Əsas Səhifə > Partiya, Güney Press > "Statut söhbəti isə özündə növbəti manipulyasiyanı, spekulyasiyanı ehtiva edir"

"Statut söhbəti isə özündə növbəti manipulyasiyanı, spekulyasiyanı ehtiva edir"


12-01-2024, 09:21
"Statut söhbəti isə özündə növbəti manipulyasiyanı, spekulyasiyanı ehtiva edir"
Ermənistan hesab edir ki, Azərbaycanla danışıqlar əvvəllər olduğu kimi Qərb platformalarında davam etdirilməlidir.
Bu barədə Ermənistan parlamentinin Xarici əlaqələr daimi komissiyasının rəhbəri Sərkis Xandanyan deyib.

“Artıq formalaşmış danışıqlar formatlarını davam etdirmək bizim üçün çox vacibdir. Vaşinqtonda xarici işlər nazirlərinin görüşləri, eləcə də Avropa Birliyinin vasitəçiliyi ilə ölkə liderləri arasında danışıqlar formatı formalaşdırılıb. Bu, danışıqlara legitimlik əlavə edir”, - o bildirib.

“Çox yaxşı başa düşürük ki, sülh müqaviləsi çoxdan imzalana bilərdi. Ermənistan rəhbərliyi Azərbaycanla hər hansı ciddi sənədin imzalanmasını ləngidir”.

Bunu isə rusiyalı politoloq Dmitri Solonnikov deyib.

“Paşinyan hesab edir ki, onun üçün sənədlərin imzalanması status-kvonun yekun təsdiqi və Ermənistanın məğlubiyyətinin hüquqi tanınması olacaq. O zaman baş nazir olaraq, Nikola artıq nə ölkə daxilində, nə də xarici kuratorların ehtiyacı olacaq. Azərbaycan səbirlə Ermənistanla sülh sazişi imzalamaq üçün ona rahat olan şərtləri gözləyir. Bakı tələsmir və danışıqlar prosesində vasitəçilərə ehtiyac yoxdur. Hər halda Azərbaycan təklif etdiyi beş prinsip əsasında sülh sazişi imzalamağa çoxdan hazırdır. Ermənistan hakimiyyəti böyük ehtimalla mövcud vəziyyətə uyğun hərəkət edəcək”, - o bildirib.

Ekspert deyib ki, rəsmi İrəvan bir tərəfdən Azərbaycanla hərtərəfli sülhün vacibliyindən danışır, bir tərəfdən də gələcək sülhə təhlükə yaradan həmləyə hazırlaşır: “Belə ki, Ermənistanın ədliyyə naziri Qriqor Minasyan mətbuat konfransında bildirib ki, Ermənistan Roma Statutu vasitəsilə Azərbaycana qarşı "hərbi cinayətlərin araşdırılmasına" çalışacaq. Erməni nazirin sözlərinə görə, Ermənistanın istintaq orqanları Azərbaycana qarşı proseslərə beynəlxalq prokurorları cəlb edəcək. Deməli, Ermənistan bir tərəfdən Azərbaycanla sülh sazişi imzalayacaq, digər tərəfdən beynəlxalq səviyyədə bizə qarşı iddialar qaldıracaq. Bu, sülh deyil, növbəti qarşıdurmanın anonsudur.

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev bütün bunların kökündə ən çox bir səbəb görür: “Ermənistan hər zaman ağalarının dili ilə danışıb və bu səbəbdən də sülh kontekstində onların heç bir fikri, şərhi, yanaşması ciddi qəbul edilə bilməz. Daha dəqiq desəm: bunlar öz siyasi baxışlarında hərdəmxəyallığı və qeyri-ciddiliyi artıq sanki prioritetə çeviriblər. Ona görə də hər gün bir şey danışırlar, hər keçən dövrdə fərqli mülahizələr irəli sürürlər, hər dönəmdə ayrı havaya girirlər. Bilirsinizmi niyə? Bir daha təkrarlayıram: çünki müstəqil deyillər. Asılıdırlar. Ağalarından təlimat və tapşırıq gözləyirlər. Ermənistan hələ də anlamır ki, gecindən də olsa müstəqil subyekt kimi çıxış etməyin zamanıdır. Bunun üçün isə iki tərəf oturub söhbət etməlidir və öz arasında razılığa gəlməlidir. Zatən Azərbaycan tərəfinin də əsas tələbi və istəyi məhz budur. Bir tərəfdən deyir ki, sülh sazişi imzalayaq, o biri tərəfdən Roma statutundan danışır. İndi biz hansına inanaq? Sülh müqaviləsi problemin əbədi bitməsi anlamına gəlir, statut söhbəti isə özündə növbəti manipulyasiyanı, spekulyasiyanı ehtiva edir. Yəni bunlar tam fərqli istiqamətlərdir və belə olan halda ortalığa ritorik suallar çıxır: sülh istəyirsənsə statut nədir? Statutun dalınca qaçacaqsansa, sülh nədir?

Əlqərəz, görünən budur ki, Ermənistan yenə öz ampluasındadır və bunların başa düşdüyü dil elə yalnız “dəmir yumruq” dilidir. Gərək kvartalda, mövsümdə azı bir dəfə həmin yumruğun effektini görsünlər və üzərlərində hiss etsinlər ki, ağılları başlarına gəlsin. Vəssalam. Başqa yol yoxdur. Xoş dil, mədəni üslub bunlarlıq deyil. Qalıblar Fransanın və şeytan bilir daha kimlərin əlində. Adlarını isə müstəqil qoyublar. Daş düşsün belə müstəqilliyə. Özün öz iradənlə bir qərar qəbul edə bilməyəcəksənsə, neynirsən dövlət olmağı, gerbə, bayrağa, himnə sahib olmağı? Get Fransanın rəsmi əyalətinə çevril, biz də işimizi bilək də".

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli erməni tərəfin buradakı niyyətini bu cür ifşa etdi: “Nə sülh? Ermənistanın sülhlə bağlı heç bir normal yanaşması yoxdur. Sonuncu dəfə Rusiyadakı görüşdə sərgilədikləri mövqe sülhə yaxınlaşma mesajları kimi yozulurdu. Bu da, sadəcə, Rusiya-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində Paşinyanın atdığı növbəti gediş idi. Dərhal da Azərbaycan tərəfə sülh danışıqları kontekstində təklif etdilər ki, sərhədlərdən paralel şəkildə qoşunları geri çəkək. Biz orada çoxsaylı şəhidlər vermişik, savaş aparmışıq. İndi hansı təhlükəsizlik tədbiri qeyd olunur ki, bu formada qoşunları geri çəkmək təklif edilir. Bu da heç cür doğru yanaşma kimi qəbul oluna bilməz. Bu həm də Birləşmiş Ştatların bu danışıqlar üzrə nümayəndəsinin gəlişi ərəfəsində baş verib. Bütün bunlar da bilavasitə növbəti dəfə açıq şəkildə Ermənistanın sülh deyil, Rusiya platformasını sabotaj etmək və defakto Kremli oyundankənar vəziyyətə salıb, yenidən Qərb platformasını həyata keçmək istəyinə bağlıdır. Hər iki platforma arasında toqquşma yaratmaq niyyəti açıq güdülür. Bir sözlə, erməni tərəfin hədəflədiyi sülh müqaviləsi deyil. Burada təkcə sizin qaldırdığınız məsələ deyil. Başqa məsələlər də var”.

Politoloq Fuad Heydər Ermənistanın təhlükəsizliyinin qarantiyasının iki ölkə olduğunu qeyd etdi: “Bu gün Azərbaycanla Ermənistan yekun sülh müqaviləsinə olduqca yaxın görünsə də, qəbul etməliyik ki, Ermənistan tərəfi prosesi süni şəkildə uzatmaqda maraqlıdır. Erməni rəsmilər ziddiyyətli açıqlamalar verir və yaxud da prosesə cidd-cəhdlə Qərbin bəzi ölkələrini daxil etmək istəyirlər. Bəzi ölkələr dediyimiz də xüsusilə Fransadır. Fransanın iştirakını biz qətiyyətlə rədd edirik. Çünki rəsmi Paris prosesin həllini deyil, daha da qızışdırılmasını, bu vasitə ilə də Cənubi Qafqaza gəlməyi hədəfləyir. Bütün bunlar isə bir daha onu deməyə əsas verir ki, yekun sülh sənədi Azərbaycanın durmadan təklif etdiyi təkbətək səviyyədə daha real görünür. Ermənistanın bu addımlarının arxasında ayrı bir məsələ də var. Belə ki, rəsmi İrəvan sülhlə bağlı qarantyor axtarır. Ancaq anlamaq istəmir ki, Ermənistanın təhlükəsizliyinin qarantiyasını, sadəcə, Azərbaycan və Türkiyə verə bilər, nəinki okeanın o tayında olan ölkələr.

Digər bir vacib məsələ isə Ermənistanın silahlanma məsələsidir. Sual yaranır ki, bütün bunlar kimə qarşıdır? Sülhə hazırlaşan ölkənin nəyə görə durmadan silahlanma kimi bir qayğısı olsun ki? Hesab edirəm ki, cənab Prezidentin son açıqlamasında qeyd etdiyi kimi, bizə qarşı hər hansı təhlükə hiss edəriksə, buna səssiz qalmayacağıq".

“Yeni Müsavat”

Geri qayıt