Əsas Səhifə > Partiya, Güney Press > “Dedilər ki, əlində olan-qalanını seçkiyə xərcləyib sonra ac qalacaqsan...”
“Dedilər ki, əlində olan-qalanını seçkiyə xərcləyib sonra ac qalacaqsan...”27-12-2023, 10:19 |
Deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev 7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar prezident seçkisində namizəd olaraq iştirak etmək istəyir. Razi Nurullayev seçki iddiasını ortaya qoyması və digər məsələlərlə əlaqədar “Yeni Müsavat”ın suallarını cavablandırıb. - Razi bəy, seçkidə iştirak təşəbbüsü öncə kimdən gəldi? 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərində də namizəd olmuşdunuz. Amma o zaman fərqli bir durum idi. - Milli Cəbhə Partiyası üçün seçkidə iştirak həm də siyasi həyatda qalmaq anlamına gəlir. Əgər siyasi partiya müxtəlif bəhanələrlə seçkidə dalbadal iştirak etməkdən imtina edərsə, həm öz üzvlərinin, həm də xalqın gözündən düşür və beynəlxalq ictimaiyyət qarşısında da hörmətini itirir. Məsələn, Əli Kərimli seçkiləri boykot etdiyini elan edib, lakin hələ görməmişəm ki, normal bir təşkilat və ya şəxs onun bu qərarına haqq qazandırsın. Hətta zamanında dostu olmuş və dəstək vermiş adamlar da ondan üz döndərib. Çünki boykotla iş bitmir. Boykotun arxasında hansı planlar dayanıb? “A”, “B” planı varmı? Heç bir plan yoxdur. Onun üçün də boykot gülünc qərardır. Qarşıdan bələdiyyə və parlament seçkiləri gəlir. Bu məntiqlə o seçkilərdə də iştirak etməyəcəklər. Etsələr, səbəbini nə ilə izah edəcəklər? Deyəcəklər ki, indi seçki mühiti yaxşıdır? Gərək qərarlarda məntiq olsun. Milli Cəbhə Partiyası seçkidə qələbə üçün mübarizə aparacaq, amma biz də təbii ki, real vəziyyətin iqtidar partiyasının namizədinin xeyrinə olduğunu bilirik. Amma bu, o demək deyil ki, biz əlimizi-qolumuzu sallayıb məğlubiyyətlə barışmalıyıq. Seçki bir prosesdir, reallıq öncədən görünə bilər, amma proses canlı olduğuna görə ruhdan düşmək olmaz. Digər tərəfdən isə ölkədə prezidentliyə namizəd olub mübarizə aparmaq və öz proqramlarını xalqla bölüşmək gələcək qələbələr üçün cığır aça bilər. - Səmimi deyin, qərarınızı verərkən hakimiyyət düşərgəsindəki dostlarınız, həmkarlarınızla da məsləhətləşdinizmi? - Hakimiyyətdə tanıdıqlarım var, çünki deputatam və hakimiyyətin bir qolunda təmsil olunuram. Ancaq daha çox məsləhətləşdiyim kənar qüvvələr idi. Hər kəs dedi ki, “özünü yorma, nə sənin, nə də digərlərinin heç bir şansı yoxdur”. Bəzisi zarafat etdi ki, əlində olan-qalanını seçkiyə xərcləyib sonra ac qalacaqsan. Ətrafımda məsləhətləşə biləcəyim adamlar çoxdur və fikirlər aşağı-yuxarı eyni oldu. Sonunda partiya iştirak qərarı verdi. Sonra bəzi dostlar zəng edib narazılığını etdi ki, iştirak edəcəkdinsə, bizim fikrimizi nəzərə almayacaqdınsa, niyə bizimlə uzun-uzadı məsləhətləşirdin? Açığını deyim ki, bəzi dostları başa düşməkdə çətinlik çəkirəm. Məsləhətləşmək öhdəlik götürmək deyil ki... Hər zaman öz şəxsi fikrim olub və əyri, yoxsa düz öz yolumla getmişəm. Amma kor-koranə yox, reallıqları və vəziyyəti real olaraq qiymətləndirib, addımlayıram. Gərək reallığın içindən ən yüngülünü və ziyansızını seçəsən. -Keçən seçkilərdən sonra Prezident İlham Əliyev namizədlərə, rəqiblərinə təşəkkür etmişdi. O zaman bildirilirdi ki, namizədlərin təklifləri diqqətdən kənarda qalmayacaq. Sizin hansısa təklifləriniz müsbət həllini tapdımı? - Təklif etmişdim ki, hər bir ailəyə Neft Fondundan dövlət nəzarəti və biznes plan çərçivəsində öz kiçik biznesini qurmaq üçün 10 min manat ayrılsın. Bu layihə bu və ya digər şəkildə ailə özünüməşğulluq şəklində həyata keçirilir. Digər təkliflərin həyata keçməsi barədə məlumatım yoxdur. - Yəqin ki, seçki platformanız var. Əsas hədəfləriniz nədir? -Milli Cəbhə Partiyası sosial-demokratiya ideoloji xəttinə malik partiyadır. Milli Cəbhə Partiyası sosial demokratiya ideologiyasını ona görə seçdi ki, o, kapitalizmin yaratdığı sosial bərabərsizliyi kompensasiya edə bilsin. Kampaniyamızda da bu, əsas hədəflərdən biri olacaq. Milli Cəbhə Partiyası kasıbların partiyası, Razi Nurullayev də onların namizədidir. Yəni Razi Nurullayev xalqın adamıdır. Biz sosial demokratlar kapitalizmin səbəb olduğu bərabərsizlik və ədalətsizlikləri demokratik sistem içində qəbul edilə bilən səviyyəyə salmağı hədəfləyirik. Sadə dildə desək, bizim partiya üçün bu, o anlama gəlir ki, əgər bir nəfərin savadı, bacarığı yoxdursa, o digərlərindən on dəfələrlə aşağı səviyyədə yaşamamalıdır. Biz sosial demokratlar üçün hər bir vətəndaşın ləyaqətli yaşayışı önəmlidir. Bunun üçün hər bir vətəndaşın pulsuz təhsil alması, bütün növ tibbi xidmətlərə malik olması, pulsuz peşəyə yiyələnməsi dövlətin təməl borcudur. - Razi bəy, maraqlıdır, seçici olaraq özünüz kimə səs verəcəksiniz? - Razi Nurullayev namizəd Razi Nurullayev Qulaməli oğluna səs verəcək. - Seçkinin müəyyən mərhələsində namizədliyinizi geri götürə, hansısa namizədi dəstəkləyə, yaxud hansısa iddialılarla koalisiya şəklində hərəkət edə bilərsinizmi? - Hələ ki, buna səbəb və lüzum görmürəm. Amma seçki canlı prosesdir. Bəzən elə bir seçki vəziyyəti yetişir ki, məcburən, ya da məntiqə söykənib yeni qərarlar qəbul etməli olursan. Ciddi təlatümlər və dəyişkənlik görmürəm, onun üçün də yəqin ki, dediyiniz məsələlərə zərurət yaranmayacaq. - Razi bəy, ötən seçkidəki platformanızı bir daha oxudum. Qeyd olunub ki, “Azərbaycan ”Nüvə silahının yayılmaması haqqında" müqavilədən imtina edir və eyni zamanda, Qoşulmama Hərəkatından çıxdığını bəyan edir. Bununla da məhdudlaşdırıcı hərbi hüquqlardan imtina edərək, Azərbaycan hərbi əməliyyatların keçirilməsi ilə bağlı üstünlük hüququ əldə edir". Eyni zamanda Pakistanla bağlı fikirləriniz var idi. Yeri gəlmişkən, Pakistanla nüvə əməkdaşlığı barədə fikirləriniz birmənalı qarşılanmadı və uzun illər müzakirələrə səbəb oldu. Ötən seçki platformasındakı bu məqamlara korrektələr olacaqmı? - 2018-ci ildə dediyim fikirlər yerinə düşüb. Qarabağ probleminin həlli üçün kənar qüvvələrin təsirindən qorunmaq üçün Azərbaycan elə silaha malik olmalı idi ki, heç kim onu təzyiqlə haqq yolundan döndərə bilməsin. İran ona görə nüvə silahına malik olmaq istəyir ki, heç kim onu məhv etmək dili ilə danışmasın. Bu gün Qərb ona görə Rusiyaya tam təzyiq göstərə və Ukraynaya lazım olan silahları verə bilmir ki, Rusiyanın nüvə silahı və digər öldürücü arsenalı var. Mən də ona görə Pakistanın nüvə silahının Azərbaycanda yerləşdirilməsini istəyirdim ki, ölkəmizə barmaq silkələyən ölkələrə biz də barmaq silkələyək. Bu yolla Qarabağımızı azad edib, suverenliyimizi bərpa edək. Bu gün dünyanı idarə edənlər gücü olanlardır. Beynəlxalq hüquq və normalar sadəcə güc tətbiqinə və sanksiyalara haqq qazandırmaq üçündür. Ümumiyyətlə isə tam olaraq nüvə silahına qarşıyam. Bütün qırğın silahlarının məhvini istərdim. İstərdim ki, bütün xalqlar sülh və əmin-amanlıq içində yaşasınlar. Müharibələr və münaqişələr heç bir xalqa xeyir və bərəkət gətirmir, sadəcə fəlakətlərə düçar edir. Bu gün Azərbaycan dövləti sülh gündəliyini müzakirə edir və sülhə sadiq ölkədir. Mən də sülhün və dinc yanaşı yaşamanın tərəfdarıyam və birmənalı yolumuz budur. Amma bizə təcavüz edənlərə və etmək istəyənlərə qarşı da silahımız gərək hazır olsun. - Yeni namizədlər ortaya iddia qoyub. Namizədlərin sayının artmasından narahat deyilsiniz ki? Ümumən nə qədər seçici səsinə iddialısınız? - Hər kəsin namizəd olmaq hüququ var və bundan narahat deyiləm. Bir çoxlarına namizəd olmaq asan gəlir, amma inanın ki, onun məsuliyyət yükü o qədər ağırdır ki, adamın belini bükür. 2018-ci il seçkilərində xeyli qocaldım, dünyam dəyişdi. Səs sayını deyə bilməyəcəm, amma əgər namizəd qalib olmaq istəmirsə, demək hədəfi yanlışdır. Yenə də deyim ki, gərək hədəf düzgün seçilsin, birinci olmasan da, sonrakı mərhələlərdə böyük zəfərlər səni gözləyə bilər. Geri qayıt |