Əsas Səhifə > Partiya, Güney Press > Partiya sədrləri prezidentliyə namizəd olacaq?
Partiya sədrləri prezidentliyə namizəd olacaq?12-12-2023, 14:02 |
Məlum olduğu kimi, gələn ilin 7 fevral tarixində Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Maraqlıdır, hansı partiya sədrləri prezidentliyə namizəd olacaqlar? Bununla bağlı bəzi partiya sədrlərinin mövqeyini öyrəndik. Azərbaycan Xalq Partiyasının (AXP) sədri, sabiq baş nazir Pənah Hüseyn “Cebhe.info”-ya açıqlamasında bu barədə hələ qərar vermədiklərini söyləyib: “Hələ bununla bağlı heç bir qərarımız yoxdur”. Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev isə bununla bağlı hələ ki, partiyanın resursların və imkanların qiymətləndirilmə prosesinin getdiyini deyib: “Çünki partiyamızın imza toplamaq, iştirak etmək resurslarının və qüvvəmizin hansı səviyyədə olduğunu bilməliyik. Hazırda da bununla bağlı işlər aparılır. Yaxın günlərdə partiyamızda toplantı keçiriləcək və seçkilərə namizədlə qatılıb-qatılmayacağımızla bağlı mövqeyimizi açıqlayacağıq”. Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı isə bildirib ki, prezidentliyə namizəd olmaq istəyir: “Biz ilkin olaraq ötən həftənin cümə günü partiyanın İcra Aparatında bu məsələni müzakirə etdik. Bu ayın 13-də isə qərarımızı açıqlayacağıq. Düşünürəm ki, partiya sədri və partiya bütün seçkilərdə iştirak etməlidir. Mən də prezidetliyə namizəd olmaq istəyirəm. Amma təbii ki, bununla bağlı qərarı Siyasi Şura verəcək”. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə də sualımızı belə cavablandırıb: “Təbii ki, bununla bağlı partiyanın ali qurumunun qərarı olmalıdır. Bu məsələ ilə əlaqədar olaraq yaxın günlərdə iclas keçirməyi planlaşdırmışıq. Hazırda seçkidə iştirakımın tərəfdarları və əleyhdarları var. Ona görə də bu məsələ müzakirə olunmalıdır. Bununla bağlı yekun qərarı isə partiyamızın Siyasi Şurası verəcək. Müsbət qərar verilərsə, seçkilərdə iştirak edə bilərəm”. Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev isə prezidentliyə namizəd olmayacağını açıqlayıb: “Bununla bağlı iclas keçirdik və prezidentliyə namizəd olmamağıma qərar verdik. Çünki bu gün Azərbaycanda özünü müxalifət adlandıranlar guya mənə görə seçkiyə qatılmaq istəmədiklərini deyirlər. Onlar deyirlər ki, Hafiz Hacıyev yenidən namizəd olacaq və teledebatlarda bizi söyəcək. Ona görə də bu qınağa tuş gəlməmək və onların yararsız siyasətlərini mənim adımla ört-basdır etmək cəhdlərini neytrallaşdırmaq üçün namizədliyimi irəli sürmürəm. Lakin mövqeyimiz bəllidir. Biz neçə illərdir ki, dövlətçilik üçün çalışırıq və bundan sonra da əvvəlki mövqeyimizdə qalacağıq. Həmçinin, prezident seçkilərində çox fəal iştirak edəcəyik və öz bildiyimiz namizədin yenidən seçilməsi üçün çalışacağıq”. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı isə sualımıza belə cavab verib: “Partiyamızın sədri Qüdrət Həsənquliyev hazırda xarici səfərdədir. O, səfərdən qayıtdıqdan sonra bu məsələyə aydınlıq gətirəcəyik”. Geri qayıt |