Əsas Səhifə > Partiya, Güney Press > “Müsavatda başqanlığa namizədlərin sayı artacaq”
“Müsavatda başqanlığa namizədlərin sayı artacaq”1-03-2014, 11:51 |
Müsavat Partiyasının qurultayının vaxtı yaxınlaşdıqca başqanlığa namizədlər də bəlli olur. Belə ki, artıq Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Divan üzvləri Qubad İbadoğlu, Tural Abbaslı, İkram İsrafil və Məclis üzvü Səxavət Əlisoy artıq başqanlıqla bağlı namizədliklərini irəli sürəcəklərini bildiriblər. Namizədlərin çox olması partiya daxilində pərakəndəlik yaradacaqmı? Məsələ ilə bağlı Hafta.az-a açıqlama verən politoloq Qabil Hüseynli hesab edir ki, bu barədə öncədən fikir bildirmək çətindir: “Müsavat başqanlığına namizədlərin sayı çoxdur. Getdikcə də onların sayının artması gözlənilir. İndidən parçalanma barəsində danışmaq çətindir. Ancaq deyə bilərəm ki, bu namizədlər uzun müddət partiyada çiyin-çiyinə çalışıblar. Demək olmaz ki, ciddi münaqişələr olacaq”. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirir ki, artıq Müsavat Partiyasının dağıdılmasının vaxtıdır: “Müsavat Partiyasının üzvlərindən bir hissəsi bizim partiyaya qoşulub, digər bir hissəsi də başqa partiyalara qoşulublar. Sadəcə olaraq funksionerlər bu partiyanı əldə saxlamaqla, xaricdən aldıqları qrantların müddətini artırmaq istəyirlər. Arif Hacılı, İsa Qəmbər və digər Müsavat funksionerlərinə məsləhətim budur ki, yaxşı olar ki, gedib başqa partiyalara qoşulsunlar. Çünki onların xalq arasında artıq heç bir nüfuzu qalmayıb. Bəlkə orada uğur qazana bildilər”. Qeyd edək ki, Müsavat Partiyası mayın 24-də qurultay keçirməyi planlaşdırır. Geri qayıt |