Əsas Səhifə > Partiya, Güney Press > “Başqan olmağa ən şanslı namizəd Arif Hacılıdır”

“Başqan olmağa ən şanslı namizəd Arif Hacılıdır”


25-02-2014, 10:40
“Başqan olmağa ən şanslı namizəd Arif Hacılıdır”
Müsavat başqanının müavini Gülağa Aslanlı partiyanın növbəti qurultayında mövqeyinin necə olacağını açıqlayıb. “Yeni Müsavat” qəzetinə açıqlama verən Gülağa Aslanlı deyib ki, başqan seçkisi məsələsində indiyə qədər ona ünvanlanan suallara konkret cavab verməyib: “Lakin artıq situasiya bir az dəyişib. Mən görürəm ki, artıq bir çoxları özlərinin namizədliyini və yaxud da öz namizədlərini irəli sürmək haqqında fikirlərini müxtəlif media orqanlarında səsləndirirlər. Mənim də, təbii ki, başqanlığa öz namizədim var. Yalnız o halda öz namizədliyimi irəli sürə bilərəm ki, mənim istədiyim namizəd bu və ya başqa şəkildə namizədliyini irəli sürməkdən imtina eləsin. Bu məsələlər dostlar, həmfikirlər arasında müzakirə olunur.

Mənim fikrimcə, hazırda Müsavat Partiyasının başqanı olmağa namizədlər içərisində ən şanslı namizəd Arif Hacılıdır (o da başqan müavinidir – red.). Arif Hacılı bunu özünün təşkilatçılıq bacarığı, siyasi qabiliyyəti, siyasi iradəsi, insanları öz arxasınca apara bilmək qabiliyyəti ilə, eyni zamanda gənc yaşlarından Azərbaycanın azadlığı uğrunda mübarizədə aktiv iştirakı, gənc yaşında istiqlalçı millət vəkili ola bilməsi ilə sübut edib. İndi mən hesab edirəm ki, əgər Arif Hacılı namizədliyini irəli sürərsə, onu dəstəkləyərəm. Əgər Arif Hacılı namizədliyini irəli sürməzsə, o zaman dostlarla məsləhətləşib öz namizədliyimi irəli sürmək haqqında düşünürəm”.

“Media forum” saytı xatırladır ki, 2001-ci ildə Müsavatın nizamnaməsinə edilmiş dəyişiklik eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayır. Buna görə mayın 24-də keçiriləcək qurultayda indiki başqan İsa Qəmbər namizədliyini verə bilməz. Çünki bu dəyişiklikdən sonra İsa Qəmbər artıq iki dəfə - 2001 və 2006-cı illərdə keçirilən qurultaylarda başqan seçilib.

Geri qayıt