Əsas Səhifə > Partiya, Güney Press > Razi Nurullayevin görüşünə insanlar məcburi gətirilib?

Razi Nurullayevin görüşünə insanlar məcburi gətirilib?


5-02-2024, 12:02
Razi Nurullayevin görüşünə insanlar məcburi gətirilib?
7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürən Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Şamaxıda seçicilərlə görüşdə problem yaşaması, dövlət müəssisələrində çalışanların görüşə məcbur gətirilmələri barədə iddialara aydınlıq gətirib.

R.Nurullayev Pravda.az-a açıqlmasında deyib ki, bu, gözügötürməyənlərin, işbilməzlərin, ləkə yaxmaq istəyənlərin, qəlbi nifrətlə, ən pis niyyətlərlə dolu olan insanların təxribatıdır.

“Onlar yalnız və yalnız nəsə axtarırlar ki, problem tapsınlar, problem yaratsınlar. Gedib haradasa kimisə tapırlar, bəlkə də, kimisə öyrədirlər ki, mikrofona bu şəkildə danış. Onların işi yalnız təxribata əl atmaqdır. Əminəm, özləri əvvəlcədən o adamlara deyirlər ki, bu cavabı ver. Ya da elə adam tapırlar ki, heç aidiyyatı yoxdur. Hamısını təxribat şəklində törədib düşmənçilik aparırlar. Onlar yalnız Razi Nurullayevə qarşı yox, dövlətə qarşı da, Azərbaycana qarşı da düşmənçilik edirlər. Düşmən qüvvələrdir. Mən, ümumiyyətlə, onları qeyri-ciddi insanlar hesab edirəm. Heç bilmirəm ki, xəbəri kim yayıb, nə deyiblər. Sözün açığı, xəbərsizəm. Amma dəxli yoxdur, kim yayıbsa, nə edibsə, deməli, onun məqsədi yalnız və yalnız seçkilərə ləkə gətirməkdir. Bu, namizədləri ləkələmək anlamına gəlir”, - o bildirib.

Geri qayıt