Əsas Səhifə > Partiya, Güney Press > “Qərbin buradakı məkrli planına qarşı 3 ölkə...”

“Qərbin buradakı məkrli planına qarşı 3 ölkə...”


25-11-2023, 08:11
 “Qərbin buradakı məkrli planına qarşı 3 ölkə...”
“ABŞ və Rusiyanın Cənubi Qafqazda təsir imkanlarının bərabər şəkildə neytrallaşması Azərbaycanın xeyrinədir”.

Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Cebhe.info-ya açıqlamasında Ermənistan hakimiyyətinin son hərəkətlərinə qarşı Azərbaycan və Rusiya tərəfindən adevkat addımların atılması ehtimalını şərh edərkən bildirib. O bildirib ki, İrəvan açıq-aşkar anti-Rusiya mövqeyi nümayiş etdirir:

“Ermənistanın dövlət rəsmiləri KTMT-nin son iclaslarında iştirak etməkdən imtina ediblər. Amma o biri tərəfdən bəyan edirlər ki, Ermənistanın KTMT-ni tərk etmək niyyəti yoxdur. Görünür, Ermənistan Qərbin təhriki ilə Rusiya ilə siyasi oyun oynamağa çalışır. Onsuz da Ermənistan uzun müddət Rusiyanın siyasi aləti olub. Moskva hər zaman regionda geosiyasi maraqlarını təmin etmək üçün Ermənistandan sərfəli alət kimi istifadə edib. İndi isə Rusiyaya arxasını çevirən Ermənistan ABŞ və Fransanın siyasi aləti olmağa çalışır.

İrəvan başa düşmür ki, Ermənistanın mövcudluğu Azərbaycan və Türkiyə ilə normal münasibətlərdən keçir. Hər hansı güc mərkəzinin sifarişlərini yerinə yetirməklə özünün mövcudluğu təhlükə altına qoyur. Əlbəttə, Rusiyadan Ermənistana müəyyən təziqlər olacaq. Amma Moskva hələ ki, Ermənistanın şıltaq davranışlarına dözümlü davranır. Kremlin mətbuat katibi Dmitri Peskov mətbuata son açıqlamasında bəyan edib ki, Ermənistan Rusiyadan tam uzaqlaşmayıb və onun müttəfiqidir.

Amma əgər Ermənistan hakimiyyəti Rusiya ilə münasibətləri kəskinləşdirəcəksə və ABŞ-ın siyasi alətinə çevrilicəksə, sözsüz ki, o, Moskva tərəfindən ciddi zərbə alacaq”.

O ki qaldı Azərbaycanın Ermənistanı cəzalandırmasına, Akif Nağı hesab edir ki, rəsmi Bakının belə bir fikri yoxdur:

“Azərbaycan öz müstəqil xarici siyasətini yeridir, öz hərbi-siyasi və iqtisadi mövqeyini daha da möhkəmləndirir”.

Partiya sədrinin sözlərinə görə, Paşinyan hakimiyyətinin addımları İranda da narahatlıqla qarşılanıb:

“Rusiya və İran Cənubi Qafqazla bağlı müəyyən məsələlərdə ortaq maraqlar bölüşürlər. Həm Moskva, həm də Tehran ABŞ və NATO-nun regiondakı proseslərə müdaxiləsinə qarşıdır. Hər iki ölkə ABŞ və NATO-nun bu regionda möhkəmlənməsini qətiyyən istəmirlər. Ermənistan tərəfinin hərəkətləri regionda vəziyyəti gərginləşdirir.

İran da Ermənistanın ABŞ-la münasibətlərindən narahatdır. Habelə ABŞ və Fransa hərbçilərinin Ermənistanda son hərbi təlimləri Tehranda ciddi narahatlığa səbəb olub. Düzdür, İran bir müddət Ermənistanı bizə qarşı müdafiə edib, amma İrəvan Qərblə daha da yaxınlaşarsa, Tehranın bu dəstəyi dayandıracağı istisna deyil”.

Azərbaycan, Türkiyə və Rusiyanın Qərbin Cənubi Qafqazda məkrli siyasi planlarının qarşısını almaq üçün birgə fəaliyyətinə gəlincə, A.Nağı vurğulayıb ki, Bakı və Ankara həm Rusiya, həm də ABŞ-ın regionda təsir imkanlarının məhdudlaşdırılmasının tərəfdarıdır:

“Şuşada imzalanan bəyannamədən sonra Azərbaycan və Türkiyə strateji müttəfiqdir. Türkiyə, həmçinin NATO-nun ən qabaqcıl üzv ölkələrindən biridir. Türkiyə Qərblə müttəfiq olduğu halda Rusiya ilə tərəfdaşlıq münasibətləri qurub. Yəni Türkiyənin həm ABŞ, həm də Rusiya ilə yüksək səviyyəli münasibələri var.

O ki qaldı Cənubi Qafqaz üzrə Rusiya-ABŞ rəqabətinə, Bakı və Ankara hesab edir ki, Qərbin Cənubi Qafqazda fəaliyyəti müəyyən çərçivədə olmalıdır. Eyni zamanda, Rusiya da regionda hökmranlıq etməməlidir. Rusiya və Qərbin regionda geosiyasi maraqlarının neytrallaşması Azərbaycan və Türkiyənin maraqlarına tam cavab verir”.

Geri qayıt