Əsas Səhifə > Partiya, Güney Press > “Namizədlərə bərabər şərait yaradılacağına əminəm”

“Namizədlərə bərabər şərait yaradılacağına əminəm”


30-12-2023, 08:37
“Namizədlərə bərabər şərait yaradılacağına əminəm”
2024-cü ilin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisinə namizədlərin irəli sürülməsi mərhələsi davam edir. Mərkəzi Seçki Komissiyasının namizədliyinin irəli sürülməsini təsdiqlədiyi şəxslərdən biri Prezidentliyə namizədliyi müstəqil olaraq özü tərəfindən irəli sürülən Arzuman Abdulkərimovdur. Namizədin səlahiyyətli nümayəndələri İlqar İlkin və Elnur Məmmədli, Seçki Qərargahının sədri isə Mübariz Göyüşlüdür.

Prezidentliyə namizlədliyini irəli sürmüş Arzuman Abdulkərimov "Sherg.az"a açıqlamasında deyib ki, 2020-ci il Vətən müharibəsindən və 2023-cü ildəki antiterror tədbirlərindən Azərbaycan dövlətinin qarşısında yeni üfüqlər açıldı. Bu da öz növbəsində ölkəmizdə yeni dönəmin başlaması deməkdir. Onun sözlərinə görə, yeni dönəmdə ortaya çıxan çağırışlar özü ilə yeni siyasi-ictimai konfiqurasiyalara, çalışmalara ehtiyac yaradıb. Növbədənkənar seçkilər də ölkəmizin qarşısında yaranmış yeni çağırışlara cavabdır:
"İctimai-siyasi fəaliyyətlə 30 ilə yaxındır məşğulam. Həmçinin qeyri-hökumət təşkilatının sədriyəm və siyasi şərhçi kimi fəaliyyət göstərən müstəqil siyasətçiyəm. Növbədənkənar prezident seçkiləri çox tarixi bir məqamdır. Ərazi bütövlüyü təmin olunmuş Azərbaycanda prezident seçkiləri ilk dəfə keçiriləcək. Tanıdığım yaxın insanlarla, siyasətçilərlə məsləhətləşdikdən sonra bu tarixi seçkidə iştirak etmək qərarına gəldik. Bu prosesə qoşulmaq mənim üçün böyük qürurdur. Ölkəmizdə çox gözəl seçki mühiti var və namizədlər üçün bərabər hüquqların yaradılacağına əminəm".

A.Abdulkərimov vurğulayıb ki, İlham Əliyevin nüfuzu, reytinqi pik həddədir və bunu heç kəs dana bilməz:
"44 günlük Vətən müharibəsi, torpaqlarımızın azadlığı, antiterror tədbirləri, paralel olaraq xarici siyasətdəki uğurlar cənab Prezidentin seçkilərin favoriti olduğunu göstərir. Amma digər namizədlər də var və bu seçkini namizədlər arasında keçirilən bir yarış hesab etmək olar. Siyasi partiyalar, müstəqil namizədlər öz reytinqlərini, elektoratlarını müəyyənləşdirmək imkanı əldə edəcəklər. Siyasətçinin işi mümkün seçkilərə qatılmaqdır. Seçkilərdə iştirak etməklə mesajlar veririk, perspektiv üçün nüfuz qazanırıq. Siyasətlə məşğul olan şəxs seçkinin nəticəsindən asılı olaraq öz elektoratını müəyyənləşdirə bilir. Səsvermədən sonra olan nəticələr əsas verir ki, bundan sonrakı siyasi fəaliyyətini ona uyğun qursun. Eyni zamanda parlament seçkilərində iştirakla bağlı bir təcrübədir. Seçkilərdə təcrübəm var, məqsədim bu təcrübəni daha da dərinləşdirməkdir".

Həmsöhbətimiz əlavə edib ki, imzatoplama mərhələsindən sonra namizədliyi qeydə alınarsa, o zaman platformanı açıqlayacaq.

Geri qayıt