Əsas Səhifə > Partiya, Güney Press > "Bəlli oldu ki, hüquqların və azadlıqların, ədalətin carçısı deyil.."
"Bəlli oldu ki, hüquqların və azadlıqların, ədalətin carçısı deyil.."26-01-2024, 08:15 |
Avropalı parlamentarilər Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini sual altına alaraq, nümayəndə heyətinə qarşı ağlasığmaz ittihamlarla çıxış ediblər. AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti qurumla əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumu tərketmə səbəblərindən danışıb. O deyib ki, belə bir şəraitdə bu qurumda işləmək, bu qurumda qalmaq, onlarla danışmaq, onlarla məsələləri müzakirə etmək tamamilə mənasızdır: "20 il bu təşkilatda biz öz maraqlarımızı müdafiə etdik, nümayəndə heyətinin bu qurumla konstruktiv işləməsi üçün hər şeyi etdik. Amma görürsünüz ki, bu məclisdə necə ikili standartlar hökm sürür, necə lobbiçilik, korrupsioner, misantrop fəlsəfə hökm sürür. Buna görə də, bu gün nümayəndə heyəti insan hüquqları ilə bağlı problemlərin həlli üçün prinsipial olaraq paylaşdığımız dəyərlərə bu cür yanaşan məclis nümayəndələri ilə işləməyəcəyi barədə bəyanat verdi”. Məlum olduğu kimi, 2020-ci ildəki İkinci Qarabağ müharibəsi və 2023-cü ildə birgünlük antiterror əməliyyatından sonra Cənubi Qafqazda yeni geosiyasi reallıq yarandı. Bu reallıqların müəllifi rəsmi Bakıdır. Məhz 44 günlük döyüşlərdən və antiterror əməliyyatından sonra Azərbaycan regional və qlobal oyunçu kimi öz gücünü bir daha göstərdi. Bu isə çox keçmədən beynəlxalq müstəvidə qıcığa səbəb oldu. Beynəlxalq təşkilatlar, o cümlədən AŞPA istər-istəməz “maskasını” çıxarmalı oldu. Məsələnin absurd tərəfi orasındadır ki, Ermənistana “vəkillik” edən AŞPA Azərbaycan torpaqlarının 30 il işğal altında qalmasına, habelə dini və mədəni abidələrimizin dağıdılmasına, törədilən vandallıqlara heç bir reaksiya verməyib. Beynəlxalq təşkilat kimi Avropa Şurasının (AŞ) əsas vəzifələrindən biri də dünyada sülh və sabitliyin qorunmasına xidmət etməkdir. AŞPA isə bu qurumun əsas təsisatlarından biridir. Amma tarixi təcrübə göstərdi ki, AŞ və AŞPA öz işini layiqincə icra edə bilmir. Qeyd edək ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasının və AŞPA-nın tamhüquqlu üzvü olub. Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında deyib ki, AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqeyi, əslində, həqiqəti əks etdirməyən məsələlərlə bağlı ölkəmizi ittiham etməsi yolverilməzdir. Deputatın sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin səlahiyyətinin məhdudlaşdırılması ilə bağlı alınan qərar həm AŞPA-nın nizamnaməsinə, həm də beynəlxalq hüquqa ziddir: "Nəticə etibarı ilə AŞPA hüquqların və ədalətin təminatçısı olaraq yaradılmış təşkilat olmasına baxmayaraq, daim Azərbaycanın hüquqları üzərində təzyiq qurub, onun suveren hüquqlarını məhdudlaşdırmağa çalışıb. Xüsusən Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra AŞPA Azərbaycan üzərində islamofob mərkəzlərin bir təzyiq alətinə çevrilib. Ona görə də düşünürəm ki, AŞPA-da fəaliyyət göstərən nümayəndə heyətimiz doğru qərar qəbul edərək qurumun qərəzli mövqeyi qarşısında öz fəaliyyətini qeyri-müəyyən müddətə dayandırdı. Nəticə etibarı ilə AŞPA Azərbaycanı ittiham etməklə həm də regionda sülhün əldə olunmasına maneçilik törədir. Bununla da, bir növ Makronun bəyan etdiyi "Fransa Ermənistanı xilas edəcək" tezisinə xidmət göstərmiş olur". Parlamentari vurğulayıb ki, AŞPA-nın ofisi Fransanın Strasburq şəhərində yerləşir: "Fransa dövlətinin və Avropadakı islamofob mərkəzlərin təzyiqi AŞPA-nın davranışlarında özünü aydın göstərir. Hələ Azərbaycana qarşı mövqeyinə qədər AŞPA üzvü olan bəzi deputatların müxtəlif ölkələrdən aldıqları maliyyə dəstəyi müqabilində beynəlxalq hüququ, ədaləti heçə sayaraq bu dövlətlərin lobbiçiliyini etmələri AŞPA-da qeyri-hüquqi və qeyri-mənəvi mühitin xəbərçisi idi. Əslində, Azərbaycana qarşı bu cür davranışları ilə AŞPA özünü ifşa etmiş oldu. Bəlli oldu ki, hüquqların və azadlıqların, ədalətin carçısı deyil, sadəcə olaraq Avropadakı islamofob dairələrin əlində bir alətdir. O baxımdan Azərbaycan nümayəndə heyəti öz qərarı ilə qalib ölkənin qürurlu vətəndaşları kimi davrandılar". Geri qayıt |