Əsas Səhifə > Partiya, Güney Press > Boykot, yoxsa siyasi manipulyasiya?

Boykot, yoxsa siyasi manipulyasiya?


19-12-2023, 08:02
Boykot, yoxsa siyasi manipulyasiya?
Prezident sekiləri elan olunduqdan az sonra siyasi müxalifətə daxil olan dairələrin “mız-mız”ları başladı.

İddia etməyə başladılar ki, seçkilərə az vaxtın ayrılması darmacallıq (SEYTNOT) şəraiti yaradır, bu və ya digər məqamlar əlverişsiz olduğundan guya çox şeyi iqtidarın xeyrinə yönəldilir. Elə bu səbəbdən də seçkilərdə iştirakdan imtina edirik, yəni seçkiləri boykot edirik. Vəssalam, şüttamam...

Elə bil dünənə qədər seçki kəliməsi dillərindən düşməyən, seçki deyib dad döyən, hətta seçki olarsa, qalib gələcəklərini bəyan edən bunlar deyildi.

Bu fikirlər politoloq Qabil Hüseynlinin “Boykot, yoxsa siyasi manipulyasiya?” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik...

******

O da məlumdur ki, boykot taktikası Qərb siyasi texnoloqlarının müxtəlif ölkələrdə uzun illərdir öz maraqlarına uyğun istifadə etdikləri metodlardandır və bu gün də onu təlqin etməkdə davam edirlər. Onlar təxribat xarakterli bu oyunlarla keçirilən seçkilər ətrafında ajiotaj, qarşıdurma meylləri yaratmağa, seçkilərin legitimliyinə kölgə salmağa çaləşrlar.

Yəni bunun prinsipial mövqe deyil, kirli siyasi texnologiya olduğunu, özlərinin siyasi ambisiyalarına xidmət etdiyini görmək o qədər də çətin deyil.

Sizlər yaxşı bilir ki, Prezident İlham Əliyevin hər hansı bir seçkidə alternativi yoxdur. Bu həqiqət çoxlarına bəllidir və açıq surətdə etiraf belə edirlər. Onda qalib Prezident son 200 ildə qazanılmış parlaq hərbi qələbədən və ərazi bütövlüyünün təmin edilməsinin yaratdığı ümummilli əhvali-ruhiyyədən istifadə edib niyə də növbədənkənar prezident sekiləri keçirməsin?!

Bu da bü gün dünyada geniş tətbiq edilən seçki texnologiyasıdır və ölkəmiz ikinci dəfədir ki, bu texnologiyadan istifadə edir. Bunu həm də ölkənin geosiyasi maraqları və bölgədəki vəziyyət tələb edir.

Heç kimə sirr deyil ki, supergüclərin geostrateji maraqları, Ermənistandakı revanşist qüvvələr bölgə üçün, daxili siyasi sabitlik üçün təhdidlər yaratmaqda davam edirlər. Elə beynəlxalq münasibətlərdə özünü büruzə verən bəzi təzahürlər də bizi həmişə ayıq olmağa dəvət edir.

Hamı yaxşı bilir ki, nə Qərb, nə Rusiya, nə də İran Cənubi Qafqazdakı maraqlarından asanlıqla imtina edəcəklər. Bu səbəbdən də onlar seçki prosesinə təxribatlar üçün universal fürsət kimi baxırlar. Kimlərinsə əlində alətə çevrilməmək üçün bəzi sadə həqiqətləri hər bir vətəndaş bilməli, imperialist niyyətlərə qarşı milli maraqların keşiyində dayanaraq hər an, hər dəqiqə əsl vətəndaşlıq mövqeləri nümayiş etdirməlidir.

Gəlin açıq danışaq, Sizin dərdiniz vaxt məsələsi deyil, populyarlıq və reytinq məsələsidir, elektoral baza, etimad məsələsidir. Bunlarla bağlı Sizin ciddi problemləriniz var. 30 ilin müxalifətçisi hər zaman, hər dəqiqə seçkilərə hazır olmalıdır, seçki qurtaran kimi növbəti seçkilərə hazırlaşmalıdır. Aydın hiss olunur ki, problemlərinizi saymaqla qurtarmaz.

Digər qüsurlarınızı demirəm, xalqı hərəkətə gətirə biləcək cazibədar ideyalarınız, ideoloji sistemləriniz, iqtisadi-siyasi xarakterli proqramlarınız çoxdan yoxa çıxıb. Xalqın içərisinə gedə bilmirsiniz, xalqla əlaqələr qırılıb, liderləriniz isə tamamilə nüfuzdan düşüb. Öz aranızda belə səmimiyyət yoxdur. Ən sadə vəziyyətlərdə bir araya gəlib ortaq mövqe belə sərgiləyə bilmirsiniz. Hələ siyasi inteqrasiya, seçki blokları və birlikləri yaratmaq bir yana qalsın...

Axı seçki siyasi partiya üçün böyük fürsət, sağlam rəqabət aparmaq imkanları deməkdir. Siz bu imkanlardan niyə istifadə etmək istəmirsiniz? Məğlubiyyət faciə demək deyil. Bəs Siz seçkilərin monitorinqini necə aparacaqsınız, hər məntəqəyə müşahidəçi yerləşdirə biləcəksinizmi?

Axı Sizlər hər seçkidən sonra hansısa seki pozuntuları haqqında ağızdolusu danıçmağı sevirsiniz. Faktlara söykənməyən fikirlər söyləmək isə siyasi boşboğazlıq, siyasi manipulyasiya deməkdir. Axı bu cür manipulyasiyalar ən yaxşı halda mövcudluğunu qorumaq, zəifliyini gizlətmək üçün yaraya bilər. Siz isə boykota getməklə öz ideyalarınızı (Əgər varsa – müəllif.) necə təbliğ edəcəksiniz, siyasi maarifləndirmə işləri ilə necə məşğul ola biləcəksiniz?

Seçkilərdə siyasi kampaniya aparmaq həm özünütəbliğin, həm də elektoral bazanın genişləndirilməsi və siyasi təcrübəni artırmaq üçün ən yaxşı imkandır. Bəs tez-tez təkrarlamağı sevdiyiniz siyasi mübarizəni harada aparacaqsınız? Bəlkə, gözləyirsiniz ki, hansısa Soros Fondu rəngli inqilablarla yenə də başınızı tovlayacaq, yenə də Sizləri quru yurdda qoyub aradan çıxacaq?

Vaxt seytnotundan çox danışırsınız. Seçkilər tutaq ki, 1 ay gec keçirilsə idi, nə edəcəkdiniz ki?.. Yenə də həmin hamam, həmin tas olmayacaqdı?..

Ona görə də belə təəssürat yaranır ki, seçkini baykot etmək ideyası geosiyasətdən baş çıxarmayan, rəqibi və xalqımızın imkanlarını düzgün qiymətləndirə bilməyən, Qərbə meylli siyasi avantüristlərin beyinlərinin məhsuludur.Bu həm də təsdiq edir ki, ölkədə güclü, özünə güvənən müxalifət yoxdur.

Müxalifət seçkiyə qatılmaqla qələbə uğrunda mübarizə aparmalı, səfərbər olunmalı, seçki kampaniyasının imkanlarından yararlanıb öz ideyalarını yaymalı, problemləri göstərib onun həllinə dair öz təkliflərini təqdim etməli, ən azı növbəti parlament seçkilərinə hazırlaşmalı idi. Siyasi partiya şəraiti özü üçün nə qədər əlverişsiz saysa da seçkiyə qatılmalıdır.

Siyasət mövcud reallıqlar nəzərə alınmaqla onun dəyişdirilməsi uğrunda mübarizə, mümkün olanı əldə etmək sənətidir. Radikallar, sizin boykot siyasətiniz müxalifətdaxili böhranı daha da dərinləşdirəcək, bu düşərgənin olub-qalan nüfuzuna da ağır zərbə endirəcəkdir.

Geri qayıt