Əsas Səhifə > Partiya, Güney Press > Rəsul Quliyev də seçkilərlə bağlı qərarını verdi...
Rəsul Quliyev də seçkilərlə bağlı qərarını verdi...25-12-2023, 08:44 |
Milli Məclisin eks-spikeri, hazırda ABŞ-də yaşayan Rəsul Quliyev növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevi dəstəkləyəcək. “Yeni Sabah” xəbər verir ki, o, bununla bağlı fəxri lideri olduğu Gələcək Azərbaycan Partiyasının (GAP) qurultayına müraciət edib. Eks-spiker partiya üzvlərini İlham Əliyevi dəstəkləməyə çağırıb. Qurultayda onun müraciəti müsbət qiymətləndirilib və GAP-ın seçkilərdə Prezident İlham Əliyevin namizədliyini dəstəkləməsi barədə qərar qəbul olunub. Rəsul Quliyev qurultay iştirakçılarına məktubunda deyilir: “Sizin bugünkü qurultayınız çox əlamətdar bir günə təsadüf edir. 3 il bundan öncə işğal altında olan torpaqlarımız azad edilib. Bu 3 il müddətində Qarabağda 1000 kilometrlərlə yollar çəkilmiş, 2 beynəlxalq aeroport inşa edilmiş, minlərlə ev, yüzlərlə məktəb istifadəyə verilib. İşğalda olan ərazilərin bir hissəsi minalardan təmizlənmiş, minlərlə insanımız öz doğma torpaqlarına qayıtmışlar. Azərbaycanın son bir neçə yüzillik tarixində bu səviyyədə möhtəşəm işlər heç vaxt görülməmişdir. Bütün bunlar olduqca möhtəşəm işlərdir. Şuşa şəhərinin Azərbaycanın mədəniyyət mərkəzi, mədəniyyət paytaxtı adlandırılması və buna münasib gözəl konsertlərin, mədəni tədbirlərin, festivalların, eyni zamanda yığıncaqların keçirilməsi ermənilərə göndərilən ən sərt xəbərdarlıqdır! Bu ərəfədə prezident seçkilərinin keçirilməsi ən düzgün və mühüm addımdır. Prezident İlham Əliyev və onun komandasının apardığı siyasət ölkədə 2024-cü ildən siyasi və iqtisadi reformaların, islahatların başlayacağından xəbər verir. Böyük işlərin astanasında seçkilərin keçirilməsi çox vacibdir, çünki seçilən şəxs xalqın dəstəyini görməli, xalqdan mandat alaraq inamla reformalarını həyata keçirməlidir. Sizin vəzifəniz bu seçkilərin keçirilməsində çox aktiv iştirak etmək olmalıdır. Xalq sizləri bir siyasi qüvvə kimi tanımalıdır. Heç şübhəsiz ki, Prezident Əliyevin həm torpaqlarımızın azad edilməsində, həm Qarabağda tikinti-quruculuq işlərinin aparılmasında böyük rolu danılmazdır. Bunda başqa, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun zirvələrə qaldırılması da Prezident Əliyevin gərgin və səmərəli əməyinin nəticəsidir. Həmçinin mərkəzi Asiya ölkələrinin birləşdirilməsində Prezident Əliyevin xidmətləri çox böyükdür. Ümumiyyətlə müsəlman, türk dövlətlərinin yaxınlaşmasında da prezidentin rolu böyükdür. Mən bu gün Azərbaycanı daha da yüksəklərə qaldıra bilmək potensialına malik olan İlham Əliyevi dəstəkləyəcəyəm! Sizləri də onun namizədliyini dəstəkləməyə çağırıram. Bu gün Azərbaycanda heç kimin İlham Əliyevə qalib gəlmək şansı yoxdur. Ancaq bununla yanaşı öz namizədliyini irəli sürənlərə qarşı da tolerantlı olmaq lazımdır. Xanımlar və Bəylər eyni zamanda Sizləri üzümüzə gələn yeni ilinizi təbrik edirəm. Sizlərə işinizdə və şəxsi həyatınızda uğurlar arzulayıram…” – məktubda qeyd edilib. R. Quliyev eyni zamanda partiyanın qərarını sosial şəbəkədə paylaşaraq yazıb: “Mən onu seçdim, bəs siz?” Geri qayıt |