Əsas Səhifə > Partiya, Güney Press > “Ermənipərəstlərlə ruspərəstlər ABŞ-Azərbaycan münasibətlərini pozmağa çalışır”

“Ermənipərəstlərlə ruspərəstlər ABŞ-Azərbaycan münasibətlərini pozmağa çalışır”


9-12-2023, 10:09
“Ermənipərəstlərlə ruspərəstlər ABŞ-Azərbaycan münasibətlərini pozmağa çalışır”
“ABŞ və Azərbaycan arasında normal münasibətlər inkişaf edəcək. ABŞ bölgədə Azərbaycanın maraqları ilə razılaşmalı və qəbul etməlidir. Son proseslər göstərir ki, münasibətlər artıq qaydasındadır və başqa cür ola da bilməz. Əslində, Amerika-Azərbaycan münasibətlərinin pozulmasında ABŞ-dakı ermənipərəstlər və Azərbaycandakı ruspərəstlər maraqlıdır, onlar buna çalışırlar”.

Bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ABŞ-Azərbaycan münasibətlərindən danışarkən deyib.

S. Cəlaloğlu xatırladıb ki, ABŞ-da cəmi bir dəfə dinləmə olub, kimsə nəsə deyib və nəticə olaraq Konqresdə hər hansı qətnamə qəbul edilməyib: “Bu halda münasibətlərin pisləşməsi barədə düşünmək doğru olmazdı. Bəli, münasibətlərin süni şəkildə pisləşməsinə çalışan qüvvələr idi, lakin onların istəyi alınmadı”.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın Bakı səfərinə də toxunan ADP sədrinin sözlərinə görə, ABŞ istəyir ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalansın, münasibətlər qaydaya düşsün və regionda davamlı sabitlik əldə edilsin. S. Cəlaloğlunun fikrincə, ABŞ diplomatının regiona səfəri ABŞ-Azərbaycan münasibətlərinin inkişafına, həmçinin Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi üçün danışıqlara müsbət təsir göstərə bilər.

Azərbaycanda fevral ayında növbədənkənar prezident seçkilərinin keçiriləcəyindən də danışan partiya sədri deyib ki, belə bir qərar onun üçün gözlənilməz olub: “Açığı, bəzi şəxslər proqnoz verirdilər ki, referendum və ya parlament seçkiləri keçirilə bilər. Amma indi verilən qərarla prezident seçkiləri keçiriləcək. İçi mən daxil, bu, bütün siyasi partiyalar üçün gözlənilməz oldu. Mən bunun səbəblərini bilmirəm, amma ehtimal edirəm ki, bu seçkilərdən sonra Azərbaycan islahatlar istiqamətində böyük addımlar ata, eləcə də xarici siyasətində müəyyən dəyişikliklər edə bilər”.

ADP sədri prezident seçkilərində namizəd kimi iştirak etmək niyyətində olmasa da, “hər şey partiyanın qərarından asılı olacaq”, - deyib: “Biz toplaşıb seçkilərlə bağlı qərar verəcəyik. Əlbəttə, bizim partiya növbəti prezident seçkilərinin 2025-ci ildə keçiriləcəyini nəzərə alaraq ona hazırlaşırdı. Hətta ona hazırlaşmaq üçün böyük vəsait və güc tələb olunur. Təsəvvür edin ki, fevralda seçkiyə daxil olmaq üçün imza yığmalısan. Bunun üçün azı 60 rayona getməlisən. Eləcə də təbliğat mərhələsində rayonlara gedərək insanlarla görüşməli, fikirlərini çatdırmalısan. Qış mövsümündə bunu etmək ikiqat çətindir. Odur ki, son qərarı vermək üçün partiyanın ümumi mövqeyini aydınlaşdırmaq, müzakirələr aparmaq lazımdır”.

Geri qayıt