Əsas Səhifə > Partiya, Güney Press > "Bizim də orada iştirakımız təmin olunmalıdır"
"Bizim də orada iştirakımız təmin olunmalıdır"16-12-2023, 08:50 |
Gələn həftə - dekabrın 21-də Xankəndində Azərbaycan Kubokunun 1/8 final mərhələsinin bir oyunu keçiriləcək. Matç “Qarabağ”la “MOİK” arasında olacaq. Artıq oyunu canlı izləmək istəyən azarkeşlərin Bakıdan Xankəndiyə yola düşəcəyi dəqiqləşib. Bununla bağlı “Bakı Metropoliteni”nin iş qrafiki də dəyişdiriləcək. Belə ki, dekabrın 21-də Bakı metrosu işinə 06:00-da deyil 04:00-da başlayacaq. Buna səbəb isə “Qarabağ” - “MOİK” matçı üçün azarkeşlərin Xankəndiyə aparılmasıdır. Belə ki, avtobuslar həmin gün səhər saatlarında, daha dəqiq desək, 05:00-da metronun “Koroğlu” stansiyasından Xankəndiyə yola düşəcək. AĞ Partiya başqanı Tural Abbaslı bu tarixi oyunun önəmindən söz açdı: “Təbii ki, Xankəndidə keçirilən futbol oyunu çox önəmlidir. Bu ev sahiblərinin evlərinə döndüyünün mesajıdır. Bunu futbol klubları səviyyəsində nümayiş etdirməyin özü belə dünyaya bir mesajımızdır. Hesab edirəm ki, bu olmalıdır. Bizim də orada iştirakımız təmin olunmalıdır. Hesab edirəm ki, burada təşkilatçılıq məsələsində aidiyyatı qurumlar daha diqqətli olmalıdırlar, insanların ora getmələri filan məsələlərində. İşlərimiz imkan versə, təbii ki, o oyunda çox iştirak etmək istərdik. Burada əsas oyun və oyunun nəticələri deyil, əsas olan məkandır. 30 ildən bir çox zamandan sonra orada Azərbaycan bayraqlarının dalğalanması misli görünməmiş bir hisslər hamımıza yaşadacaq. Biz də maraqlanacağıq və imkan daxilində iştirak etməyə çalışacağıq. Burada aidiyyatı qurumlara müraciət edirik ki, təşkilatçılıq ən yüksək səviyyədə təşkil olunsun”. Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın sözlərinə görə, “Qarabağ”ın oyunları artıq bu stadiona daşınmalıdır: “Bu çox önəmli bir hadisədir. ”Qarabağ"ın orada oyununun keçirilməsi sevindiricidir. Əminəm ki, bu başlanğıc bizim üçün həmişəlik bir proses olacaqdır. Çünki, Xankəndində futbol oyunu illərlə arzuladığımız, bəlkə də gözləmədiyimiz bir hadisədir. Bu oyunu izləməyə gedəcək fədakar insanlarımıza eşq olsun. Çünki, böyük bir tarixi hadisənin şahidi olacaqlar. Bu başlanğıcda iştirak etməyin özü bir şansdır. Çox sevindirici anlar yaşayırıq. Xankəndi stadionu tədricən “Qarabağ”ın stadionuna çevrilməlidir. “Qarabağ” oyunlarını yaxın gələcəkdə bu stadionda keçirməlidir. Bu da bizim üçün sevindirici, qürurverici günlər ola bilər". Deputat Aqil Abbas isə bildirdi ki, bu oyunda iştirak edəcək: “Əvvəllər o stadionda olmuşam. 80-cı illərə təsadüf edirdi. O vaxt ”Qarabağ" bir neçə dəfə həmin stadionda oynamışdı. Orada oynamışıq, qalib də gəlmişik. Gözəl bir stadion tikiblər. Burada əsas olan odur ki, artıq Xankəndi tam olaraq bizimdir. Biz orada oyun da oynayırıq, əllərimizi qaldırıb rəqs də edirik. Bundan böyük önəm ola bilərmi? Mənim üçün bundan sevincli gün ola bilməz. Erməni separatizmi, terrorçular getdi. Möhtərəm prezidentimizin sərkərdəliyi, şəhid və qazilərimizin qəhrəmanlığı ilə Qarabağı işğalçılardan təmizlədik. Azərbaycan 200 ildə görmədiyini həyata keçirdi. İndi bu qələbəni həm də futbol oyunu keçirməklə qeyd edəcəyik. Səhv etmirəmsə, 4 mindən çox azarkeş aparılacaq. İndi kubok oyunudur, gedib baxacağıq, ləzzət edəcək. “Qarabağ”ın Ağdamda öz stadionu olacaq. Avropa oyunlarını artıq orada keçirəcək. Orada bir komanda yaratsalar, bu başqa məsələdir. Öz stadionu olandan sonra Avropa oyunlarını niyə Xankəndində oynamalıdır? Bir sözlə bütün xalqımı bir daha təbrik edirəm, belə tarixi anları yaşadığımız üçün". Azad Vətən Partiyasının sədri Akif Nağının sözlərinə görə, bu təşəbbüsün tarixi mesajları daha çoxdur: “Həm ”Qarabağ" futbol klubumuza dəstək baxımından, həm də meydanda qələbəmizin göstərilməsi üçün çox vacib bir qərardır. Qarabağ son 30 ildə qələbəmizin rəmiz olub. Hər zaman “Qarabağ”ın qələbələrinə sevinmişik, klubumuzla qürur duymuşuq. “Qarabağ” Azərbaycanımızı hər zaman ləyaqətlə, qürurla təmsil etdi, dünyada “Qarabağ” adından söz etdirdi. Xankəndinə bayraq sancılandan sonra bu növbəti addımımız olacaq. Uğurlarımızın davamlı olacağının anonsu olacaq. Həm də bir mesaj veriləcək ki, artıq orada sabitlikdir, futbol oyunu belə oynanılır. Hərtərəfli müsbət bir hadisədir. İştirak etmək çox istəyərdim. Amma açığı hansı formada buna nail olmaq olur bilmirəm. Bu istiqamətdə məlumatsızlıqdır. Bilənlər yəqin ki, müraciət ediblər. Hər halda iştirak barədə düşünəcəm. Çox istərdim ki, partiyamızın nümayəndələri ilə ortada iştirak edək. “Qarabağ”ın Bakıda keçirilən avrokubok oyunlarına soyuq havalarda belə meydandan baxmışam. İndi də həmin ənənəni davam etdirib futbol oyununda iştirak etmək istəyirəm. Bir daha Azərbaycanımıza, futbolumuza uğurlar arzulayıram". İdman yazarı Natiq Muxtarlı isə bu oyunu futbol tariximizin ən böyük oyunu sayır: “Azərbaycan futbol tarixinin ən böyük oyununu izləmək üçün Xankəndiyə gedəcəm. Bu, adi oyun olmayacaq. Azərbaycan futbol tarixinin ən böyük oyunu olacaq Xankəndidə. Qarabağın təmsilçisi ilə Azərbaycan Ordusunun təmsilçisi üz-üzə gələcək. Bunun isə böyük mənası var. Həmin gün Azərbaycan Xankəndidə olacaq - ictimaiyyəti ilə, ordusu ilə. Belə bir tarixi oyunu tribunadan izləmək fürsəti böyük şərəfdir”. İdman mütəxəssisi Kənan Məstəliyev bu oyunda mütləq iştirak edəcəyini söylədi: “Xankəndidə keçirilən oyun çox tarixi bir maçdır. Çünki, 30 ildən çox idi ki, həmin yerlərə azərbaycanlıların, futbolçularımızın ayaqları dəymirdi. Bu baxımdan böyük tarixi əhəmiyyət daşıyacaq. İndi oradan meydana çıxan klublardan biri fəxrimiz, qürurumuz ”Qarabağ" olacaq. Burada adın “Qarabağ” olması həm də simvolik bir məna daşıyır. Eyni zamanda, rəqibin Mərkəzi Ordu İdman Klubu olması 44 günlük savaşda böyük rəşadət göstərmiş ordumuzun da orada olmasının bir mesajıdır. Çox gözəl bir qarşılaşma olacaq. Biz Qarabağın bir hissəsinə deyil, bütün Qarabağa qayıdırıq. Artıq hər kəs ora qayıdıb. Sonda idman qalmışdı, o da qayıdır. Futbolumuzun şahi “Qarabağ”ımız oyununu orada keçirəcək. Böyük fəxr duyulası bir məqamdır. Böyük məmnuniyyətlə orada iştirak edəcəm". Mənbə: “Yeni Müsavat” Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu) Geri qayıt |