Əsas Səhifə > Partiya, Güney Press > Meydan daralıb: Müxalifətdəkilərin 90 faizi siyasətdən gedəcək?

Meydan daralıb: Müxalifətdəkilərin 90 faizi siyasətdən gedəcək?


1-11-2023, 14:00
Meydan daralıb: Müxalifətdəkilərin  90 faizi siyasətdən gedəcək?
"İndiki siyasi qüvvələr Qarabağ dalğasında siyasətə gəliblər". Bu barədə ReAL Partiyasının təmsilçisi Natiq Cəfərli "Bakupost.az"a müsahibəsində deyib. Onun sözlərinə görə, son illər iqtidar düşərgəsində nəsil dəyişimi baş verib, lakin müxalifətdə isə bu, baş verməyib:

"20-30 il əvvəl Qarabağ dalğasında siyasi səhnəyə gələnlər yenə də siyasətdədir. Artıq Qarabağ məsələsi bitib və ona görə həmin müxalif siyasilər öz vizyonuna korreksiya etməlidirlər. Amma edə bilmirlər. Müxalifət dünyadakı yeni trendləri, yeni ab-havanı tuta bilmir, Azərbaycan iqtidarı bunu daha yaxşı bacarır. Ona görə də müxalif cameədə olanların 90 faizi siyasətdən gedəcək". N.Cəfərli əlavə edib ki, Azərbaycanda siyasi partiyalar lider ətrafında formalaşıb. Həmin liderlərin ideoloji kimliyi, məsələlərə baxışı haqqında insanlar məlumatsız olub: "Yeganə ana xətt ondan ibarət olub ki, biz hakimiyyətə qarşıyıq, özümüz hakimiyyətə gəlmək istəyirik. Ancaq sən necə hakimiyyətə qarşısan və hakimiyyətə gələndən sonra nələr dəyişəcək? Bu suallarla bağlı son 30 ildə boşluqlar olub". O qeyd edib ki, ölkədə müxalif cameə nəyinsə leyinə yox, kiminsə və nəyinsə əleyhinə formalaşıb: "Əleyhinə" tipli birliklər və yanaşmalar isə çox vaxt uğursuzluqla nəticələnir".
DİA.AZ-ın xəbərinə görə, səslənən fikirlərlə bağlı "Sherg.az"a danışan AĞ Partiyanın sədri Tural Abbaslı deyib ki, siyasət "köhnə-təzə", "yaşlı-gənc" məsələsi ilə deyil, düşüncələrlə bağlıdır. Partiya rəhbəri vurğulayıb ki, müasir siyasi çağırışlara cavab verə bilməyən, mövcud siyasi proseslərə adaptasiya olmaqda çətinlik çəkən siyasilər onsuz da səhnədə qala bilməyəcəklər və gedəcəklər:

"Siyasi təşkilatlar, strukturlar, hətta tarixi adlara malik olan, Azərbaycanın siyasi-tarixi keçmişində mühüm rol oynamış partiyalar belə müasir zamanın çağırışına, gənclərin tələb və istəklərinə cavab vermədikləri üçün sıradan çıxacaqlar. Artıq bu proses başlayıb. AĞ Partiya 7 ildir fomalaşıb, amma Azərbaycanda bizim partiya ilə rəqabət apara biləcək siyasi təşkilatların sayı bir əlin barmaqları qədərdir. Bəlkə ondan da azdır. Əgər ölkədəki partiyalar içlərindən dəyişməsələr, yenilənməsələr, təfəkkür və düşüncələrini, ritorikalarını, cəmiyyətə verdikləri mesajları redaktə etməsələr, istər könüllü, istər məcburi, mütləq siyasi səhnədən gedəcəklər. Bu da təbii qarşılanacaq".

T.Abbaslı bir daha vurğulayıb ki, söhbət fiziki-bioloji yaşdan, yaşlı və ya gənc olmaqdan getmir:

"Məsələ zehni qocalıq, dünya görüşünün, təfəkkürün köhnəlməsidir. İnkarolunmaz faktdır ki, Azərbaycan tamamilə yeni mərhələyə qədəm qoymaqdadır. Müstəqilliyimizi əldə etsək də, 30 il ərzində ərazi bütövlüyümüzü, suverenliyimizi təmin edə bilməmişdik. Bütün proseslərin, siyasi-hərbi və iqtisadi hadisələrin mərkəzində Qarabağ faktoru dayanırdı. Şükürlər olsun ki, ərazi bütövlüyümüzü, suverenliyimizi təmin etdik. Siyasi partiyalar da yeni düzənə ayaq uydurmalıdır".

Geri qayıt