Əsas Səhifə > Partiya, Güney Press > “AŞ PA öz saxta sanksiyasını, kiçik bir qrupun maraqlarına xidmət edən qərarını ləğv etməlidir”
“AŞ PA öz saxta sanksiyasını, kiçik bir qrupun maraqlarına xidmət edən qərarını ləğv etməlidir”3-02-2024, 09:54 |
“Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq”. Bunu Prezident İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən deyib. Prezident Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini vurğulayaraq bildirib ki, bu, ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu deyən dövlət başçısı diqqətə çatdırıb ki, nümayəndə heyətimizin hüquqları bərpa olunmayacağı təqdirdə Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq. Bu, Prezidentin AŞ PA-nın qış sessiyasındakı məlum qərarı barədə ilk açıqlaması, sərt reaksiyasıdır. Yəni ümumən Qərbə ünvanlanıb. Bəs AŞ PA-nın Bakının xəbərdarlığına cavabı nə olacaq? “Daşları” nə vaxt yığmağa başlayacaqlar? Bunu həm də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirakdan tam imtinanın anonsu saymaq olarmı? Deputat, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin və Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Asim Mollazadə “Yeni Müsavat”a deyib ki, Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi qəbuledilməzdir: “Azərbaycanla bu formada danışmaq olmaz. Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi, təbii ki, bizim bu təşkilatda qalmağımızı istisna edir. Oradakı fəaliyyətimiz mümkünsüz hala gətirilib. Bu baxımdan onlar öz saxta sanksiyalarını, kiçik bir qrupun maraqlarına xidmət edən qərarlarını ləğv etməlidirlər. Bundan sonra biz əməkdsaşlıq məsələsinə baxa bilərik”. Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Musavat”a deyib ki, Azərbaycan müstəqillik qazanandan sonra Avropa Şurasının üzvü olub və o dövrdən 2020-ci ilin sentyabrına qədər münasibətlər normal idi: “Azərbaycanın qələbəsini həzm edə bilmədilər. Qarabağ məsələsi ilə bağlı 2020-ci ildə Vətən müharibəsi başlayana qədər 2 yanaşma vardı. Rusiya istəyirdi ki, mümkün qədər münaqişə uzansın, problem həll olunmasın. Həll olunmamış münaqişə üzərindən Azərbaycana və Ermənistana nəzarət etsin. Qərb isə istəyirdi ki, münaqişəni Ermənistanın xeyrinə həll etsin və Azərbaycanı ərazi itkisinə razı salsınlar. Bu planlar Azərbaycanın şanlı qələbəsi ilə pozulub və bunu həzm edə bilmirlər. Bu şəkildə Azərbaycana təzyiq göstərirlər. Azərbaycan çox düzgün mövqe tutub. Bu gün bizim Avropa Şurasında bu şəkildə olmağımızla olmamağımız arasında elə də ciddi bir fərq yoxdur. Bu qurumlar faktiki olaraq ölkəmizə təzyiq vasitəsi kimi istifadə olunur. Azərbaycanın daxili işlərinə qarışırlar”. Partiya sədri deyib ki, bütün bunlara baxmayaraq Azərbaycanla Avropa Şurası arasında bu şəkildə qarşıdurma yaranması arzuolunan deyil: “Azərbaycanın suveren hüququna müdaxilə edirlərsə, öz iradələrini diqtə etməyə çalışırlarsa, Azərbaycan da öz qərarını verməlidir. Açıq-aşkar qərəzli mövqedən çıxış edirlərsə, heç bir əsas olmadan Azərbaycan nümayəndə heyətinin mandatını dayandırırlarsa, Azərbaycanı ümumiyyətlə bu qurumlarla fəaliyyətinə yenidən baxmağa sövq edirlər”. Partiya sədri deyib ki, Azərbaycan baş verənlərə adekvat addımlarla cavab verməlidir: “Hesab edirəm ki, baş verənlərə adekvat reaksiya verməklə yanaşı Avropa qurumlarından tam təcridolma məqsədə uyğun deyil. İmkan daxilində münasibətlər saxlanılmalıdır”. Geri qayıt |