Əsas Səhifə > Partiya, Güney Press > Seçki institutlarına üstünlük verilməlidir

Seçki institutlarına üstünlük verilməlidir


17-11-2023, 07:58
Seçki institutlarına üstünlük verilməlidir
Azərbaycanda referendumun keçirilməsi ilə bağlı müzakirələr zaman-zaman gündəmə gəlir. Bir qisim hesab edir ki, konstitusiyada ciddi dəyişikliklərin edilməsinə ehtiyac var. Vurğulanır ki, proporsional seçki sisteminin bərpası, parlament üzvlərinin sayının artırılması, ikipalatalı parlament sisteminə keçilməsi, həmçinin Nazirlər Kabinetinin funksiyalarında dəyişikliklər edilməsi, rayon icra hakimiyyətlərinin ləğvi və yeni idarəetmə mexanizminin tətbiqi kimi məsələlərin reallaşması olduqca vacibdir. Hətta bəzi deputatlar Milli Məclisin payız sessiyasında bu məsələnin gündəmə daşınacağını da iddia etmişdilər. Ara-sıra müzakirələr aparılsa da, referendumun keçirilməsi və qanunvericilikdə köklü dəyişikliklərlə bağlı konkret addımlar atılmır.

Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü, politoloq Əli Oruclu "Sherg.az"a bildirib ki, sözügedən dəyişikliklərə ciddi ehtiyac olduğunu düşünür.
Partiya təmsilçisi bəyan edib ki, Azərbaycanda başlamış yeni dönəm qanunvericilik və idarəetmə sahəsində də yenilənməni şərtləndirir:
"2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra reallıqlar dəyişdi, yeni çağırışlar gündəmə gəldi. Yeni idarəetmə metodologiyasına, fəlsəfəsinə keçid edilməlidir. Bu addım ölkədə demokratik institutların formalaşdırılması üçün də vacibdir. Qərəzli dairələr Azərbaycana təzyiqlərdə ən çox demokratik cəmiyyət məsələsini bəhanə edirlər. Həm də nəzərə alınmalıdır ki, cəmiyyətin özü yerlərdəki köhnə idarəetmə üsulundan bezib. İşğaldan azad olunmuş ərazilərdə, bölgələrdə Prezidentin xüsusi nümayəndələri fəaliyyət göstərir. Xüsusi nümayəndəliklə icra hakimiyyətləri funksiyaları üst-üstə düşdüyü üçün paralellik yaranır. Bu strukturların biri, daha doğrusu, əvvəlki institut ləğv olunmalıdır. Paralellik idarəetmənin effektliyini azaldır. Digər yandan çevik idarəetməyə ehtiyac var. İcra hakimiyyətləri orqanları ləngdir, müasir çağırışlara cavab vermirlər. İcra hakimiyyətləri öz dövrlərini başa vurublar. Bu strukturlar mütləq dəyişdirilməlidir".

Ə.Oruclu vurğulayıb ki, bələdiyyələrin rolu, fəaliyyət istiqamətləri və nüfuzu artırılmalıdır:
"Seçki institutlarına üstünlük verilməlidir. Dünyanın hər yerində belədir. Yerlərdə icra orqanları sadəcə Prezidentin nümayəndələri kimi qalmalıdır. Türkiyə modelində valilik institutu Prezidentin yerlərdə nümayəndəsi kimi məhdud fəaliyyət göstərir. Digər bütün səlahiyyətlər, idarəetmə, təsərrüfat işləri hamısı bələdiyyələrin, seçkili qurumların nəzarətindədir. Biz də bu sistemə keçməliyik. Bunun üçün də siyasi institutların fəaliyyəti genişləndirilməli və islahatlar həyata keçirilməlidir. Azərbaycanda 2002-ci ilədək majoritar və proporsional qarışıq seçki sistemi mövcud idi. Sonra proporsional seçki sistemi ləğv olundu və majoritar sistemə keçildi. Ancaq bu sistem özünü doğrultmadı. Siyasi partiyalar ictimai proseslərdən kənarlaşdırıldı. Çünki siyasi partiyalar zəiflədiyi zaman onların yerini radikal dini qruplaşmalar tutur. Bu, çox təhlükəli haldır. Deputatların sayının da artırılması zəruridir. Bütün bunları da reallaşdırmaq üçün mütləq konstitusion dəyişiklik və referendum olmalıdır".

Geri qayıt