Əsas Səhifə > Partiya, Güney Press > "Ordumuz BMT-nin görməli olduğu işi icra etdi"

"Ordumuz BMT-nin görməli olduğu işi icra etdi"


4-11-2023, 08:57
"Ordumuz BMT-nin görməli olduğu işi icra etdi"
"Azərbaycan 44 günlük Vətən müharibəsi ilə suveren ərazilərini Ermənistanın işğalından azad etdi. Halbuki, bu problemi sülh danışqlar yolu ilə həll etmək mümkün idi. Ortada icra olunmalı BMT-nin 4 qətnaməsi vardı və bu qətnamələrin icra etdirilməsinə mandat verilmiş ATƏT-in Minsk qrupu yaradılmışdı. ATƏT-in Minsk qrupu 28 ildə regiona boş-boşuna səfərlər edir və münaqişəni donduraraq, Azərbaycanın işğalla barışdırılmasına çalışırdı. Amma Prezident İlham Əliyev xalqımızın işğalla heç vaxt barışmayacağını və danışıqlar yolu ilə işğala son qoyulmayacağı təqdirdə, bunu güc yolu ilə edəcəyimizi müxtəlif tribunalardan bəyan edirdi".
DİA.AZ bildirir ki, bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Badamov danışıb. Deputat bildirib ki, ATƏT-in Minsk qrupu və Ermənistan bu çağırışları ciddi qəbul etmədi və Azərbaycan müharibəyə əl atmağa məcbur oldu.

“Beləliklə torpaqlarımızı işğaldan azad etməyimizlə BMT-nin görməli olduğu işi ordumuz gördü və Minsk qrupu lazımsız bir təşkilat kimi tarixin arxivinə göndərildi. Azərbaycan suverən ərazilərinin bütövlüyünü bərpa edəndən sonra da Qərb 30 illik işğal dövründə olduğu kimi vəziyyətin qeyri-müəyyən qalmasında maraqlı olmuş, bu məqəsdlə ATƏT-in Minsk qrupunun reanimasiyasına cəhdlər göstərmiş, yenidən uzun-uzadı danışqlar prosesinə start verilmişdi. Vəziyyətin belə qalması daim “parçala, hökm sür” siyasəti yürüdən qüvvələrin öz işlərini bu ənənəvi fəaliyyət prinsipi üzərində qurmaqla Azərbaycana qarşı real təsir və təzyiq mexanizmlərini saxlamağa imkan yaradırdı. Hətta ermənilərin azərbaycanlılarla bir yerdə yaşaya bilməyəcəklərini bəhanə gətirərək, Qarabağın statusu məsələsini yenidən canlandırmağa cəhd etdilər”-deyə deputat qeyd edib. O, bildirib ki, Azərbaycan ordusunun 19 sentyabrda keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə Qərbi narahat edən bütün məsələlər öz həllini tapdı. Azərbaycan artıq bütün ərazilərində suverenliyi bərpa etmişdir və bundan sonra ərazilərimizi müzakirə mövzusuna çevirməyə heç kimə imkan verilməyəcək.

“Qarabağdan könüllü şəkildə köçmüş ermənilərlə bağlı fikrimizi açıq şəkildə bəyan etmişik. Biz ərazilərimizdə heç kimi güclə tutub saxlayaraq yaşamaqlarına davam etməklərinə məcbur edə bilməzdik. Əgər Qarabağı tərk etmək istəyən ermənilərə dəhliz verməsəydik, onlar bizi başqa məsələlərdə ittiham edəcəkdilər. Bu günün reallığı odur ki, ərazilərimizdə suverenliyimiz bərpa olunub və Qarabağda bütün hərəkətlər konstitusiyamıza uyğun tənzimlənilməsinə başlanıb, Qarbağdan könüllü köçmüş ermənilərin geri qayıtması məsələsi mümkün olacaq”-deyə deputat əlavə edib.

Azər Badamov əlavə edib ki, 80-ci illərin sonu 90-cı illərin əvvəlində Ermənistandan deportasiya olunmuş 250 min azərbaycanlının da geri qayıtması məsələsi paralel olaraq, öz həllini tapmalıdır. Bu da unudulmamalıdır. Artıq məsələlərin həllində birtərəfli şəkildə Ermənistana üstünlük qazandırmaq dövrü arxada qalıb və bu gün belə cəhdlərin yenidən reallaşdırılması mümkün deyil.

P.S. ABŞ, Avropa İttifaqı, Fransa və s. 30 illik işğal dövründə olduğu kimi, bu mərhələdə də vəziyyətin qeyri-müəyyən qalmasında maraqlı olmuş, bu məqsədlə ATƏT-in Minsk qrupunun reanimasiyasına cəhdlər göstərilmiş, yenidən uzun-uzadı danışıqlar prosesinə start verilmişdi. 30 illik yuxudan ayılan bu dövlətlər öz manipulyasiya və təzyiq aparatlarının işləmədiyini gördülər. 30 il iki ölkə arasında yol ölçən Minsk qrupu fiziki çəki artırıb siyasi çəki itirməkdən başqa heçnə etmədilər. Qərbin "qəfəs"indən çıxardığımız Qarabağ məsələsi artıq bölgədə təsir dairəsini itirən Qərb üçün rəfə qaldırılmış və həll olunmuş tarixi yaddaş kimi qaldı.

Geri qayıt