Əsas Səhifə > Partiya, Güney Press > "Hazırkı gedişat Cənab Prezidentin diplomatiyasının növbəti qalibiyyətidir"

"Hazırkı gedişat Cənab Prezidentin diplomatiyasının növbəti qalibiyyətidir"


8-12-2023, 08:15
"Hazırkı gedişat Cənab Prezidentin diplomatiyasının növbəti qalibiyyətidir"
"Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlaması tarixi hadisədir. Hazırkı gedişat Cənab Prezident İlham Əliyevin diplomatiyasının növbəti qalibiyyətidir. Cənab Prezidentin bu təşəbbüsünün regionun və regionda kommunikasiyanın inkişafında misilsiz xidməti olacaq".

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan bundan sonra ən qısa zamanda qarşılıqlı etimad tədbirlərini davam etdirəcək: "Əsrlər sonra Cənubi Qafqazda sülh və sabitlik üçün əməli addımlar atıldı. Bu, tarixdə ilk dəfə baş verdi. Belə ki, Azərbaycan və Ermənistan üçüncü tərəfin vasitəçiliyi olmadan bir-birinə qarşı xoş niyyətlərini etdilər. Sözügedən birgə açıqlama elə bir dönüş nöqtəsi yaradacaq ki, bundan sonrakı bütün nəsillər bu günün əhəmiyyətini daim anacaq".

"Hər iki tərəfin qarşılıqlı olaraq hərbçilərin dəyişdirilməsi ilkin xoş addım kimi qiymətləndirilir. Bu birgə açıqlamanın ən mühüm tərəfi odur ki, tərəflər özləri aralarında razılıq əldə ediblər. Bu bəyanat sülhün ilkin carçısıdır", - deputat əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

Geri qayıt