Əsas Səhifə > Partiya, Güney Press > "Əslində, Makron "ədalətsiz mövqe tuturam" demək istəyirdi"
"Əslində, Makron "ədalətsiz mövqe tuturam" demək istəyirdi"23-11-2023, 08:04 |
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistana sülh müqaviləsinin bağlanması üçün danışıqları bərpa etmək çağırışı edib. Vurğulanıb ki, qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır: “Biz Ermənistan tərəfini yeni lüzumsuz yubatmalara yol verməməyə çağırır və danışıqların tezliklə başlanması üçün onların bu çağırışa müsbət cavab verəcəyinə ümid bəsləyirik”. Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla mümkün sülh sazişinə dair altıncı təkliflər paketinin göndərildiyini açıqlayaraq iki ölkə arasında sülhün bərqərar olması üçün real imkanların olduğunu vurğulayıb: "Rəsmi İrəvan, bütün çətinliklərə və çağırışlara baxmayaraq, iki ölkə arasında sülhün bərqərar olması üçün real imkanın mövcudluğuna inanır. İkitərəfli siyasi iradə olarsa, reallaşa bilər". Bundan başqa Ermənistan XİN-dən bildirilib ki, rəsmi Bakının sərhəddə görüş keçirmək barədə təklifinə cavab olaraq, iki ölkənin dövlət sərhədində delimitasiya komissiyalarının iclasını keçirməyə dəvət edib. Politoloq Abutalıb Səmədov "Sherg.az"a açıqlamasında bildirib ki, İrəvan-Bakı sülh danışıqlarının Qərb və ya Moskva olmadan başqa formatlarda aparılması mümkün və zəruridir. Analitik qeyd edib ki, Ermənistan Moskvanın variantlarını qəbul etmir və Rusiyada hər hansı müzakirələrdə iştirak etməkdən qəti şəkildə imtina edir: "Qərbin son dövrlər tutduğu ədalətsiz mövqe Azərbaycanı həm Brüsseldə, həm Vaşinqtonda keçirilən sülh danışıqlarında iştirak etmək imkanından məhrum edir. Yəni bu dərəcədə ədalətsiz mövqe tutan dövlətlərin, yaxud beynəlxalq təşkilatların vasitəçiliyi ilə müzakirələr keçirmək bizim üçün qəbuledilməzdir. Çünki Fransa Prezidenti E.Makron açıq şəkildə etiraf edirdi ki, o, Ermənistandan daha çox Azərbaycan rəhbərliyinə təzyiq göstərməyə çalışır. Əslində, Makron "ədalətsiz mövqe tuturam" demək istəyirdi. Bu, Vaşinqton üçün də keçərlidir. Sonuncu Qranada sammitində Aİ Şurasının prezidenti Şarl Mişel də Ermənistanın üç prinsipini xırda dəyişikliklərlə qəbul etdiklərinə dair sənədə qol çəkib. Yəni Ş.Mişel "mən də Ermənistan mövqeyindəyəm" deyib". A.Səmədov vurğulayıb ki, çıxış yollarından biri sülh danışıqlarını Gürcüstanda aparmaqdır: "Bunu Azərbaycan Prezidenti xeyli əvvəl təklif etmişdi və hələ də qüvvədədir. Yaxud da qeyd olunduğu kimi sərhəddə görüşmək, ikitərəfli danışıqlar aparmaq olar. Ermənistanın bu variantlardan imtina etməsi açıq-aşkar göstərəcək ki, İrəvan Qərbin əlində oyuncağa çevrilib. Aydın olacaq ki, Ermənistan sülh sazişinə nail olmaq üçün heç bir real addım atmaq fikrində deyil. Ümid edək, vəziyyətdən çıxmaq üçün Azərbaycanın təklif etdiyi variantları Ermənistan nəhayət qəbul edəcək". Geri qayıt |