Əsas Səhifə > Partiya, Güney Press > "AYB üzvlərinin böyük əksəriyyəti üzvlük haqqını nə zaman ödədiklərini belə unudublar..."

"AYB üzvlərinin böyük əksəriyyəti üzvlük haqqını nə zaman ödədiklərini belə unudublar..."


26-11-2023, 07:30
"AYB üzvlərinin böyük əksəriyyəti üzvlük haqqını nə zaman ödədiklərini belə unudublar..."
Ölkəmizdə ən müxtəlif peşə sahiblərinə çalışdıqları müəssisələr, qurumlar tərəfindən mənzillər hədiyyə olunur, yaxud toraq, ev sahibi olmaları üçün imkan yaradılır. Alan da, almayan da xeyir-dua verir. Kimsə narazı olsa da belə, bunu biruzə verməməyə çalışır. Çünki ev sahibi olmaq xeyir işdi, xeyir işə də xeyir-dua verərlər. Ata-babalarımızdan belə görmüşük...
Bu kimi məsələlərin ədalətli, yaxud ədalətsiz tərəflərinə toxunmaq istəmirəm. Çünki hansısa təsisatın öz əməkdaşlarına və ya üzvlərinə mənzil hədiyyə etməsi müzakirəyə açıq məsələdir. Məsələn, əgər Azərbaycan Yazıçılar Birliyi üzvlərinin ödədiyi üzvlük haqlarının hesabına kimlərəsə ev versəydi, o zaman ev almayan üzvlər buna etiraz edə bilərdilər. Amma bildiyim qədər, AYB üzvlərinin böyük əksəriyyəti üzvlük haqqını nə zaman ödədiklərini belə unudublar. Təfərrüatını bilmirəm, heç maraqlanmamışam da, amma təxmin etdiyim qədər AYB-nin bəzi üzvlərinə verdiyi evlər dövlətin yaratdığı imkanlar hesabınadır. Dövlət büdcəsi isə vətəndaşların ödədiyi vergilər və Dövlət Neft Fondundan hər il büdcəyə edilən transfetlər hesabına formalaşır. Neft isə xalqın sərvətidir. Kəsəsi, dövlətə az və ya çox vergi ödəyən sahibkar, yaxud vergi ödəyicisi olan istənilən vətəndaş günün birində ödədiyi vergilərin hesabına yazıçılara ev verilməsinə etiraz edə bilər. Amma etmir və etməyəcək də... Heç neft quyuları da havaya neft əvəzinə “yazıçıya ev verməyin” şüarını püskürməyəcək.
O barmaqlarını gözə soxmaq üzrə ixtisaslaşan, fundamental biliyi, savadı olmayan, onun-bunun ağzından havada qapdıqları söz və fikirlərdən dədələrinin malı kimi faydalanan bəzi “aparıcı”lar ki, var, bax, onların əldə etdiklərinin “mayası”nın hansı ünvanlardan tutulduğunu araşdırmaq lazımdır. Sayları da gündən-günə artır. Bunlara “dinamikanı artırın” deyiblər, amma “təkərə düşüblər”, yaxud “qoşulublar” – enerji yığmaq üçün... Peşə etikası – yox, mədəniyyət – qurşaqdan aşağıda. Mütaliələri, savadları, bilikləri isə annotasiya, rezyume səviyyəsindədi...
Problem isə nə mənzil alanlardadı, nə də narazı qalanlarda. Problem meyarda, ölçüdədi... Çünki ölçü və meyarın özü də metoforik və bəlağətli şüarcıqlarla deyil, konkret ölçü vahidləri ilə ölçülə bilən olmalıdı. Sovet dövründə mədəniyyət, incəsənət adamlarının hər gün sağa-sola adladıqları “qırmızı cizgilər”in üzərində “qurban” verdiklərinə haqq qazandırmaq üçün müxtəlif şəxslərin adına çıxdıqları bir deyim vardı: İncəsənət, yaxud ədəbiyyat qurban tələb edir. Sanki bunlardan xahiş edən olub... Nə incəsənət, nə mədəniyyət, nə də ədəbiyyat heç nə tələb eləmir. Binəvaların heç dil-ağızları da yoxdur ki, nəsə desinlər. Mədəniyyəti də, incəsənəti də, ədəbiyyatı da adamlar yaradır! Həm də yaradıcı adamlar! Adam var 50 il sözün arxasında sürünür, nəinki əsəsr, heç 50 yaddaqalan söz yarada bilmir. Söz də qaçaq düşüb beləsinin əlindən...
Əslində lazımı ünvalarda axtarılmayan bəzi sualların cavab çox sadədir: Əgər məşğul olduğun sahəylə həyatını təmin edə bilmirsənsə, o zaman özünə uyğun başqa bir yol seç. Dünyanın heç bir ölkəsində adamı istedadsız, bacarıqsız, qabiliyyətsiz və aciz olduğu üçün mükafatlandırmırlar.
Kollektiv təsərrüfatçılıqla, yəni sosialist təsərrüfat sistemi ilə bazar iqtisadiyyatının bir-birinə calaq edilməsi mümkün olmadığı kimi milli dövlətlərin lokomotivini təşkil edən milli burjuaziyanın baxış bucağını da sosializmin sosial və ideoloji prinsipləri ilə yamamaq mümkün deyil.

Müəllif: Elçin Mirzəbəyli
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)
Geri qayıt