi ilə heç vaxt qərar qəbul edə bilmir”. DİA.AZ bildirir ki, bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Cebhe.info-ya açıqlamasında bildirib. O deyib ki, İrəvan hakimiyyəti indi də öz maraqlarına uyğun qərar qəbul edə bilmir: “Əslində Ermənistan öz iddialarından imtina etməli və sülh müqaviləsini imzalamalıdır ki, rahat şəkildə özünün daxili dövlət quruculuğu ilə məşğul ola bilsin. İrəvan hazırda iqtisadi, siyasi və hərbi cəhətdən çöküb. Bunlara baxmayaraq, hələ də oyun oynayırlar. Rəsmi İrəvan Azərbaycanın şərtlərini qəbul etməlidir. Ermənistan Qərbin və ya Rusiyanın sifarişi ilə hərəkət edir, öz maraqları yaddan çıxır. Nəticədə belə bir vəziyyət yaranıb. Yaxın vaxtlarda sülh müqaviləsinin imzalanmasına ümid azdır. Çünki Ermənistanın öz qərarı və iradəsi yoxdur”. Sədrin sözlərinə görə, sülh müqaviləsinin imzalanması üçün Ermənistanın daxilində də müəyyən təzyiqlər ola bilər: “Yəni erməni əhalisinin bəzi təbəqəsi fərqli yanaşma sərgiləyərək sülh müqaviləsinin imzalanmasını tələb edir. Onlar Qarabağla bağlı əsassız iddialardan geri çəkilməli və Azərbaycanla normal münasibətlər qurmalı olduqlarını başa düşürlər. Bəzi revanşist qüvvələr isə heç nə ilə razılaşmayaraq, özlərini məğlub durumdan çıxarmağa çalışırlar. Lakin Qarabağdan köçən ermənilərə və keçmiş qondarma qurumun “rəhbər”lərinə qarşı Ermənistanda mənfi rəy formalaşıb. Hətta onların ölkədən çıxarılmasını belə tələb edirlər. Fikrimcə, müəyyən bir müddət sonra ermənilərin müəyyən bir hissəsi meydana çıxaraq açıq şəkildə də sülh müqaviləsinin imzalanmasını tələb edə bilər. Hiss olunur ki, artıq belə bir tələb Ermənistan cəmiyyətində yetişir”. Geri qayıt |