Əsas Səhifə > Partiya, Güney Press > "Onlar Ağdamdan çox çəkinirdilər"

"Onlar Ağdamdan çox çəkinirdilər"


20-11-2023, 17:20
"Onlar Ağdamdan çox çəkinirdilər"
“Ağdam çox böyük əhəmiyyətə malik şəhərdir”.

Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Cebhe.info-ya açıqlamasında deyib. O bildirib ki, Ağdam işğalaqədərki dövrdə ermənilərin regiondakı artıq-əskik hərəkətlərinin qarşısını alan şəhər idi:

“Onlar Ağdamdan çox çəkinirdilər və oradakı prosesləri diqqətlə izləyirdilər. Ağdamlılar da hadisələr başlayan gündən etibarən çox fəal oldular. 1988-ci ilin fevral ayında Ağdamda kütləvi yürüş təşkil olundu. Əgər qarşısı alınmasaydı, bəlkə də məsələ orada bitərdi. Amma həm düşmən silaha əl atdı, həm də hərəkatın dayanması üçün araya girən vasitəçilər oldu.

Ondan sonra döyüşlərin gedişində də ermənilər bilirdilər ki, ağdamlıların müqaviməti davam etdikcə, Qarabağda istəklərinə nailə ola bilməyəcəklər. Birinci Qarabağ müharibəsi dövründə 6 min şəhid verdiyini də unutmaq olmaz”.

Partiya sədri vurğulayıb ki, İkinci Qarabağ müharibəsinin gedişində də əsas məsələlərdən biri Ağdamın işğaldan azad olunması idi:

“Üstəlik, Ağdam şəhərinin işğdaldan azad olunması da olduqca simvolik və əlamətdar oldu. Çünki Ağdam güllə atılmadan azad edildi. Düşmən Ağdamı, Kəlbəcəri və Laçını güllə atmadan qaytarmağa məcbur oldu”.

Akif Nağı onu da əlavə edib ki, bu gün Ağdamda böyük quruculuq işləri gedir:

“Azərbaycan dövlətinin diqqəti oradadır. Ağdamı regionun böyük bir şəhərinə və iqtisadi mərkəzə çevirməklə bağlı çox böyük layihələr var. Oradakı işlər geniş şəkildə davam etdirilir. Ağdamla və insanların ora köçürülməsi ilə bağlı planlar da var. Hesab edirəm ki, Ağdam yaxın vaxtlarda tam şəkildə bərpa olunacaq və əvvəlkindən də qat-qat gözəl olacaq.

Beləliklə, Ağdam dünyanın ən müasir və cəlbedici şəhərlərindən birinə çevriləcək. Ermənilər elə bilirdilər ki, artıq Ağdamı sıradan çıxarıblar. Amma Ağdam küllərindən yenidən doğuldu”.

Geri qayıt