Əsas Səhifə > Partiya, Güney Press > Sərdar Cəlaloğludan 7 fevral proqnozu:
Sərdar Cəlaloğludan 7 fevral proqnozu:31-01-2024, 15:36 |
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun “Yeni Sabah”a müshaibəsi: - Fevralın 7-də prezident seçkiləri keçiriləcək. Sizin partiyanız bu seçkilərdə iştirak etməyəcək. Görünən odur ki, ADP hazırda tamamilə siyasi arenadan təcrid olunmuş vəziyyətdədir. “Kölgə”yə çəkilməyinizə səbəb nədir? - Biz bu seçkilərdə öz namizədimizlə iştirak etmədiyimiz üçün aktiv fəaliyyət göstərmirik. Amma ümumi şəkildə nümayəndələrimiz müşahidəçi kimi qeydiyyata alınıblar və biz onlara imkan vermişik ki, şəxsi qaydada simpatiya bəslədiyi liderlərə dəstək versinlər. Partiyanın öz namizədi olmadığına görə, namizədi olan partiyalardan fərqli olaraq biz bu seçkilərdə aktiv iştirak edə bilmərik. - 7 fevral seçkiləri ilə bağlı siyasi çevrələrdə və cəmiyyətdə çoxlu gözləntilər var. Siz bu seçkilərdən nə gözləyirsiniz? Mən seçkilərdən ciddi nəticə gözləmirəm. Yəni status-kvo saxlanılacaq və İlham Əliyev yenidən prezident seçiləcək. Çünki namizədlərin içərisində düşündüyümüz kimi ciddi, alternativ və İlham Əliyevdən fərqlənən bir namizəd yoxdur. Bu baxımdan, fikrimcə, hər şey eyni olacaq. - Prezident seçkiləri idarəetmədə hansı dəyişikliklərə yol aça bilər? - Məncə, bu, heç bir dəyişikliyə yol açmayacaq. Mənim belə bir gözləntim yoxdur. Düşünürəm ki, Azərbaycan ətalət üzrə inkişaf edəcək. - Konstitusiya islahatları barəsində də tez-tez danışılır. Sizcə, bu, realdırmı? - Azərbaycanda gedən indiki proseslərə baxanda deyilənlərin olma ehtimalı 0-a yaxındır. Əgər fundamental islahatlar nəzərdə tutulsaydı, indidən bununla bağlı hakimiyyətdə və cəmiyyətdə ciddi dəyişikliklər, aktivlik olardı. Lakin proseslərin gedişatı mənə bunu deməyə əsas verir ki, deyilənlərin heç biri həqiqətə uyğun deyil. Yəni nə idarəetmədə dəyişiklik olacaq, nə də digərlərində. Ola bilsin ki, bəzi vəzifəli şəxslər işdən çıxarılacaq, lakin onların prinsipi, xarakteri və mahiyyəti dəyişməyəcək. Geri qayıt |