Əsas Səhifə > Partiya, Güney Press > “Müəllim köhnə dərsləri keçirsə, yüksək əməkhaqqı istəyə bilməz”

“Müəllim köhnə dərsləri keçirsə, yüksək əməkhaqqı istəyə bilməz”


15-11-2023, 10:01
“Müəllim köhnə dərsləri keçirsə, yüksək əməkhaqqı istəyə bilməz”
“Bir sıra ali təhsil müəssisələrində maaş orta məktəb müəllimindən aşağıdır. Bu ziddiyyət aradan qaldırılmalıdır”.

Bu fikirləri Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat Ceyhun Məmmədov bildirib.

Bizim.Media-ya danışan deputat Etibar Əliyev həmkarının fikrinə münasibət bildirib.

O, məsələyə fərqli yanaşdığını deyib:

“Bu gün əməkhaqqını artırmaq üçün orta təhsildə müəyyən imtahanlar keçirilir. Məsələn, diaqnostika və sertifikasiya. Ancaq ali təhsil sistemində vəziyyət bir qədər fərqlidir. Azərbaycanda ali məktəb müəllimlərinin əməkhaqları ona görə azdır ki, keçdikləri dərslərin saatlarına uyğun vəsait ödənilir, elmi tədqiqatlara vəsait verilmir.

Dünya praktikasında isə vəziyyət başqadır, elmi tədqiqatlara əməkhaqqı yüksək verilir. Müəllimin dediyi dərs saatlarına uyğun olaraq əməkhaqqının üzərinə əlavələr olur. Digər tərəfdən isə dünyada nəticəyə köklənən əməkhaqqı sistemi müəyyənləşdirilib. Burada alimin çap olunmuş elmi tədqiqat işləri, tələbələr arasında nüfuzu, müəllimin iştirak etdiyi simpoziumlar və yerli jurnallardakı bir sıra məqalələri kriteriyalar kimi müəyyənləşdirilir. Bu kriteriyalar əsasında ali məktəb rəhbəri müəllimin əməkhaqqını qaldıra bilir”.

Deputat vurğulayıb ki, müəllim köhnə dərsləri deyirsə, imitasiya edirsə, təbliğat aparmırsa, tələbələri elmi tədqiqatlara cəlb edə bilmirsə, yüksək əməkhaqqı istəyə bilməz:

“Keyfiyyət fərqli olmalıdır. Bizim müəllimlərimiz 1970-1980-ci illərin mühazirələrini oxumaqla Finlandiyanın əməkhaqqını tələb edə bilməzlər. Bu gün imkan yaradılır ki, rektorlar müəllimlərin əməkhaqqını sərbəst şəkildə artıra bilsinlər. Ali məktəb rəhbərliyi hiss etsə ki, müəllim keyfiyyətsiz dərs keçir, onu uzaqlaşdırmalıdır.

Azərbaycanda elə ali məktəblər var ki, yaxşı müəllimlərin qayğısına qalırlar, onları izləyirlər. Həmin müəllimlər həçmişə seçilirlər. Kollektiv də onları tanıyır, bilirlər ki, həmin şəxslər tədqiqat aparır, xaricdə tanınırlar, məqalələri, konfransları ilə diqqət mərkəzində olurlar.

Hazırda Qarabağda quruculuq işləri gedir, böyük vəsaitlər xərclənir. O işləri qismən tamamlayandan sonra sosial dövlət olaraq öz inkişafımızı davam etdirəcəyik. Bu zaman müəllimlərin və həkimlərin əməkhaqqında inkişafa doğru dəyişiklik olacaq”.

Geri qayıt