Əsas Səhifə > Partiya, Güney Press > "Ya icra hakimiyyətlərinin səlahiyyətləri artırılmalı, ya da bələdiyyə sistemi canlandırılmalıdır"
"Ya icra hakimiyyətlərinin səlahiyyətləri artırılmalı, ya da bələdiyyə sistemi canlandırılmalıdır"3-02-2024, 10:57 |
Sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində tez-tez yerli icra orqanları və bələdiyyələrin fəaliyyətindəki çatışmazlıqlarla bağlı şikayətlərin şahidi oluruq. Vətəndaşların əksəriyyəti icra hakimiyyətlərinin müraciət və şikayətlərə etinasız yanaşmasından gileylənir. Xüsusən növbədənkənar prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasının gedişində namizədlərin bəziləri bu cür problemləri debatlarda dilə gətirib. Mövzu ilə bağlı prezidentliyə namizəd və millət vəkili Fazil Mustafa Yenisabah.az-a danışıb. Namizəd icra hakimiyyətlərinin səlahiyyətlərinin aşağı olduğunu və problemin bundan yarandığını qeyd edib: “Bu məsələdə bir az təzadlı mövqelər var. Bunu icra hakimiyyətinin üzərinə yükləmək də olar, amma icra icra hakimiyyətinin müəyyən dərəcədə bu problemi həll etməməsinin səbəblərini doğru aydınlaşdırmaq lazımdır. Əslində, icra orqanlarının səlahiyyətləri faktiki olaraq çox aşağı səviyyədədir və bu icra hakimiyyətini müəyyən dərəcədə "günah keçisi" kimi göstərməyə çalışırlar. Halbuki kifayət qədər vicdanlı icra hakimləri də var və onlar cəmiyyətin, insanların problemlərinin həlli istiqamətində çalışırlar. Amma səlahiyyət məhdud olduqdan, xüsusi fond olmadıqdan sonra nə etmək olar? İcra hakimiyyəti asfalt çəkmək üçün mütləq hansısa aiddiyyəti qurumla danışmalı, həmin qurumdan xahiş etməlidir. Ona görə bu çıxış yolu deyil”. Fazil Mustafa idarəetmə sisteminin kökündən dəyişdirilməli olduğunu deyib. “Ya icra hakimiyyətlərinin səlahiyyətləri artırılmalı, ya da bələdiyyə sistemi canlandırılmalıdır. Əgər bu icra qurumlarının fəaliyyəti lazımsızdırsa, o zaman yeni idarəetmə modeli barədə düşünmək lazımdır. Dövlət orqanlarının çevik çalışması istiqamətində addımları genişləndirmək lazımdır. Hələki bu istiqamətdə arzuolunan vəziyyət müşahidə olunmur. Ona görə də düşünürəm ki, idarəetməni tamamilə yeni formada qurmağa ehtiyac var”. Geri qayıt |